Əliyevin peykşünaslığı

İlham Əliyev göyə milli peyk qaldıranda bir nəfər ciddi şəkildə məndən soruşdu ki, bilmirsən, o peyk təxminən hansı tərəfdədir? Cavab verdim ki, göydədir də, nəyinə lazımdır, hansı tərəfdədir?! Dedi ki, qağa, məni qorxu bürüyüb, o, nə vaxtsa yerindən qopub kiminsə başına düşəcək.

Bu cavab bir qədər məntiqli görünməsə də, elə məntiqin yaratdığı narahatlıqdır. Bir ölkədə ki, birinci ixtisas qrupu üzrə keçid balı 150 ola, onun peykinin yerindən oynaması niyə təəccüblü olsun ki?

Ilham Əliyev bizim ölkəmizdə insanların siyasətçi deyil, vətənpərvər olmasını arzulayanda hər şey bəlli idi. Onun məntiqilə vətəni idrakla sevmək olmaz. Əslində düz deyir, vətəni elə günə qoyub ki, ağlı kəsən onu necə sevə bilər axı?! Adam deyir ki, oxumayın, sadəcə, mənə inanın. Bunun, rəsmi dövlət siyasəti olduğu hər kəsə bəllidir. Bu yaxınlarda büdcə layihəsi ortaya çıxanda isə bir daha təsdiqlənmiş oldu.

Iqtisadçı Qubad Ibadoğlunun araşdırmasına görə, 2014-cü ilin büdcəsində hər 100 manatdan cəmi 7 qəpik elmə sərf edilmək üçün nəzərdə tutulub. Ilham Əliyev 35 manat tikintiyə 7 qəpik elmə ayıranda artıq məsələni həll edib. Demək istəyir ki, quruculuq əsrindəyik, bilicilik lazım deyil.

Maliyyə naziri Samir Şərifov elə Ilham Əliyevin bu müdrik siyasətindən ruhlanaraq deyir ki, müəllimlərin maaşını artırmaq üçün onların sayını azaltmaq lazımdır. Düz deyir, bizə müəllim yox, mühəndis lazımdır. Ilham Əliyev müdrik adamdır, ona kimsə desə ki, müəllim olmadan mühəndis olmur, bəlkə də durumu təsəvvür edə bilər.

Mənə də elə gəlir ki, bizdə müəllimlərin sayını azaltmaq yox, kökünü kəsmək lazımdır. Bizim yaxşı müəllimə deyil, yaxşı saxtakara ehtiyacımız var. Guya, harada yazılıb ki, saxtakarın ixtisası mütləq müəllim olmalıdır?! Yaxşı saxtakar həkim də ola bilər, hələ elektrik də…

Səmərəli bir təklif vermək istəyirəm. Onsuz da Ilham Əliyevin yolu bəllidir: Heydər Əliyev yolu – dönməzliyin döngəsi! Ona görə də yeni təhsil naziri peşə seçimlərində əsas ağırlığı Ilham Əliyevə lazım olan ixtisas sahiblərinin  yetişdirilməsinə verməlidir. Ölkədə ali təhsilli seçki saxtakarları, üzəduranlar, yaltaqlar, cibə narkotik atanlar yetişdirilməlidir. Son seçkilər göstərdi ki, Ilham Əliyev ixtisaslı kadrlar çatışmadığına görə ifşa olundu, biabır oldu. Bu, dövlətin rəsmi sifəti olan dövlət başçısının imici baxımından çox ciddi məsələdir.

Söz tapmaq çətinləşir. Istəyirəm deyim ki, adamı bu qədər dolamazlar, milləti belə aşağılamaq olmaz, xalqla belə rəftarın axırı pis olar. Dediklərimə də inanıram. Bunun axırı pis olacaq. Təkcə bir məntiqə görə ki, cahil toplumun gözü dönəndə o, yetişdiricilərini yabanın ucu ilə salamlayıb, dar ağacından sallayır. Dünyada buna dair minlərlə misal var ki, nə baş verdiyini anlamaq üçün birini oxumaq kifayət edir.

Amma və lakin bunları deməyin heç bir faydası yoxdur. Çünki heç bir diktator anlamır. Anlamır ki, onun taleyi heç də özündən əvvəlkilərdən fərqli olmayacaq. O bilmir ki, taleyini özü yazır. Öz düşməni elə özüdür. Kütlə ilə, millətlə, xalqla belə davranmazlar, belə düşmənçilik olmaz. Ona görə olmaz ki, xalq bir adam deyil, unutsun…

Seymur Həzi