Qəzetlərin yazdığına görə, I.Əliyev terrorbaşı erməni prezidenti S.Sərkisyanla görüşə “razılıq” verib. Bunu jurnalistlərə açıqlamasında ATƏT-in Minsk qrupunun üç başçısından biri rusiyalı Iqor Popov deyib. “Dağlıq Qarabağ probleminin çözümü ilə bağlı gələn görüş ilin sonuna planlaşdırılır”, – bunu da I.Popov deyib. Biz Popov yoldaşın gerçək kimliyini, gerçəkdən nə istədiyini bilməsək də, Rusiyanın başlılcası da Putin Rusiyasının gerçək kimliyini də, gerçəkdən nə istədiyini də bilirik Rusiya yalnız Azərbaycan torpaqlarını tutmaqla yaratdığı “Ermənistanı” deyil, bütün erməniliyi Qafqazda özünün forpostu, dayağı sayır.
Forpostu, dayağı olaraq da Rusiya ermənilərə milyardlarla dollar dəyərində yaraq-sursat yardımı edir. Seçki öncəsi I.Əliyev Rusiya ilə 4 milyard manatlıq yaraq-sursat bağlaşması bağladı. Gerçəyə qalsa, bu, prezident seçkisini udmaq üçün I.Əliyevin Putinə 4 milyard manatlıq bağışlaması idi – bağlaşmalı bağışlaması. Sonra nə olacağı, gizli danışıqdan keçən o alver-bağlaşmanın ordu ilə bağlı necə gerçəkləşəcəyini bilməsək də, burasını bilirik: istər Rusiyadan gələn, istərsə də Rusiyaya bağlı MDB gözləmçiləri saxta 9 oktyabr seçkisini düzgün seçki kimi dəyərləndirdilər. Üstəlik, ATƏT-in Demokratik Quruluşlar, Insan Hüquqları Bürosu seçkidə 58 faizlik saxtakarlıq olduğunu deyəndən sonra Rusiyanın dış işlər baxanı S.Lavrov ATƏT-lə bağlı yenidənqurma çağırışı ilə çıxış etdi. Rusiyaya belə gərəkdir, belə olmalıdr. Azərbaycanın başında Rusiyaya əlverişli kimsə durmalı, Qarabağ ermənilərin olmalıdır – Rusiyanın dediyi, istədiyi budur. Dediyini, istədiyini gerçəkləşdirmək üçün də Rusiya bir yandan Rusiyaya bağlı əliyeçi hakimiyətə dəyişməzlik qazandırmağa, o biri yandan erməniliyi gücləndirməyə çalışır.
Rusiyanın Azərbaycanla ermənilik arasında araçılığına gəlincə, ata-oğul Əliyevlərin demokratiya imitasiyası kimi bu da imitasiyadır – Qarabağı danışıqlar yoluyla qaytarmaq imitasiyası. Özü də bu Əliyevlərə də, Rusiyaya da, ermənilərə də gərəkli – əlverişli imitasiyadır. “Dağlıq Qarabağ probleminin çözümü” axarında 10 il ata Əliyev xalqı aldatdı, 10 il də oğul Əliyev. Yalnız Rusiya deyil, hər baxımdan indiki status-kvonun saxlanmasını istəyən bir sıra başqa güclər də əliyevçi recimə arxa duraraq I.Əliyevə “Dağlıq Qarabağ probleminin çözümü ilə bağlı” daha beş iş il manipulyasiya-imitasiya şansı qazandırdı. Ancaq bu yalnız I.Əliyevə qazandırılan şans deyil, eləcə də onların özlərinə, özlərilə birgə ermənilərə qazandırdıqları şansdır. Bu böyük şansdan ötüb keçən 20 ildə olduğu kimi onlar da qazanır, ermənilər də, komandası ilə birgə I.Əliyev də. Itirən bircə yiyəsiz, kimsəsiz Azərbaycandır.
Yeri gəlmişkən, ABŞ-ın Kaliforniya ştatında yayımlanan “The California Courier” jurnalının direktoru Harut Sasunyan seçkiöncəsi bir sıra arqumentlər gətirməklə I.Əliyevin prezidentlikdə qalmasının ermənilər üçün əlverişli olduğunu yazırdı. Onun arqumentləri aşağıdakılar idi:
– “Ilham Əliyev bütün dünyada avtoritar, korrupsioner, insan hüquqlarını ayaqlayan gücsüz bir lider olaraq tanınır;
– Ilham Əliyev ölkəsinin neft gəlirlərinin çoxunu özünün, ailəsinin, yaxınlarının varlanmasına yönəldir;
– Ilham Əliyev yaraq alınmasına milyardlarla dollar səpələsə də, Qarabağın bir santimetr torpağını da geri qaytarmayıb;
– Ilham Əliyevin yenidən prezident seçilməsi Azərbaycan üçün öhdəlik, Ermənistan üçün bir şansdır;
– Ilham Əliyev seçkini uduzsa, yeni seçilmiş prezident daha effektli lider ola bilər, Artsaxın (qondarma “Dağlıq Qarabağ Respublikası”. – red.), Ermənistanın güvənliyinə qorxu yaradar”.
Bəlli olduğu kimi, seçkiöncəsi Sərkisyan da Ilham Əliyevin yenidən prezident seçilməsinin ermənilər üçün əlverişli olduğunu demişdi. Daha beş il görüşəcəklər, gülüşəcəklər…