Hakimiyyətdə “Rusiya gərginliyi”

İqtidar Avrasiya İttifaqı məsələsində Kremlin ciddi təzyiqləri ilə üzləşəcəyindən narahatdır

Azərbaycan hakimiyyətində Rusiya ilə bağlı gərginlik yaşanır. Bu barədə redaksiyamıza iqtidardakı mənbə məlumat verib. Mənbə bildirib ki, hakimiyyət Rusiyanın Azərbaycanı Avrasiya Ittifaqına cəlb etmək məsələsində israrından narahatdır. Iddialara görə, Vladimir Putinin Bakı səfərində Azərbaycanla bu məsələ barədə müəyyən razılaşma əldə olunub.
Rusiyanın Azərbaycanda keçirilən prezident seçkisində ənənəvi mövqe sərgiləməsi, yəni, hakimiyyətin namizədini dəstəkləməsi də bundan qaynaqlanır. Lakin seçkiyə Qərbin verdiyi mənfi qiymət Ilham Əliyevi mövqeyini dəyişməyə məcbur edib. Ölkə başçısı Avropaya inteqrasiya xəttinə üstünlük vermək qərarına gəlib. Bu isə Rusiyanın Bakıya təzyiqlərə start verməsilə nəticələnib.
Rusiyada miqrantlara, xüsusilə azərbaycanlılara qarşı aparılan deportasiya siyasətinin kökündə də məhz bu məsələnin dayandığı bildirilir.
Bundan başqa Rusiya mətbuatı yazır ki, Vladimir Putin yüksək rütbəli zabitlərin təqdim edilməsi mərasimində bildirib ki, Kreml Belarusun Hava Hücumundan Müdafiə Sistemini təkmilləşdirərək Qazaxıstan və Ermənistanla da bu müdafiə sistemini formalaşdıracaq. “Bu addım Avrasiya regionunda sülhün inkişaf etməsinə yardımçı olacaq”,- deyə Putin bildirib.
Azərbaycan hakimiyyətində düşünürlər ki, bu təzyiqlərin ilkin mərhələsidir. Bildirilir ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərində əsas müzakirə mövzusu Azərbaycanın Avrasiya Ittifaqı ilə bağlı qərarı olacaq. Lukaşenko Ilham Əliyevdən “yox” cavabı alacağı təqdirdə Rusiya təziyqləri daha da gücləndirəcək.
Qaynağımızın sözlərinə görə, vəziyyət o həddədir ki, hər iki tərəf – Qərb və Rusiya Ilham Əliyevdən birmənalı mövqe tələb edir. Bu baxımdan təzyiqlər qaçılmazdır.

Informasiya şöbəsi