Elita qolfunun Qəbələdə qoz yeməkliyi…

Bəri başdan prezidentimizn daxili siyasətdəki ilk böyük addımı olan müdafiə naziri məsələsinə Cəvahir xalanın seçmələrindən xoş gəldin eləyək.

Cəvahir xala:

– A bala, Qarabağ çox uzaqdadı?

– Yox a Cəvahir xala, Yevlaxdan bir az o yana Qarabağdı da… Niyə soruşursan ki?

– Indi a bala, onda bəs bunlar Qarabağı almağa Avropaya, Amerikaya, nə bilim Soçiyə-moçiyə niyə gedirlər?!

Vaxta ki, nazirimiz özü də dağlarda döyüşdən danışır, deməli, Cəvahir xalaynan eyni fikri paylaşırlar. Daha sadalanan yerlərə getməyib Qarabağı kəsə yolla alacaqlar. Olsun! Axır ki, xalqla mövqeyi üst-üstə düşən bir nazir tapıb qoydular. Amma mənim mətləbim başqa bir söhbətin canındadır ki, heç də bu məsələdən önəmsiz sayılmaz.

Zamin Hacı Qəbələni bir yazısında ölkənin vitrini adlandırıb. Bundan yaxşısını elə yalnız Zamin bəyin özü deyə bilər və qələminə qüvvət, yəqin deyəcək də. Mənim məqsədim həmin bu vitrinin görünməyən vacib tərəflərindən qısaca danışmaqdı. Niyə bəs görünməyən tərəflərindən? Çünki özüm də həmin o tərəflərdə dünyaya gəlib indiyə qədər bunun görünməz ağrılarını daşımaqdayam. Doğulduğum yuvanı bəyənməməklik kimi çıxmasən, sadəcə orda çürüyən və çürüməkdə olan ömürlərə hayıfım gəlir. 

Qəbələ olmamışdan əvvəl uşaq diliylə desək, qutqaşınlıların meşələri, çayları, gölləri, düzəngahları, dağları, bağları-bağatları vardı. Əvvəl Qutqaşın getdi, daha sonralar sadalanan sərvəti ələ keçirib əhalini hər şeydən məhrum elədilər. Söhbət heydərovlardan getmir, onlar da olmasa başqa soyadlılar bu missiyanı uğurla yerinə yetirəcəkdilər. Çünki mövcud quruluşun idarəçilik üslubu belədir. Bəs söz nədən düşüb? Söz, sizi inandırım ki, bu yazıda iki qəribə şeyi – qolfu və qozu birləşdirən analoqsuz hadisədən düşüb. 

Qolf və qoz… Qolfu məişətimizə təzə gətiriblər, qozumuz binayi-qədimdəndi. Hələ yüz illərdən bəri yersiz xoruzlanan adamlara atalarımız “qozlu-qozlu danışma” deyərdilər. Qolf milli məhsulumuz olmadığından onunla bağlı nə deyildiyini Vikipediamızdan öyrənməyə çalışdıq:

“Bu idman növünün vətəni ÿŞotlandiya sayılır. Çobanların yaratdığı güman edilən qolf növündə əsas məqsəd ayrıca iştirakçılar və ya komandaların xüsusi ağaclarla müəyyən məsafəni minimal sayda zərbələrlə qət etməklə kiçik topu quyucuqlara salınmasından ibarətdir.

Hazırda dünya miqyasında isə qolf elitar növlərdən sayılır. Xüsusən,ÿABŞ-da populyar olan bu növ üzrəÿTayger Vuds kimi məşhur idmançı yetişib. Vuds həm də dünyanın ən varlı idmançısıdır. Nüfuzlu “Forbes” jurnalının hesablamasına əsasən, 33 yaşlı idmançının illik gəliri 11,9 milyon dollardır. 1996-cı ildən qolfla məşğul olan Vudsun əmlakı 1 milyard dolları keçib”.

Deməli, hektarlarla torpaq topun quyucuqlara düşməsinə görə lazım imiş. Yəni kinolarda gördüyümüz mafiyaçılar əllərinə qəribə bir ağac alıb quş yumurtası boyda topa tolazlayırlar ki, bəs həmin top gedib yerin deşiyinə girsin. 

Olsun amandır, Amerika bizim o boyda seçkini tanıyandan sonra indi durub beş-on hektarlıq qoz meşəsininmi söhbətini aparasıyıq? Hərçənd Qəbələdə hektarlarla nədir, heç qarışlarla da torpaq qalmayıb. Nədən ki, hər yerdə hotel tikilib, park salınıb və ümumiyyətlə, “gilanlaşma” aparılıb. 

Yalnız Heydərovların qızıl fonduna könüllü daxil olan Qoz meşəsi qalıbmış ki, bu meşənin bir zaman rusların saldığı nağıl edilir. Sözün bütün mənalarında həmin qocaman ərazidəki qoz ağacları uzun-uzun illər yerli əhalinin dolanışığına yardımçı rol oynayıb. Meyvəsindən əlavə tökülüb-düşən odun-ağacı da neçə ocaqların istisinə-tüstüsünə çevrilib. Amma neyləyəsən ki, artıq qozları saymağın zamanı çatdı: Elitar qolf qurban tələb edir…

Xatirələrə köçməkdə olan qoz meşəsinin qolf deyilən şeyə görə ləğvinin simvolik xarakter daşıdığını düşünmürük, amma bu iki şeyin bioqrafiyası bir az tərs-mütənasib olduğundan adamın yadına Əbdürrəhman Vəzirov düşür. Çünki Vəzirovun kompüter və hamamla bağlı proqnozlarını qəribçiliyə salanlar indi bunlarsız həyatı yaşamaq nədir, heç təsəvvür belə etməzlər. Amma çox hayıf ki, onun qozla bağlı unudulmaz fikirlərinin bu əhvalata dəxli olmadı. Yoxsa adam Vəzirova istinadən ingilisin qolfuna ürəkli bir-iki qoz atardı. 

Əslində olmazdımı, o deşiklərə ki, zatən qoz boyda top atacaqlar, elə qozluğu kürüməyib, meyvəsindən bu taleyüklü məsələdə istifadə etsəydilər? Ideya kimi fəna sayılmazdı cənablar, yalançı vikipediya olsun, o quş yumurtalarına filan qədər vəsait xərcləyincə elitar zümrə elə ağacdan təptəzə, yeməli qoz götürüb atardı qolfun deşiyinə… Oynaya-oynaya da qozun dadını çıxardardılar…