“Qərb Cənubi Qafqazda heç bir fəallıq etmək fikrində deyil”

Vəfa Quluzadə: «Qərbin Cənubi Qafqazda və Mərkəzi Asiyada əsas məqsədləri bizim resurslarımızdır, neftdir, qazdır»

«Azərbaycanla Ermənistanın ortaya iradə qoyması gülüncdür. Çünki bizim iradəmiz öz əlimizdə deyil»

Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirdiyi görüş, eyni zamanda görüşlə bağlı ABŞ və Türkiyənin fəallığı gündəmin əsas diqqət çəkən mövzusudur. Bu və gündəmdə olan başqa məsələlərlə bağlı politoloq Vəfa Quluzadənin mövqeyi ilə tanış olduq.

– Azərbaycan və Ermənistan prezidentlərinin budəfəki görüşünə daha çox Türkiyə və ABŞ-ın diqqəti artıb. Bu fəallıq nə ilə bağlıdır?

– Beynəlxalq vəziyyəti, Rusiyanın, Amerikanın vəziyyətini, maraqlarını müzakirə edərək belə qənaətə gəlmək olmaz ki, ABŞ və Qərb məsələnin tezliklə həll olunmasında maraqlıdırlar. Burda bir şey ola bilər ki, Qərb tamamilə bu məsələyə gözünü yummuşdu. Rusiya da məsələni əngəlləyirdi, istədiyi kimi görüntü yaradırdı ki, guya Putin və Medvedev prezidentləri Moskvaya çağıraraq nəyisə həll etməyə çalışırlar. Burda təqsir prezidentlərindir, çünki onlar öz aralarında danışa bilmirlər. Bunlar hamısı peşəkar adamlar üçün, mənim üçün gülünc görünürdü. Çünki mənim xatirəmdə üç dəfə Azərbaycanla Ermənistan sülh barəsində danışıblar, üçünü də Rusiya dağıdıb. 1992-ci ildə Tehranda Yaqub Məmmədovla Levon Ter-Petrosyan Rəfsəncaninin rəhbərliyi altında atəşkəs və sülh haqqında bir razılığa gəlmişdi. Onda Şuşa alındı. Levon Ter-Petrosyan 1996-cı ildə mərhələli sülh təklif etdi, vəzifədən götürüldü. 1999-cu ildə güzəştli sülh ortalğa gəldi, erməni parlamenti güllələndi. Ondan sonra burda liderliyi Rusiya edirdi, Qərb də bu məsələ ilə heç maraqlanmırdı. Lakin indi bilinmir burda Qərbin canfəşanlığı imitasiyadır, yoxsa ciddi bir strategiyadır ki, yavaş-yavaş bu məsələdə Rusiyadan təşəbbüsü öz əllərinə alsınlar. Amma belə düşünmək də bir qədər sadəlövh görünür. Çünki ABŞ dünyanın ən güclü dövlətidir. ABŞ-a lazım olanda ki, bir məsələni həyata keçirsin, o dəqiqə onu həyat keçirir.

Qərbin strategiyasını dəqiq təsvir etmək üçün gərək gedib oturasan Pentaqonda, Ağ evdə. Qərbin ayrı-ayrı nümayəndələri ilə təmaslarım olur. Onlar mövqeyimi öyrənirlər. Amma onların verdiyi suallar və dedikləri əsasında müəyyən nəticələrə gəlirəm. O nəticəyə gəlirəm ki, hələlik Qərb Cənubi Qafqazda heç bir fəallıq etmək fikrində deyil. Qərbin Cənubi Qafqazda və Mərkəzi Asiyada əsas məqsədləri bizim resurslarımızdır, neftdir, qazdır.  

Bəzi adamlar sadəlöhvcəsinə düşünürlər ki, Qərb istəyir biz də onlar kimi yaşayaq. Birincisi, bu mümkün olmayan məsələdir. Biz Qərb kimi yaşamaq istəyiriksə, onlar kimi bilikli, savadlı olmalıyıq. Tənbəl olmamalıyıq, işgüzar olmalıyıq. Biz həmişə “Allahdan buyuruq, ağzıma quyruq” deyirik. Indi də deyirik ki, Qərb gəlib bizim üçün nəsə iş görəcək. Ancaq görməyəcək. 

“Biz çoxdandır idarə olunuruq”

– ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç də deyib ki, prezidentlərin görüşündən sonra hər iki dövlət başçısı beynəlxalq aləmi, ATƏT-in Minsk qrupunu münaqişənin həlli istiqamətdə addım atmamaqda günahlandırır. Bu baxımdan danışıqlar imitasiya xarakteri daşıyır. Bu fikirlə razısınız?

– Bu sadəcə bir bəyanatdır. Kozlariçi yaxşı tanıyıram, düşünmürəm ki, o burda həlledici bir şey deyə bilər. Atəşkəsdən sonra bir millimetr də irəliləyiş yoxdur. Gülüncdür ki, dünyanın üç böyük ölkəsi, ABŞ, Rusiya, Fransa bu məsələni həll edə bilmir. Deməli, həll etmək istəmir. Biz düşünməliyik ki, nə səbəbə görə həll etmək istəmir. Ikincisi, bu dəqiqə dünyada vəziyyət elədir ki, Azərbaycanla Ermənistanın ortaya iradə qoyması gülüncdür. Çünki bizim iradəmiz öz əlimizdə deyil. Ermənistanın iradəsi tamamilə Rusiyanın əlindədir. Rusiyanın da iradəsi artıq ABŞ-ın nəzarətinə keçib. Bizim iradəmiz həm Rusiya, həm də Qərbdən asılıdır. Ona görə də məsələ olduqca mürəkkəbdir. Vəziyyət də olduqca acınacaqlıdır. Burda təqsirkar dünyanı idarə edən bir dövlət, ABŞ-dır. O, məsələni tezliklə sülh yolu ilə həll etmək istəsəydi, həll edərdi. ABŞ-ın mövqeyi belədir ki, öz aranızda nəyi daşınırsınız danışın, biz ona razı olacağıq. Amma ABŞ çox gözəl bilir ki, biz heç nə həll edə bilmərik. Çünki ortada böyük qüvvələrin oyunu və marağı var. 

“Rusiya sülhə nail olmağa imkan verməyəcək”

– Prezidentlərin görüşündən əvvəl Rusiya yalnız Ermənistanla təmas qurub. Lavrov Nalbandyanla danışıb. Rusiyanın bu danışılarla bağlı planı nə ola bilər? 

– Rusiyanın bir planı var. Qərb sülh yolu ilə Sovet Ittifaqını çökdürdü. Qərb Rusiyaya dostluq və mehribançılıq nümayiş etdirə-etdirə onun maraqlarını bir-bir yox edir. Yuqoslaviyada, Yaxın Şərqdə, keçmiş sovet ərazisində, hətta Rusiyanın öz daxilində. Qərbin siyasəti budur. Ona görə bu dəqiqə Rusiya çox narahatdır ki, Ermənistan da əldən gedir. Gürcüstan əldən getdi. Amerika Rusiyanı məcbur etdi ki, Gürcüstan kimi əhəmiyyətli ölkədən öz bazalarını çəksin. 1999-cu ildə Istanbul sammitində ABŞ Rusiyanı məcbur etdi ATƏT-in vəsiqələrinə imza atsın ki, Rusiya Gürcüstandan öz bazalarını çəkir, görən nə səbəbə görə ABŞ Rusiyanı Ermənistandan da öz bazalarını çəksin. 1999-cu ildə biz Ermənistanla güzəştli sülh barədə razılığa gəlmişdik. Nə səbəbə görə ABŞ bu sülhün arxasında dayanmadı. Amerika deyirdi ki, siz razılaşsanız, biz bunu alqışlayarıq. Mən xəbərdarlıq təbili çaldım. Onda bəyanat vermişdim, prezidentə də demişdim ki, Rusiya bu sülhə nail olmağa imkan verməyəcək. Bunu Amerika diplomatlarına da demişdim. Belə də oldu. Heç böyük səs-küy də qalxmadı. Parisdə bir quldur qəzetin redaksiyasında iki nəfəri yaralayıb, bütün mətbuat bundan yazır. Ermənistan parlamentinin açıq efirdə güllələnməsi ört-basdır edildi, indiyə kimi də məndən başqa heç kim bunu dilə gətirmir. Spikerin və baş nazirin, onlarla yanaşı on nəfərin güllələnməsi ağlasığmaz şeydir. Hanı buna reaksiya? Ona görə bu məsələlərə olduqca ciddi, təmkinlə, ağılla yanaşmaq lazımdır. Bütün dünyada baş verən hadisələri aparıcı dünyanın marağı necədir, elə təqdim olunur. Dünya mediası bir yerdən idarə olunur. CNN nə deyirsə, onu Rusiya da, Avropa da, ərəb ölkələri də, biz də deyirik. Biz çoxdandır idarə olunuruq. Bunu başa düşməliyik. 

“Rusiyanın koloniyaları idarə etməkdə böyük səriştəsi var”

– Əsas diqqət Vilnüs sammitinə yönəlib. Sammit ərəfəsində Ilham Əliyevin Ukraynaya səfəri də bu mənada diqqət çəkib. Belə fikir var ki, Əliyevin Kiyevə səfəri məsləhətləşmə aparmaq məqsədi daşıyırdı. Çünki həm Azərbaycan, həm də Ukrayna Gömrük Ittifaqı ilə Rusiyanın təzyiqləri ilə üzləşir. Siz necə hesab edirsiniz?

– Artıq hər şeyə şübhə etməyə başlayıram. Görüntü bundan ibarətdir ki, guya ABŞ, Avropa bizim ölkələrin Avropa ilə əməkdaşlığa getməsində maraqlıdır. Amma mən artıq buna şübhə edirəm. Bəlkə ABŞ Mərkəzi Asiyanı, Cənubi Qafqazı Rusiyaya icarəyə vermək istəyir. Çünki bütün resurslarımızı alandan sonra bizi idarə etmək ABŞ üçün maraqlı və sərfəli deyil. Bu ölkələrdə birinci növbədə radikallığın baş qaldırması, islam dövlətlərinin qurulması, antiQərb rejimlərinin hakimiyyətə gəlməsi səbəbindən bu məsələni tamamilə Rusiyaya tapşırmaq olar. Çünki Rusiya hamımıza Avropadan və ABŞ-dan yaxın ölkədir. Rusiyanın koloniyaları idarə etməkdə böyük səriştəsi var. Rusiya ABŞ-a artıq düşmən deyil. Bu ölkədə antiAmerika fikirləri yalnız millətçiləri sakitləşdirmək üçündür. Ona görə bunların hamısına şübhə ilə yanaşmaq lazımdır. Görək Vilnüs sammitində nə baş verəcək. Çünki Ukraynanın “Şərq Tərəfdaşlığı” proqramına qoşulması Avropa üçün heç nədir. Timoşenko məsələsi tamamilə bəhanədir. Bilmirəm onlar Azərbaycanı ora qəbul etmək istəyirlər, yoxsa düşünürlər ki, gəlin bunu Rusiyaya pay verək, qoy bizim əvəzimizə idarə etsin. Qərbin bu siyasətinə böyük şübhələrlə yanaşıram. Onlar çox vaxt görüntüləri yaradır, amma görüntülərin arxasında tamamilə başqa məqsədlər durur.  

– Bir müddət əvvəl Ilham Əliyevin Belarusa səfər etməsinə baxmayaraq indi də Lukaşenko Azərbaycana gəlib. Hətta Belarus prezidentinin xüsusi missiya ilə Bakıya gəldiyi və Vilnüs sammiti ərəfəsində Azərbaycanın qəti mövqeyini öyrənmək niyyətində olduğu ehtimal olunur. Eyni zamada rəsmi mənbələr təsdiq etməsə də, Əliyevin Moskvaya səfərinin gözlənildiyi deyilir. Sizcə, səfərlərin əsas məqsədi nədir?

– Əvvəla Lukaşenko olduqca maraqlı bir şəxsiyyətdir. Ilk növbədə ölkəsinin maraqlarını güdür. Ona görə də Belarusda olduqca populyardır. Rusiya ilə münasibətləri də böyük məharətlə qurur. Elə qurur ki, Belarus Rusiyadan güclü surətdə bəhrələnir. Belarusun nə nefti, nə qazı var. Ona görə də nefti və qazı olan Rusiyanı “sağır”. Belarusla Rusiyanın əlaqələri tamamilə konyuktura xarakteri daşıyır. Lukaşenko heç vaxt öz müstəqilliyini əlindən verməz. Rusiya ilə onun ittifaqı Belarusun xeyrinədir. Rusiyada bəzi dairələrin ambisiyalarına xoş gəlir ki, Belarus Rusiya ilə müttəfiq dövlətdir. Amma əslində bu ittifaq kağız üzərindədir. 

O ki qaldı Azərbaycana, Ilham Əliyev xalqın, ölkənin maraqlarının əleyhinə gedə bilməz. Ona görə də onun Lukaşenko ilə görüşünü heç də Azərbaycanın maraqaları üçün təhlükə hesab etmirəm. Ilham Əliyevin Rusiyaya səfəri də yalnız bu səpkidə baxılmalıdır ki, görəsən Amerikanın Azərbaycanın Gömrük Ittifaqına daxil olmasında mövqeyi nədir. Əgər ABŞ tam səmimi surətdə maraqlıdır ki, Azərbaycan Avropa ilə əməkdaşlıq etsin, deməli, Azərbaycan Avropa ilə əməkdaşlıq edəcək. Yox, onlar istəsələr ki, biz ikibaşlı əməkdaşlıq edək, Avropada süni şəkildə nəyəsə imza ataq, ancaq Rusiyanın maraqları təmin olunsun, deməli, vəziyyət belə olacaq. Əslində nə Azərbaycan, nə Ukrayna, nə də Moldova Avropa səviyyəsində deyil. 

“Rusiya Ermənistanı itirmək istəmir”

– Rusiya Ermənistanla birgə Hava Hücumundan Müdafiə Sistemi qurur. Bu məlumatın indi açıqlanması nə məqsəd daşıyır?

– Ermənistanda Rusiyadan böyük narazılıq var. Birincisi, Ermənistanda iqtisadi vəziyyət bərbaddır, Rusiya onu düzəldə bilmir. Ikincisi, Ermənistanın demoqrafik vəziyyəti bərbaddır, əhalisinin yarısı qaçıb, qalanları da qaçmaq barədə düşünür. Ermənistan Avropa Ittifaqı ilə əməkdaşlıq etmək arzusunda idi. Amma Sərkisyan Moskvada bəyanat verdi ki, Ermənistan Gömrük Ittifaqına daxil olur. Bu, erməni xalqına, ictimaiyyətinə böyük zərbə oldu. Ermənilər Rusiyanın caynağından qopub Avropaya qoşulmaq istəyir. Ona görə Ermənistanı Rusiyaya daha da möhkəm bağlamaq istəyirlər. Əsas ideya budur. Ona görə də gah Gümridə bir polkovnik bəyanat verir ki, Gümri bazası Ermənistanın tərəfində döyüşəcək. Indi də Putin bəyanat verir ki, Ermənistanla birgə Hava Hücumundan Müdafiə Sistemi qurur. Kimdir Ermənistana təhlükə yaradan? Türkiyə deyil. Azərbaycan neçə dəfə sülhə imza atmaq üçün iradəsini sərgiləyib və buna hazır olduğunu bəyan edib. Rusiya artıq NATO-nun düşməni deyil. Məqsəd yalnız odur ki, Ermənistan əlindən qaçmasın. Rusiya Ermənistanı itirmək istəmir. Çünki Ermənistanı itirsə, bütün Qafqazda onun dayağı yoxa çıxır. Ona görə bunun arxasında Rusiyanın bu cür marağı dayanır. 

– Israil Azərbaycanla viza rejimini sadələşdirir. Bu da Israillə pis münasibətlərdə olan Iran və Türkiyənin narazılığına səbəb ola bilər. Bu dövlətlərin hər hansı mənfi reaksiyasını gözləmək olarmı? 

– Azərbaycanla Israil bütün vizaları aradan götürə də bilər. Çünki Israildən Azərbaycana və burdan da ora yalnız kimə lazımdır onlar gedəcək. Axın olmayacaq. Bu nə Azərbaycana, nə də Israilə təhlükə deyil. Bu böyük problem də deyil. Inanmıram ki, Türkiyənin buna mənfi reaksiyası olacaq. 

Fizzə