
Rusiyanın hüquq-mühafizə və xüsusi xidmət orqanları azərbaycanlı milyarder, prezident Vladimir Putinin tələbəlik dostu olmuş İlham Rəhimovun daha bir obyektində yoxlamalara başlayıb.
Virtualaz.org saytı Rusiya qaynaqlarına istinadən xəbər verir ki, İlham Rəhimova və yəhudi ortaqları Qod Nisanovla Zarah İliyevə məxsus olan “Sadovod” bazarında noyabrın 19-da keçirilən reydlərin ardınca iş adamlarına məxsus “Moskva” ticarət mərkəzində də yoxlamalar başlayıb.
Polis, Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının və İstintaq Komitəsinin müstəntiqlərinin keçirdikləri yoxlamalar zamanı ticarət mərkəzində qanunsuz bank fəaliyyəti ilə məşğul olan Çin vətəndaşlarının müəyyən edildiyi bildirilir.
Həmçinin ticarət mərkəzində Orta Asiya, Cənubi Qafqaz respublikalarından, hətta Əfqanıstandan olan qeyri-leqal miqrantlar aşkarlanıb.
Ticarət mərkəzində yoxlamalar bu gün də davam edir. Ticarət mərkəzində axtarışlarla eyni vaxtda Moskva və Moskva ətrafında fəaliyyət göstərən bir neçə hüquqi şəxsin ofisləri də yoxlanılır. Polisin məlumatına görə, söhbət pulların nəqdləşdirilərək qanunsuz dövriyyəsini təşkil edən, o cümlədən xarici offşor zonalara köçürən mütəşəkkil cinayətkar qruplaşmadan gedir.
Yoxlamalar zamanı böyük məbləğdə pul, əlyazama formasında qeydlər, elektron daşıyıcılar, qanunsuz bank əməliyyatlarını təşkil edən və həyata keçirən hüquqi şəxslərin maliyyə sənədləri, 190 möhür, “Bank-Müştəri” sisteminin açarları və digər dəlillər tapılıb.
Moskva Şəhər Daxili İşlər İdarəsinin bildirdiyinə görə, qanunsuz bank əməliyyatının iştirakçısı olan iki Çin vətəndaşı, habelə cinayətkar şəbəkənin təşkilatçısı olan Moskva vilayəti sakini saxlanılıb. Tverskoy Rayon Məhkəməsi saxlanılanlar barəsində sabah həbs qərarı çıxaracaq.
Bundan əlavə, “Moskva” ticarət mərkəzindəki reyddən sonra polis məntəqələrinə 100-ə yaxın Çin, Vyetnam, Tacikistan, Özbəkistan, Azərbaycan və Əfqanıstan vətəndaşı aparılıb. Onların miqrasiya rejimini pozduqları və deportasiya ediləcəkləri bildirilir.
Xatırladaq ki, “Sadovod” bazarında keçirilən reydlərdə 600-dən çox adam saxlanılmışdı. Onlardan 20-nin qeyri-leqal miqrant olduğu açıqlanıb.
Qeyd edək ki, bu, İlham Rəhimovun bazarında son bir ayda keçirilən ikinci irimiqyaslı reyddir. Moskva meri Yuri Sobyanin bazarın sökülməsi barədə qərar verib, ancaq digər bazarlardan fərqli olaraq onun yerində müasir ticarət mərkəzi tikilməlidir.
“Moskva” ticarət mərkəzi eyniadlı keçmiş univermağın yerində fəaliyyət göstərən iri ticarət obyektidir və Azərbaycandan olan iş adamlarının əsas gəlir nöqtələrindən biridir.



