Asqırmayın, öskürməyin!

Təəssüf ki, Rusiyanın təzyiqləri nəticə verir və çox güman ki, Avropa Birliyi ilə assosiativ sazişi hədəfə alan Vilnüs sammiti region üçün nəyisə dəyişə bilməyəcək. Azərbaycanın da ondan kənarda qalacağına artıq şübhə yoxdur. Amma hər dəfə belə həssas “geopolitik dövrlərdə” və xüsusən də “Azərbaycan üzünü hara tutmalıdır?” sualını eşidəndə gülmək istəyirəm. Bilirəm ki, ciddi mövzudur, təkcə Vilnüs zirvəsindən söhbət getmir, Rusiyanın Gömrük Ittifaqına aid çox sayda mülahizələrlə də üz-üzəyik. Amma yenə də gülməyə bilmirəm…

Variantlara bir-bir baxın – dürlü-dürlü, rəngbərəng: Azərbaycan ora üz tutur və ya bura üz tutur, yaxud hər yerə üz tutur, ya da heç yana üz tutmur… 

Amma özünə, öz xalqına, öz vətəndaşına üz tutmayandan sonra nə fərqi var bunların? Adam az qalır desin, bundan bizə nə, ondan bizə nə? Onu da bilirəm ki, dərhal inad edəcəksiniz: bu məsələ ölkənin gələcəyini həll edir, ciddi məsələdir, bizim nicatımızı müəyyən edir. Qoy belə olsun! Amma olurmu?

Elə mən özüm də Avropaya inteqrasiya tərəfdarıyam, Azərbaycanın bu istiqamətdə addımlarına tərəfdaram uzun illərdir. Rusiya ilə Ittifaqı ciddi saymıram, Rusiyadan ziyandan başqa da heç nə gözləmirəm və təsəvvürümdə belə Azərbaycanı oralarda ifadə etmirəm. Ona görə də, Vilnüs sammitində Azərbaycanın “Şərq Tərəfdaşlığı”na qoşulmasını vacib sayıram. 

Dərhal da yadıma düşür ki, bir zamanlar Azərbaycanın Avropa Şurasına girməsini Vilnüs sammiti kimi gözləyirdik. Əvəzində isə oğru bir hakimiyyət geopoltikanı hakimiyyəti qorumaq üçün tutarlı bir alətə çevirdi. Qərblə Rusiyanın arasında rəqs və manevrlər edirlər, hakimiyyətlərini sürdürürlər, əziyyətini isə biz çəkirik…

O qədər oyunbazlıq etdilər ki, adi hüquqları tələb edəndə də həşir salırlar: Rusiya Azərbaycanı sıxır, müstəqilliyimiz əldən gedir. Mitinq eləməyin! Milli Şura yaratmayın! Seçki tələb etməyin! Asqırmayın, öskürməyin! 

Avropadan da tənqid gələndə, bir hesabat açıqlananda haray-həşir başlayır, ittiham-ittihamın dalınca səslənir. Qərəzlidirlər! Təzyiq göstərirlər ki, Qarabağı güzəştə gedək! Paxıllıq edirlər və s.

Geoplotika və yaxud Azərbaycanın üzünü hara tutması artıq məğzi dəyişmir. Sadə bir səbəbdən. Biz bütün hallarda Avropaya üz tuturuq, tutmuşuq da, amma öz xalqına üz tutmayandan sonra bu, “Kürü iyi” adlı şit bir Avropa dramı oynamağa oxşayır. Xeyri də yoxdur. Avropa dəyərləri olmayandan sonra Avropaya üz tutmaq oğru məmurların həcc ziyarətinə getməsinə oxşayır. Qoy bunu bir az da Avropada düşünsünlər. 

Rusiya məsələsinə gəldikdə isə, bu hiyləgərlər özləri də bilir ki, xalqını soyan bir hakimiyyəti Rusiya sıxmağa cəhd edəcək. Xalqı niyə əzdiyinə görə yox. “Bizim dediyimizi də elə!” – deyəcəklər. “Bizə də ver!” – deyəcəklər. Rusiya görəndə ki, xalqdan dayağı olmayan, qeyri-legitim bir hakimiyyət istədiyini edir burada, o da mahiyyətinə uyğun olaraq, öz istədiyini tələb edəcək. Rusiyanı iştaha gətirən bizim öz oğrularımızdır. 

Ümumi nəticə budur ki, geopolitika bizə fayda vermir. Çünki faydalı geoplotika iç siyasətdən başlayır və iç siyasəti qanlı-irinli bir ölkənin Avropaya inteqrasiyası heç bir xeyir verə bilməz və onu Rusiyanın təzyiqlərindən də qoruya bilməz. 

Bu mənada, məni Vilnüsa kimlərin toplaşacağından çox, bu hakimiyyətə etiraz etmək üçün xalqın meydana toplaşıb-toplaşmayacağı maraqlandırır. Bakıdakı xalq sammiti nə vaxt olacaq?!