299 brilyant daşlı təvazökar orden

Ukrayna prezidenti Viktor Yanukoviçə Heydər Əliyev ordeninin verilməsi sosial şəbəkələrdə bu təltifin maddi və əyar göstəricilərini gündəmə gətirdi. Bir ordenə sərf edilən zinətin və qiymətli daş-qaşların miqdarı adamı təkcə heyrətləndirmir, həm də bunun mənasını anlaya bilmirsən. Boynumuza alaq ki, bizim cəmiyyətdə ölkə sərvətlərinə o qədər ögey və bizimki olmayan münasibət aşılanıb ki, artıq bir ordenə sərf edilən aşırı xərclər cüzi və bunun söhbətini etmək isə xırdaçılıq kimi görünür. 

Normal ölkələrdə belə bir məsələ kiminsə istəyi ilə müəyyənləşə bilməzdi. Diqqət çəkərdi, izah tələb edilərdi, sorğulanardı. Bizdə isə ölkədə tüğyan edən böyük talanın yanında bir ordenin düzəldilməsinə sərf edilənlər olduqca xırda bir xərcdir. Amma ortada bir təvazökarlıq iddiaları var. Ilham Əliyevin ad gününü qaçqın şəhərciyində qeyd etməsi, qolundakı saatın isə sadə və təvazökar bir seçim olması, andiçmə mərasiminin tələsik və sakit keçirilməsi haqda açıqlamalar vardı… 

Heydər Əliyev ordeni Ilham Əliyevin imzası ilə təsis edilib, yəni onun oğlu tərəfindən. Daha dəqiq desək, “Heydər Əliyev” ordeninin təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu Ilham Əliyevin imzası ilə qüvvəyə minib. Ilham Əliyevin bu imzaya qədər qanundan xəbəri olmasaydı belə, imza zamanı aşağıdakıları oxumuş olardı. Azərbaycan Respublikasının 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli həmin qanununda “Heydər Əliyev” ordeninin təsvirində deyilir:

– Ordenin hazırlanmasında 525 əyarlı 533,29 qram gümüşdən, 999 əyarlı 3,89 qram gümüşdən, 750 əyarlı 57,42 qram qızıldan, 999 əyarlı 6,42 qram qızıldan, cəmi 0,83 karatlıq 8 brilyant daşdan, cəmi 5,34 karatlıq 224 brilyant daşdan, cəmi 1 karatlıq 67 brilyant daşdan, ümumən isə 299 brilyant daşdan istifadə olunmuşdur.

Təvazökar nahar

Daha bir nümunə. Oktyabrın 30-da Azərbaycan-Amerika Alyansı Milli Muzeyin sütunlu divarları arasında böyük bir ziyafət verib. Azərbaycan-Amerika Alyansı nəqliyyat nazirinin oğlu  Anar Məmmədovun təşkilatıdır. Bakıda avtobusa verdiyiniz 20 qəpiyə elə də kiçik baxmayın. Anar Məmmədovun ziyafəti 20 qəpiklərin gücünə bir sübutdur. Xarici jurnalistlər yazır ki, orada 600 adlı-sanlı insan üçün 5 kurslu şam ziyafəti verilib. Dəbdəbəli tədbir hədiyyələrdən, ləziz yeməklərdən başqa “kürü diplomatiyası”nın növbəti danışıqları sayıla bilərdi. Tədbirin fəxri ev sahibləri sırasına 4 senator və 13 konqresmen daxil olub.

ABŞ-dakı lobbiçilik fəaliyyətlərini monitorinq edən opensecrets.org saytı yazır ki, Anar Məmmədovun təşkilatı lobbiçi “Fabiani&Company” şirkətinə 2012-ci ildə 1,8 milyon dollar, 2011-ci ildə isə 2,4 milyon dollar ödəyib. Bu hamısı deyil, Anar Məmmədov təvazökar adam olduğu üçün bu haqda heç nə söyləmir.

Təvazökar müharibə əlili

Qarabağ müharibəsi əlili Xalid Məmmədovÿ”Azadlıq” radiosunun “Qaynar xətt”inə müraciət edib: “Qarabağda şücaət göstərdiyim üçün Heydər Əliyev yaxamdan medal asıb. Ancaq yol kənarında dayanıb təkər qaraldıram. Evim yoxdur, istidə açıq havaya, soyuqda onun-bunun qoltuğuna sığınıram. Çörəyə də çatmayan cüzi təqaüd alıram”.

Təvazökarlığa baxın ki, yaxasında medalı ola-ola çox sadə həyat yaşayır. Heç nəyi yoxdur. Ən sadə işlərlə məşğuldur. Təkər qaraldır…

Təkərə brilyant düzəsi deyil ki!