Qəzetlər aksiyalara başlayır

Bu gün qəzet redaktorları və yayım sektoru nümayəndələri “Yeni Müsavat” qəzetinin redaksiyasında qəzetlərin yayım problemləri ilə bağlı toplantı keçirib.
Toplantıda “Azadlıq”, “Bizim Yol”, “Bizim dövr”, “Elita Press”, “Yeni Zaman”(“Novoye Vremya”), “Gündəm Xəbər” və “Futbol+” qəzetlərinin rəhbərləri və nümayəndələri, habelə yayım sektorunun təmsilçiləri iştirak edib.
Tədbirdə son durum və ondan çıxış yolları müzakirə olunub.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib ki, qəzetlər üçün vəziyyət heç vaxt indiki qədər kritik olmayıb: “Metroda qəzet satışına əngəl yaradılması ümumən qəzet sektorunu çökdürmək məqsədi daşıyır. Bu sektorda hər kəsin hüquqları və ruzisi təhlükə altındadır. “Yeni Müsavat” və “Azadlıq” qəzetləri yaranmış vəziyyətdən müvəqqəti çıxış yolu olaraq abunə marafonu keçirib. Bu marafon isə qəzetlərin bir neçə ay nəfəs almasına imkan verəcək”.
“Azadlıq” qəzetinin məsul katibi Elşən Şirinov isə metroda qəzet satışının tamamən əngəllənməsinin əldə yayıma hər hansı təsir göstərməsi ilə maraqlanıb. Yayımçılar əldə yayım satışında müsbət bir irəliləyiş olmadığını bildiriblər. Onlar həmçinin metro stansiyaların girişində, pilləkənlərdə dayanıb qəzet satmağın da mümkünsüzlüyünü deyiblər: “Orda dayanan kimi polislər gəlib qovurlar. Metronun içində isə nəinki qəzet, heç kitab satışına da icazə verilmir. Oxumaq adına hər şey qadağan olunub. Qəzetlərdən boşalan piştaxtalarda isə narkotik və qəzetdən başqa hər şeyin satılmasına icazə veriblər. Məhz belə deyiblər: qəzet və narkotikdən başqa nə istəyirsiz satın. Hər ikisini eyniləşdiriblər”.
“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov dediyib ki, satışa məhdudiyyətlər yaradılmasa, qəzetin tirajı 20 minə qədər arta bilər, çünki tələbat var.
Toplantı iştirakçıları aparılan müzakirələri ümumiləşdirərək, tədbirin sonunda aşağıdakı qərarları qəbul ediblər:
1. Qəzetlərin yayımına yaradılan süni əngəllərlə bağlı dövlət başçısı İlham Əliyevə ünvanlanacaq müraciət hazırlamaq.
2. Bakı Metropoliteninin qarşısında yayımçıların və media nümayəndələrinin iştirakı ilə piket keçirmək, bununla bağlı indidən Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmək.
3. İlham Əliyevə ünvanlanacaq müraciəti hər gün, cavab verilənə qədər qəzet səhifəsində, qəzetlərin saytında yayımlamaq.
4. Noyabrın 26-da, saat 15.00-də, Mətbuat Şurasının binasında geniş tərkibli toplantı keçirib, qurum rəhbərliyini növbəti dəfə yaranmış problemlə tanış etmək, bundan çıxış yollarını birgə müzakirə etmək.