Internetdə yayılan bir video Sabirabadın ucqar bir kəndini – Moranlını dillər əzbəri etdi. Həmin videoda Aşura mərasimində kənddə bir nəfər ələm “uçurub”, nəzir yığır.
Ələmin “uçması” hökumət mediasında mühüm post tutan hörmətli Qabil Abbasoğlunu, bir çoxları kimi hiddətləndirib. O, bu gerilikçi hadisə ilə bağlı məqalə yazıb, ölkənin önəmli din adamlarına bunun qarşısını almaq üçün çağırış edib.
Məqaləni oxuyub, “facebook” səhifəmdə bunları yazdım: “Moranlıda ”ələmin uçmasına” məqalə həsr edən hörmətli Qabil Abbasoğlunun məqaləsi tam cəfəngiyyatdır. Tam da olmasa, əsasən.
Bəyəm, Qabil bəygilin çalışdığı agentlik – APA, illərdir “ələm uçuranlıq” eləmir?”
Yazdıqlarımı qarşı tərəfin təəssübkeşləri belə yozdular: Natiq, ələm gəzdirməyə haqq qazandırır.
Haşa!
Açıq-aydın yazmamışammı? Ələm gəzdirmək (sabirabadlılar “uçurmaq” yox, belə deyirlər) insanların etibarından sui-istifadədir, ictimai rəyi çaşdırmaqdır, insanları cəhalətə çəkməkdir. APA və ona bənzər hökumətyönlülər də bu işi görmürmü? Görürlər, sadəcə, çox mədəni, çox diplomatik, çox hiyləgərcəsinə.
Siz mənə səmimi deyin: Məzahir Pənahovun seçki qutusundan Ilham Əliyevi çıxarması daha çox fırıldaqdı, yoxsa, ələmin “uçması”?
Məzahirlər bütün xalqın iradəsini zorlayırlar. Nə qədər xoşagəlməz olsa da, ələmin uçmasına heç kim öz iradəsinə zidd tamaşa eləmir, heç nəziri də kiminsə təkidilə ona əta etmir.
Yekunlaşdıraq, ələm gəzdirmək bəraəti olmayan hoqqabazlıqdır, bu, ilk növbədə Kərbəlanın uca şəhidlərinin ruhuna hörmətsizlikdir.
Məni narahat edən odur ki, bir qrup adam var, onlar ölkədə gözəgirən ən ciddi problemlər barədə danışmır, susur. Əvəzində, 40-cı dərəcəli bir problem tapırlar və onu şişirdib, ona qarşı döyüşürlər.
Məsələn, ələm gəzdirməkdən rəncidə olan, bunun, milləti kor etdiyini düşünən Qabil Abbasoğlu bəs niyə çalışdığı holdinqin saxta seçkilərin abra minməsi üçün göstərdiyi fəaliyyətdən danışa, yaza bilmir? Səbəb bəllidir, belə etsə, işini itirər.
Əksini iddia etmək fikrindədilərsə, mən elə Moranlıda müşahidəçilərin çəkdiyi seçki saxtakarlığı barədə özəl, heç yerdə yayımlanmayan videonu APA-ya qonorarsız təqdim edə bilərəm.
Keçək yazarın gətirdiyi dəlillərə. Əlbəttə, ələm gəzdirməklə bağlı onun narahatlığı səmimidirsə, bu alqışlanmalıdır. Ancaq bu problemin meydana çıxmasına onun verdiyi izah çox zərərli və diqqəti yayındırmaqdır.
Necə deyərlər, yaraya acımağı düzdür, yaranın törənmə səbəbini doğru yazmır. Analiz səhvdir.
Məsələn, hörmətli müəllifə görə, ələmə nəzir verənlər zehniyyətsizlərdir. Bu zehniyyətsizlik isə ölkədə korrupsiya doğurur.
Babat bəlağətlidir.
Qabil bəy belə yazsaydı, daha düz olmazdımı: ölkədəki korrupsiyaçı hakimiyyət, bərbad idarəetmə o zehniyyətsizliyi yaradıb.
Çox çətin deyil, internetdə Moranlı kəndinin Ilham Əliyevin dövründə tələbə adı qazananlarının sayına baxın: 10 ildə on adam olsa, papağınızı göyə atın.
Moranlı kəndində ana və uşaq ölümündən Qabil bəyin və dostlarının xəbəri varmı? Axı onları ələmgəzdirənlər öldürməyib…
Birmənalı iddia edirəm, Moranlıdakı vəziyyətin elə olmasına görə cavabdeh birbaşa hakimiyyətdir və o vəziyyətdən də ələmgəzdirəndən daha çox Ilham Əliyev xeyir götürür. Şəkkahlar üçün üç fakt verəcəm.
Bir: 2005-ci ildə Moranlının da daxil olduğu 64 saylı seçki dairəsində “Azadlıq” blokunun namizədi Xaliq Bahadırın səlahiyyətli nümayəndəsi idim. Dairədəki kəndlərdən ikisində seçicilərlə görüş keçirə bilmədik. Həmin kəndlərdən biri məhz Moranlıydı. Bizi kəndin girişində 30-a yaxın adam qarşıladı və dedilər: bizim kəndin namizədi Ilham Əliyevdir, kəndə girsəniz qan töküləcək;
Iki: Son seçkidə Moranlıda Ilham Əliyevə 591 səs yazılıb, Cəmil Həsənliyə isə 28;
Üç: Bu ələmgəzdirənlər Ilham Əliyevə sevgilərini bildirmək üçün mayda ona məktub yazıblar (mənbə president.az).
“Hörmətli cənab Prezident!
Üzümüzü Sizə tutub deyirik: “Allah Sizi bütün çətinliklərdən qorusun. Qadir Allah hər işdə, bütün daxili və xarici siyasətinizdə başınızı uca, ömrünüzü uzun və canınızı sağlam etsin. Allah həmişə və hər yerdə sözünüzü ötkün və bütün işlərdə Sizi fəal etsin. Allah Sizi dünya durduqca yaşatsın. Biz Sabirabad rayon Moranlı kənd sakinləri və ağsaqqalları Sizə nə qədər xoş söz desək, nə qədər tərif versək, yenə azdır”.
Bitmədi, davam edəcək…