Çox komik, əcaib-qəraib situasiya yaranıb. Dünənədək “Qafqazın ən güclü ordusu” deyə öydükləri, peşəkarlığından, qüdrətindən dəm vurduqları ordunun rəhbərliyində indi əsl payız xəzanı yaşanır, generalllar bir-birinin ardınca “vurulur”, idarə rəisləriylə, şöbə müdirləriylə, hətta hərbi nəşriyyatın direktoruyla belə, yarıtmaz kadrlar kimi vidalaşılır. Əvəzində vaxtilə işdən çıxarılan, ehtiyata göndərilən zabitlər yenidən vəzifəyə gətirilir.
Indi bunu necə başa düşək? Belə çıxmırmı ki, əslində indiyədək ordumuzun qüdrəti, “Qarabağı hər an işğaldan azad etməyə hazır olması” haqqında deyilənlər həqiqətən də təbliğat şousundan və quru, sönük populizmdən başqa bir şey deyilmiş? Əgər bir orduda bu qədər yarıtmaz kadr, zabit varmışsa, o hansı məntiqlə “güclü, Qarabağı azad etməyə qadir” ordu ola bilərdi?
Hələ mən köhnə generalların geri qaytarılmağa başlamasını demirəm. Yenə Səfər Əbiyevə şükür. Barı o köhnə, vaxtı keçmiş tankları rəngləyib, böyür-başını təmir edib təzə kimi ordumuza sırıyırdı. Yeni nazir isə köhnə, istefadakı generalları “rəngləyib təzələməklə” məşğuldur.
Belə generallardan birinin (Aleksandr Vasyak) keçən günlərdə oxuduğum açıqlamalarını xatırlayaq: “Səfər Əbiyev ordu sistemini özünə uyğun şəkildə qurmuşdu – məsul vəzifələrə ona sərfəli və sadiq adamları təyin edir, professional zabitləri isə ordudan tərxis edərək və ya üçüncü dərəcəli vəzifələrə keçirərək yolundan kənarlaşdırırdı”.
Buyurun, artıq öz generalları son 20 ilin ordusunu dəqiqliklə təsvir edib. Halbuki bizdə bu həqiqətləri yazdığına görə nə qədər qəzetin, jurnalistin, hərbi ekspertin üzərində sifarişli məhkəmə hökmləri, ağır cərimələr var, onları “yalan və böhtana, ordunun qüdrətini sarsıtmağa çalışdığına görə” ədalətsiz hakimlərin əli ilə cəzalandırıblar.
Indi isə əsl gerçəkliyi özləri dilə gətirirlər. Çünki artıq günəşi suvamağın mümkün olmadığını, ölkəni düçar etdikləri bəlaları, dərdləri xalça altına süpürməklə kimsədən gizlədə bilməyəcəklərini anlayırlar.
Vasyakın açıqlamasında bir cümlə diqqətimi xüsusilə çəkdi: “Səfər Əbiyev ordu sistemini özünə uyğun şəkildə qurmuşdu”.
Bəli, bu reallıqdır, amma yalnız Əbiyevlə sınırlanan reallıq deyil. Bu saat Azərbaycanda bütün nazirliklərlə bağlı eyni mənzərədir: hər nazirlik bir nəfərin şəxsi biznes sahəsinə, şirkətinə, obyektinə çevrilib. Bir klassik meyxanada deyildiyi kimi: “Ərdəbil bir şəhərdir, hərə özünün vəkili”. Məsələn, Ziya Məmmədov nəqliyyatı özəlləşdirib, Kəmaləddin Heydərovdan icazəsiz heç kim ütünün yandırdığı köynəyini belə söndürə bilməz. Səhiyyə Oqtay Şirəliyevin “budka”sıdır, neft Rövnəq Abdullayevin “toçka”sıdır və s. və i.a.
Bütöv bir ölkənin sadəcə, bir ailənin həxsi korporasiyasına çevrilməsi fonunda buna əsla təəccüblənməmək lazımdır. Başqa cür olması mümkün deyil.
Keçənlərdə bir əcaib-qəraib fakta isə Səlim Müslümov imza atmışdı, o, Dövlət Sosial-Müdafiə Fondunun rəhbəri ikən “işində yol verdiyi ciddi nöqsanlara görə” beş ay əvvəl vəzifədən uzaqlaşdırdığı keçmiş bir kadrını yeni nazir təyin olunduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində rəhbər postlardan birinə gətirmişdi. Buna nə deyəsən? Nə ad verəsən? Nə məntiq axtarasan bunda? Səlim müəllim bununla nə demək istəyib? Nə idi bunun izahı? “Gəl nöqsanlarına burada davam et, onsuz da xaraba qalmış nazirliyi bir az da sök-dağıt”, yoxsa nə?
Əslində isə 20 ildir ölkədə elə bu baş verir: hər cür nöqsanın, pisliyin, dağıdıcılığın, parazitliyin önü açılır, hər cür yarıtmazlığa, yaramazlığa yaşıl işıq yandırılır. Əvəzində də önü kəsilən, yoluna daş dığırlanan ölkənin yüksəlişidir, tərəqqisidir, gerçək bir hüquq dövlətinə çevrilməsi, həqiqi iqtisadi inkişafa nail olunması, Azərbaycanın çağdaş, modern bir dünya ölkəsinə çevrilməsidir.
Bundan sonra məndən yeni yazılar isə əsla gözləməyin. Köhnə yazıların böyür-başını düzəldib, rəngləyib yenidən bu köşəyə yerləşdirəcəm. Mənim Ilham Əliyevin nazirlərindən nəyim, haram əskikdir?
Üstəlik, onsuz da ölkədə olsa-olsa, təqvim dəyişir, amma yaxşılığa doğru dəyişən heç nə yoxdur.
15 il əvvəlki bir yazıda danışılan dərdlər, bəlalar qalır, hətta vəziyyət bir az da ağırlaşıb.
Belədə yeni nə yazasan, necə yazasan?!