“Mandat alveri” işində adı keçən Türkiyəli iş adamı Elşad Abdullayevi ittiham və təhdid etdi
“Mandat alveri” olayında adı hallandırılan, mərhum Sevinc Babayevanı Türkiyədə himayə edən iş adamı Səlcuq Ağlayana noyabrın 18-də bəraət verilib. Üzərində cinayət işi olan, həbs edilməsə də, ölkədən çıxışına yasaq qoyulan iş adamı barəsində həmin gün sayca dördüncü məhkəmə keçirilib və bəraət qərarı verilib.
S.Ağlayan “Yeni Müsavat”a müsahibəsində bu qərarı günabhsızlığının sübutu, ədalətin qələbəsi kimi dəyərləndirib.
Azərbaycana gəlməsinin mümkünlüyü barədə suala cavabında S.Ağlayan deyib ki, gəlmək istəyərdi, amma burada nəzarət altına alınmağı, saxlanmağı təhlükəsinidən ehtiyat edir. “Başqa bir şeyi bəhanə gətirib, mənə problem yarada da bilərlər, mən bunu göz önünə almışam”, – deyə o qeyd edib.
Türkiyəli iş adamı Azərbayanda Gülər Əhmədovanın işi üzrə istintaqı və ABU-nun keçmiş rektoru Elşad Abdullayevi ittiham edib: “Məsələn, Emzar Qocayev (Gülər Əhmədovanın işini aparan müstəntiq – red.) mənə deyirdi ki, sizinlə heç bir problemimiz yoxdur. Sadəcə Gülər Əhmədovanın adını, onu tanıdığınızı bizə deyin. Əks halda, biz sizin hər bir işinizi araşdıracağıq. Mən də ona dedim ki, birincisi, belə bir iddia doğru deyil. İkincisi də mən öz ölkəmdəyəm, bu ölkədə də demokratiya var, təhdidləriniz heç bir işə yaramayacaq, təhdidlə heç nəyə nail ola bilməzsiniz. Mən sadəcə bunu anlamıram: Elşad necə bir gücdür ki, orda prokurorlara, hakimlərə bir sözü ilə istədiyini elətdirir? Çox güman ki, onların hamısının kasetləri var onun əlində, ona görə də onları istədiyi kimi yönləndirə bilir, hakim ədası ilə prosesi yönləndirir də deyə bilərik. Hətta mənim haqqımda “qatil” deyib. Mənim qatil olmadığım üzə çıxdı. Elşad Abdullayev özü qatil olduğu üçün qarşısındakı insanları da qatil hesab edir. Amma Türkiyənin hüquq-mühafizə orqanları mənimlə bağlı ən incə nöqtəyə qədər araşdırma apardılar. Sübut edildi ki, mən sırf insani nöqteyi-nəzərdən bu işdə olmuşam, mərhum Sevinc Babayevaya yardım etmişəm. Amma sizin istintaqdakı insanlar şahidlərə qorxu, hədə, hətta fiziki zorla istədiklərini dedizdirirlər”.
S.Ağlayan G.Əhmədovanı müdafiə edərək, onun günahsızlığına inandığını deyib və E.Abdullayevə qarşı əlavə ittihamlar səsləndirib: “Mən Gülər Əhmədovanı tanımıram, onun özü, məhkəməsi barədə sizin mediada yer alan yazıları oxuyuram. Qənaətimə görə, onun heç bir günahı yoxdur. Suçu olan insan gedib Fransada oturub. Mən belə başa düşünürəm ki, Gülər Əhmədova da öləcək. Elşad Abdullayev Fransadan, media vasitəsilə ona o qədər psixoloji təzyiq göstərəcək ki, ürəyi dözməyib öləcək. Çünki eyni hadisələr Sevinc Babayeva ilə bağlı da baş vermişdi. O da bənzər psixoloji təzyiqlə İstanbula gəlmişdi, Elşad Abdullayev hər gün ordan bir bəyanat verir, kasetlər yayırdı. Sevinc xanımın ürəyi buna dayanmadı axırda. Təəssüf ki, biz o zaman bunun fərqində olmamışdıq. Amma indi də Gülər xanımın ürəyi partlayacaq. Çünki Elşad Abdullayev bu işin professorudur. Anladığım qədər ilə əlində hamının kaseti var. İstədiyi ilə oynayır, istədiyini təhdid edir”.
S.Ağlayan üzərinizdən xaricə çıxma yasağı götürüləndən, barənizdəki cinayət işi bağlanandan sonra maraqlı məlumatlar açıqlayacağı barədə vədi ilə bağlı suala cavabında deyib ki, bunun üçün 15 günlük müddətin keçməsi lazımdır. “Ondan sonra Azərbaycan ictimaiyyəti, xalqı məndən bir şeylər gözləsin. Xüsusən də Elşad Abdullayev”, – deyə o bildirib.


