Rəsmi Bakı “məxfi səfər” barədə heç bir məlumat vermir
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ötən həftə Israilə “məxfi səfər” edib. “Contact.az”ın məlumatına görə, o, ən yüksək səviyyədə görüşlər keçirib. Lakin Azərbaycan tərəfi nədənsə, bu səfər haqda məlumat yaymayıb.
Israil mətbuatında yayılan xəbərlərdən isə məlum olub ki, S.Seyidovun səfəri “Israil-Azərbaycan” beynəlxalq assosiasiyası və Israilin Xarici Işlər Nazirliyi tərəfindən təşkil olunub.
S.Seyidov Knessetdə olub, Israil-Azərbaycan parlamentlərarası assosiasiyanın sədri Amnon Koen, Knessetin spikeri Yuli Edelşteyn və Israilin baş naziri Benyamin Natanyahu ilə görüşüb.
“Sizin Israilə səfəriniz bir daha göstərir ki, ölkələrimiz arasında münasibətlər düzgün istiqamətdə inkişaf edir”, – deyə baş nazir vurğulayıb. O, ümidvar olduğunu bildirib ki, hər iki tərəf münasibətlərin və ikitərəfli faydalı əməkdaşlığın bundan sonra da genişləndirilməsi üçün maksimum səy göstərəcək.
Bu səfərdən az sonra Israilin Azərbaycandakı səfiri Rafael Xarpaz belə bir açıqlama verdi ki, yaxın vaxtlarda ölkələrimiz arasında diplomatik və xidməti pasportları olan Azərbaycan vətəndaşlarının Israilə səfərinin sadələşdirilməsi haqda saziş ÿimzalanacaq.
“Azərbaycan bizim üçün mühüm dövlətdir və yaxın vaxtlarda vizasız səfərlər məsələsi həll olunacaq”, – deyə səfir qeyd edib. O, ikitərəfli münasibətləri yüksək qiymətləndirib və tezliklə Israildə Azərbaycan səfirliyinin açılacağına ümidvar olduğunu bildirib: “Inanırıq ki, Azərbaycan hökuməti Israildə öz səfirliyini açacaq”.
Məlumata görə, bu məsələ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Səməd Seyidovun Israilə səfəri çərçivəsində də müzakirə olunub.
Çox güman ki, S.Seyidovun missiyasının “məxfiliyi” Bakının qonşu Iranı, indi də Türkiyəni qıcıqlandırmaması ilə bağlıdır. Istisna deyil ki, bu yaxınlarda Iranın Azərbaycanla sərhəd-keçid qaydalarını sərtləşdirməsi də S.Seyidovun Israilə səfərinin nəticəsidir.