Tahir Süleymanov: «Yayılan xəritə reallığı əks etdirmir və Bərzani belə mənasız məsələlər haqqında düşünmür»
Məsud Barzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyası Azərbaycanın əksər şəhərlərini “Böyük Kürdüstan” xəritəsinə salıb. Kürdüstan Demokratik Partiyasının rəsmi facebook səhifəsində yayılan xəritədə bütün Qərbi Azərbaycan əyaləti, Şərqi Azərbaycanın bir sıra şəhərləri, azərbaycanlılar yaşayan Bicar, Gürvə, Sonqur şəhərləri, Həmədan əyaləti, Naxçıvan və bir sıra başqa şəhərlər daxil edilib.
Həmçinin iraqlı soydaşlarımızın yaşyan Kərkük vilayəti, Türkiyənin böyük hissəsi və başqa ərazilər də xəritəyə daxil edilib. Xəritə 500 min kvadrar kilometr ərazini əhatə edir və hazırda həmin bölgədə 55 milyon əhali yaşayır. Sadəcə xəritəyə daxil olan əzəli Azərbaycan şəhərlərində milyonlarla azərbaycanlı yaşayır. Belə xəyali Kürdüstan təşkil edildiyi halda 25 milyon türk, ərəb, assuri, erməni, kəldani və başqa millətlər öz ərazilərindən didərgin düşməli olacaq. Kürd terroristləri və onların dövlət başçıları belə hərəkətlərlə azərilər başda olmaqla bölgə əhalisinə qanlı müharibə mesacı verirlər.
Bu yaxınlarda Bərzani ilə görüşmüş “Diplomat” qəzetinin baş redaktoru, kürd əsilli Azərbaycan vətəndaşı Tahir Süleymanovun “Böyük Kürdüstan” xəritəsi barədə mövqeyini öyrəndik. Tahir Süleymanov bildirdi ki, belə bir xəritənin tərtib edilməsi qeyri-ciddi haldır və Məsud Bərzaninin məqsədi, siyasəti bu deyil: “Bu gün Borçalı mahalı, Zəngəzur, Qarabağ, Dərbənd işğalçıların tabeliyi altındadır. Bu işğallara qarşı heç nə edə bilməmişik. Indi, kimsə bir gizli xəritə tərtib etməklə nəyə nail ola bilər? Bu kiminsə şəxsi təşəbbüsüdür, reallığı əks etdirmir. Bu hansısa jurnalistin təşəbbüsüdür və mənasız bir addımdır. Kərkük, Mosul və digər problemlərin olduğu halda, Məsud Bərzani özünə yeni problem yaratmaz. Ümumiyyətlə, belə fikirlər Bərzaninin düşüncəsinə ziddir. Kürdlərin böyük problemləri var və Məsud Bərzani bu problemlərin həllinə çalışır. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Bərzaninin son görüşündə də sülh, demokratiya, barış məsələləri müzakirə olundu və xalqlarımızın mədəni inkişafı istiqamətində təkliflər səsləndi. Məqsəd müsəlmanların səmimi birliyinə nail olmaq və inkişafın təmin etməkdir. Ona görə də hansısa xəritəni ciddi qəbul edib, süni problemlər yaratmağa ehtiyac yoxdur”.
Ilham Hüseyn


