Diktatura rejiminin R.Mehdiyevdən sonra başlıca ideoloqu olaraq tanınan Əli Həsənov böyük Sabirin bəlli-balaca tiplərindən biri kimi xalqı belə muştuluqlayır: “Düşdü bütün qəzetlər qiymətdən ay can, ay can!”. Sabirin bəlli, qəzetə düşmən tipi 20-ci yüzilin başlanğıcında yaşayırdı. Əli Həsənov 21-ci yüzilin başlanğıcında yaşayır. Sabirin tipi oxumamış, biliksiz birisiydi: ola bilsin, baqqal-maqqal, dükançı-qapançı. Əli Həsənov Moskvada oxuyub, Prezident Administrasiyasında ideoloq-kuratordur. Üstünlüyü kimə verərdiz: Sabirin tipinə, yoxsa YAP-ın?
Sabir dönəmində qəzetlər oxumamış xalqın geridəqalmışlığından qiymətdən düşürdü. Indiki qəzetlərin qiymətdən düşməyi başlıca olaraq iki faktora bağlıdır: 1) 20 illik əliyevçi ANTIMILLI, ANTIDEMOKRATIK rejim təhsil sistemini rüşvətə-korrupsiyaya batırıb dağıtmaqla ölkədə qəzet-kitabı ən dəyərsiz, ən gərəksiz nəsnəyə çevirib; 2) dünyanın ən ünlü qəzeti olan NYU-YORK TAYMSdan Azərbaycanla bağlı alıntı yerinə düşür: “Ölkənin yarımfeodal yönətim sisteminin başında cinayətkarlar, oğrular, vulqar nuvorişlər sinfi durur”. Söz yox, mən bunları özümün ölkə boyu görüb bildiklərimdən çıxış edərək də yaza bilərdim. Ancaq mənim yazmağım hara, NYU-YORK TAYMSın yazmağı hara! Ə.Həsənov komandası üçün biz hər şeyi qara görən, onlara qara yaxan kimsələrik. Onların düşüncəsinə görə biz qaranı – yarımfeodal yönətim sistemini – ağ görməli, qaraya – cinayətkarlar, oğrular, vulqar nuvorişlər sinfinə – başqa ad verməli, deyək, kristal, intellektual, bəybalalar sinfi deməliyik. Bəlkə də, deyərdik, ancaq… bunu demək üçün nələrdənsə, ola bilsin, başlıca olaraq Ulus, Ölkə, Dövlət sevgisindən keçibən qabaqca satılmaq gərəkir. Bizi bağışlayın, biz sizin 20 illik acımasızca çeşidli repressiyalarınıza dözdük, satılmadıq – bir çox baxımlardan sizlərdən çox-çox üstün yaşayış yerinə, ağrı-acılarla dolu yaşayış qazandıq. Qurduğunuz ANTIMILLI, ANTIDEMOKRATIK rejimlə onu bizə siz qazandırdız. Bilirik, buna, bu “böyük” uğurunuza çox sevinirsiz, bilin: Səddamdan, Qəzzafidən güclü deyilsiz. Onlar da ölkələrini böyük güclərə sata-sata diktatorluğa gəlib çıxmışdılar!
“Vulqar nuvorişlər sinfi”. Bilməyənlər üçün: “vulqar” latın sözüdür, bizim dildə bayağı, qaba anlamlarındadır. “Nuvoriş” alver yoluyla, özü də cinayətkarcasına alver yoluyla varlanan adamlara deyilir. Bəlli olduğu kimi, belələri kimsəni saymır, çox varlansalar da, düşkün düşüncə adamları olaraq hamıya saymazyana baxır, hamını, hakimiyət başında bütün xalqı özlərinə borclu sayırlar. Son 20 ildə Azərbaycanda belə bir sinif formalaşıb. Göründüyü kimi, bu, NYU-YORK TAYMS jurnalistinin də gözündən yayınmayıb. Biz informasiya-internet yüzilliyində yaşayırıq. Az-çox intellektuallar olaraq bizim faciəmiz başımızın üzərində yarımfeodal düşüncəli, gerilikçi, 21-ci yüzilə azacıq da olsa yaraşmayan kimsələrin durmasıdır. Onlar seçki yoluyla deyil, ölkəni böyük güclərə satmaqla hakimiyətə yiyələndikləri kimi də hakimiyətdə qalırlar. Onlar üçün iki böyük qorxu var: 1) doğru-düzgün seçki; 2) doğru-düzgün qəzetlər. Çox böyük çətinliklə – milyonlardan, milyardlardan keçməklə bir seçkini də sovuşdura bildilər.
Indi qalır cinayətkar rejim gerçəklərini – doğru-düzgünü yazan bir neçə qəzet. Ən başlıcası, “Azadlıq” qəzeti. Belə varlı ölkədə Xalqı çörək yesirinə çevirməklə qəzet-kitabdan uzaqlaşdırırlar. Qəzetlərin qazanc qaynaqlarını qapayır, qəzet köşklərini barmaqla sayılacağadək azaldır, üstəlik, metroda da qəzet-kitab satışını yasaqlayırlar. Alt-üst paltarı, siqaret-narkotik, nə istəsən satmaq olar metroda, bircə qəzet-kitabdan savayı. Yenidən, dönə-dönə ünlü qəzetin yazdığına qayıtmaq gərəyi yaranır: “Ölkənin yarımfeodal yönətim sisteminin başında cinayətkarlar, oğrular, vulqar nuvorişlər sinfi durur”.