Siyavuş Novruzovun “məntiq”i

Deputat hakimiyyətin dağılacağını etiraf etdi

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında bildirib ki, Əli Kərimli və Isa Qəmbər istefa verməsə, hər iki partiya dağılacaq: “Əgər bu adamlar partiyalarının qeydinə qalırlarsa, şəxsi mənafelərini partiyadan üstün tutmurlarsa, tutduqları postdan uzaqlaşmalıdılar ki, partiyaya yeni nəfəs gəlsin. 20 ildir sədrdilər və partiyalarına şəxsi obyekt kimi baxırlar. Partiyalara yeni qüvvə gəlsə, bəlkə tənəzzüldən xilas ola bilərlər”- deyə əsrimizin Siyavuşu bildirib.

Bəli, Siyavuş Novruzov xüsusi olaraq vurğulayıb ki, uzun müddət eyni adamların vəzifədə qalması fəlakətdir. Əziz oxucu, bu fikirləri “uzunömürlü məmurlar” hakimiyyətinin nümayəndəsi söyləyir və bu “müdrik” kəlamlarda xeyli etiraf yatır.

Siyavuş Novruzovun etiraflarına bir qədər sonra qayıdacağıq. Indi isə Əli Kərimli və Isa Qəmbərə istinadın səbəblərinə diqqət edək. Yuxarıdakı fikirlərdən belə mənzərə yaranır ki,  Siyavuş Novruzov hər iki partiyanın dağılmaması üçün “qardaş məsləhət”i verir. Əslində isə hakimiyyətin qarşıya qoyduğu məqsəd bu partiyaları dağıtmaq, 20 ildir rejimlə mübarizə aparan liderləri sıradan çıxarmaqdı. Çünki Əli Kərimli də, Isa Qəmbər də ölkədə keçirilən seçkilərdən həmişə qalib ayrılıb və hakimiyyətin birtərəfli təbliğatı uğur qazana bilməyib. Son olaraq isə bu iki partiyanın da təmsil olunduğu Milli Şuranın namizədi Cəmil Həsənli seçkilərdə qalib gəldi və bütün rəqiblərini nokauta saldı. Yəni 20 ildir bütün qanunsuz vasitələrlə müxalifəti və onun liderlərini sıradan çıxarmaq istəyən rejim buna nail ola bilmədi. Nəticədə isə Siyavuş Novruzov yeni “arqument” istehsal etdi. 

Bu “arqument”lər isə yuxarıda qeyd etdiyimiz kimi Siyavuş Novruzovun etirafı anlamına gəlir. Çünki YAP hakimiyyətində məmurların vəzifə müddəti ən azı 15 il olur. Yəni Siyavuş Novruzovun məntiqiylə yanaşsaq, hakimiyyət son anlarını yaşayır.

Məsələn, baş nazir Artur Rəsizadə 18, Mədəniyyət və Turizm naziri 19, PA rəhbəri Ramiz Mehdiyev 18, Daxili işlər naziri Ramil Usubov 19, AZAL direktoru Cahangir Əsgərov 17, “Qaçqınkom” Əli Həsənov 15 ildir vəzifədədir və bu siyahını uzatmaq da olar. Ölkə başçısı Ilham Əliyev isə 15 illiyə start verib. 

Cənab Novruzov bu statistikanı və vəzifədə qocalan məmurları necə qiymətləndirirsiniz? Niyə ölkəni fəlakətə aparırsınız?

Əli Kərimlinin, Isa Qəmbərin uzun illər partiya sədri olması ölkə üçün fəlakət deyil. Hakimiyyəti 20 ildir eyni zehniyyətin zəbt etməsi isə ölkəmiz üçün böyük faciədir. Bəli, sizin uzunömürlü məmurlardan fərqli olaraq Əli Kərimlinin, Isa Qəmbərin sədrliyi ölkə sərvətlərinin talanmasına xidmət etmir.

Istənilən halda mən Siyavuş Novruzovun proqnozlarını yüksək qiymətləndirirəm və bir yapçının etirafı kimi qəbul edirəm.

Siyavuş Novruzov etiraf edir ki, öz mənafeyini ölkənin mənafeyindən üstün tutan liderin rəhbərlik etdiyi partiya məhvə məhkumdur. Üstəlik, bu partiyada adamlar uzun müddət vəzifədə qalırsa, bu daha böyük faciə ilə yekunlaşacaq.

Siyavuş Novruzovun fikirləri AXCP və Müsavata tuşlansa da, bumeranq kimi YAP-a qayıdır.

Bir sözlə, yapçı deputat da etiraf edir ki, bu hakimiyyət dağılmağa məhkumdur.