aliyev-munich

Əliyevin “kürü diplomatiyası” Avropanı qarışdırıb

AŞ PA-da norveçli deputatın Azərbaycan üzrə məruzəçi olmasının qarşısı necə alınıb?

Azərbaycan hakimiyyəti xarici siyasətdə tətbiq etdiyi “kürü diplomatiyası” ilə zaman-zaman beynəlxalq mediada müzakirə predmeti olur. Azərbaycandakı avtoritar rejimə qarşı beynəlxalq tənqidlərin qarşısını almaq üçün istifadə olunan bu üsul eyni zamanda, hakimiyyətlə əlbir olan beynəlxalq işbazları da hədəfə çevirir. Bu dəfə italiyalı jurnalist Luka Zanoni bu mövzunu araşdıraraq, hazırladığı məqaləni “Avropa, Azərbaycan və kürü” başlığıyla yayımlayıb:

Azərbaycan hökuməti üçün kürü təkcə yeməli məhsul deyil…

Bu yaxınlarda Azərbaycanda keçirilən prezident seçkisini ATƏT müşahidəçiləri “indiyədək izlədikləri ən pis seçki” kimi qiymətləndirdilər. Amma Avropa Parlamentinin italiyalı deputat Pino Arlakkinin rəhbərlik etdiyi nümayəndə heyəti bu seçkini “azad və şəffaf” hesab etdi.
Bizim təhlilimizin nəticəsi isə belədir: Bu, kürü diplomatiyasıdır!
Kürünün kifayət qədər baha (1 kiloqramı təxminən 1500 avro) olduğunu nəzərə alsaq, bu məhsul həmişə dəbdəbə simvolu olub. Son vaxtlar isə bəzi ölkələr üçün diplomatiyada “inandırıcı arqumentə” çevrilib. Azərbaycan tarixən dünyada ən yaxşı kürü istehsalçılarından biri kimi tanınır. Son illərdə isə kürü ilə əlaqəli özünəməxsus diplomatik fəaliyyətilə fərqlənir.
Ötən ilin mayında “Avropa Stibillik Təşəbbüsü” Araşdırma Mərkəzi “Kürü diplomatiyası – Azərbaycan Avropa Şurasını necə susdurdu” adlı hesabat yaydı. Hesabatda Azərbaycanı Avropa dəyərlərinə və demokratik standartlara yaxınlaşdırmalı olan, lakin son nəticədə, bu ölkədə əsas hüquq və azadlıqların məhdudlaşdırılmasına, seçkilərin saxtalaşdırılmasına kürü qarşılığında Avropanın göz yummasından bəhs olunur.
“Əlbəttə, bu addımları atan Azərbaycan hökumətini Avropa Şurası Parlament Assambleyasında müdafiə edənlərin heç də hamısı bunu maddi marağa görə etmirdi. Başqa faktorlar, o cümlədən geosiyasi amillər də rol oynayırdı. Amma AŞ PA-nın öz dəyərlərindən geri çəkilməsində korrupsiyanın rolunun olduğunu göstərən xeyli əlamətlər var”, – deyə “Avropa Stabillik Təşəbbüsü”nün hesabatında bildirilir.
Sənəddə o da qeyd olunur ki, “kürü diplomatiyası” 2001-ci ildə Azərbaycanın Avropa Şurasına daxil olmasından sonra başlayıb. Bu siyasət Ilham Əliyevin 2003-cü ildə prezidentliyindən sonra daha da sürətlənib. 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan boru xəttinin tikintisi başa çatandan sonra Azərbaycanın dövlət büdcəsi neft gəlirlərilə dolub, “kürü siyasəti” var gücü ilə inkişaf edir.

Avropa Şurası Azərbaycan haqda fikrini dəyişir

2005-ci ilin noyabrında keçirilən parlament seçkiləri Azərbaycanın Avropa Şurasının daimi üzvü kimi qalması baxımından əhəmiyyətli idi. Çünki insan hüquqları və demokratiyanı əsas dəyərləri elan etmiş bu qocaman təşkilatın üzvünün əsas öhdəliklərindən biri məhz azad və ədalətli seçki keçirmək idi.
Amma ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun, həmçinin Avropa Şurası Parlament Assambleyasının məruzəçisi Andreas Qrossun bu seçki barədə mənfi rəyinə baxmayaraq, AŞ PA Azərbaycanı cəzalandırmamaq qərarı verdi. Azərbaycan üzrə həmməruzəçilər bu ölkədəki seçkini tənqid etdiklərinə görə AŞ PA üzvlərinin bir çoxu tərəfindən dəfələrlə basqılara məruz qalıblar.
2009-cu ildə AŞ PA-da norveçli deputat Liz Kristoffersenin Azərbaycan üzrə məruzəçi təyin olunması məsələsi gündəmə gəlib. AŞ PA-da Azərbaycan hökumətinə yaxın qüvvələr birləşərək, bu təyinatın qarşısını alıblar.
“Zaman-zaman özünü göstərən, amma ümumilikdə, gizli fəaliyyət göstərən şəbəkə mənim Azərbaycana məruzəçi təyin olunmağımın qarşısını aldı. Söhbət Azərbaycan hökumətinin norveçli məruzəçini qətiyyən istəməməsindən gedirdi. Bunun da səbəbi aydındır. Çünki Norveçlə Azərbaycan arasındakı bütün görüşlərdə biz Azərbaycanda insan hüquqları sahəsindəki problemləri qaldırırıq”, – deyə AŞ PA-nın norveçli üzvü bildirib.
2010-cu ildə Azərbaycanda keçirilən parlament seçkilərini “Avropa Stabillik Təşəbbüsü” Avropa Şurasına üzv ölkələrdə müşahidə olunan ən saxta seçki kimi dəyərləndirdi.
Bu il oktyabrın 9-da isə Azərbaycanda prezident seçkisi keçirildi. 2009-cu ildə Konstitusiyaya dəyişikliklərdən sonra bir şəxsin ardıcıl iki dəfədən artıq prezidentliyinə qoyulan qadağa aradan qaldırıldı və Ilham Əliyevə yenidən namizəd olub, 84,5 faiz səslə üçüncü dəfə prezident olmaq imkanı yaradıldı. Hərçənd, Konstitusiyaya həmin dəyişikliyin özü də Avropa Şurası və Venesiya komissiyası tərəfindən tənqid olunaraq, demokratik dəyərlərin şübhə altına alınması kimi dəyərləndirilmişdi.
Oktyabrın 10-da ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosundan Tana de Zuluetanın rəhbərlik etdiyi uzunmüddətli (3 aylıq) müşahidə missiyası bu seçki ilə bağlı rəyini açıqlayaraq bəyan etdi, Azərbaycandakı prezident seçkisi ifadə, sərbəst toplaşma, birləşmə azadlıqlarının pozulduğu, namizədlərə bərabər imkanlar yaradılmadığı şəraitdə keçib. Bu cür mövqe AŞ PA-nın və Avropa Parlamentinin həmin seçki barədə rəyinə kəskin şəkildə zidd idi. Cəmi 4 gün bu ölkədə olmuş təşkilatlar bəyan edirdi ki, “azad, ədalətli və şəffaf seçkinin şahidi olublar”. Avropa strukturlarının yekdil rəyə gələ bilməməsi ilk dəfə idi və qalmaqala səbəb oldu. Avropa Ittifaqının komissarları Ketrin Eşton və Ştefan Füle də Avropa Parlamentinin müşahidə missiyasının rəyini nəzərə almadı. Onların birgə bəyanatında ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun rəyinə istinad olunurdu.

Utancverici missiya

Seçkidən bir həftə sonra pərtlik yarandı. Avropa Parlamentinin xarici məsələlər komitəsi Arlakkinin rəhbərlik etdiyi nümayəndə heyətinin seçkiyə verdiyi müsbət rəyi müzakirəyə çıxartdı. Parlamentdəki Yaşıllar Qrupu Avropa Parlamentindən olan müşahidə missiyasının rəyini sərt tənqid etdi. Onlar ATƏT-in müşahidə missiyasına rəhbərlik etmiş xanım Tana de Zulueta ilə görüşdülər.
“Avropa Parlamentinin müşahidə missiyası vəziyyətə real qiymət verməməklə etimadı itirir. Eyni zamanda, insan hüquqları, demokratiya, qanunun aliliyi kimi dəyərlər uğrunda mübarizə aparan təşkilat kimi Avropa Parlamentinin nüfuzuna çox ciddi zərbə vurur”, – deyə Verner Şults bildirib.
Qalmaqal bununla bitmədi. “Avropanın səsi” geniş bir məqalə hazırlayaraq, Avropa Parlamentinin seçkini müşahidə missiyasına daxil olan deputatların əvvəllər də Bakıda səfərdə olduqları, onların Azərbaycan hökumətilə əlaqələri barədə məlumatları yayımladı. Məqalədə “seçki səyahətindən zövq alan deputatlar”ın siyahısı açıqlandı. Məlum oldu ki, səfərləri Almaniyada fəaliyyət göstərən və “Almaniya-Azərbaycan əlaqələrinin Inkişafı Cəmiyyəti” adlanan təşkilat maliyyələşdirib. Bu təşkilat Azərbaycan hökumətinin maraqlarına xidmət edir.
“Təəccüblü deyil. Məlumdur ki, Avropa Parlamentinin müxtəlif üzvlərinin Azərbaycanın ”biznes siyahısında” adları var. Yəni, bahalı hədiyyələr, səyahətlər, dəbdəbəli otellər və s.”, – deyə Avropa Parlamentindəki mənbə bu mövzu ətrafında fikirlərini bölüşüb. Mənbə onu da gizlətmir ki, bahalı bayram hədiyyələri, o cümlədən kürü adətən Brüsseldəki ofislərə gəlib çatır.
Oktyabrın 23-də Avropa Parlamentinin bu ölkədəki vəziyyətə dair qəbul etdiyi qətnamə Azərbaycan hökumətini özündən çıxartdı. Qətnamədə ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun rəyinə əsaslanaraq, Azərbaycanda prezident seçkisinin yenə də ATƏT standartlarına cavab verməməsi, seçkinin ifadə və toplaşma azadlıqlarının pozulduğu şəraitdə keçməsindən təəssüf ifadə olunurdu. Eyni zamanda, hökumətə ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun bəyanatındakı tövsiyələri təcili yerinə yetirmək çağırışı da yer almışdı.
Bu qətnaməyə Azərbaycan hökuməti dərhal reaksiya verdi. Ilham Əliyevə yaxın deputat olan, eyni zamanda Azərbaycanın “AvroNest”dəki nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin sədri Martin Şultsa sərt məktub ünvanladı. Avropa Parlamentini “Azərbaycanda təxribat törətmək, ölkəni Liviya, Suriyaya çevirmək cəhdində” ittiham edən Süleymanov “AvroNest” Parlament Assambleyasında fəaliyyətini dayandırmaqla hədələyirdi.
Avropa Parlamentinin üzvü, liberal Qraf Lamsdorff deyib ki, Almaniyada fəaliyyət göstərən və Azərbaycan hökumətilə əlaqələrdə günahlandırılan QHT-nin bütün Avropadan 120 nəfərin Bakıya səfərini maliyyələşdirməsi onun üçün son dərəcə təəccüblüdür. Onların arasında avropalı deputatlar da olub: “Bu hadisə də bir daha ”kürü diplomatiyası”nın gücünü göstərir”.

Siyasət şöbəsi