«O görüşdə söyüş olub, bura gəlsəydi, üzünə deyərdim ki, sən kimlərin dalınca nələr danışdın»
Keçmiş deputat: «Mən onsuz da hamını Allaha tapşırmışam…»
Keçmiş deputat Gülər Əhmədovanın məhkəməsi yekunlaşmaq üzrədir. Keçmiş deputatın işi üzrə şahidlərin dindirilməsi, sənədlərin, o cümlədən ekspert rəylərinin elan olunması mərhələsi başa çatıb. Sübutların tədqiqi mərhələsində məlum videogörüntülərə baxış keçirilməsi qalmışdı, amma məhkəmə buna ehtiyac durmadı.
Daha doğrusu, dünənki məhkəmə iclasında hakim Əlisultan Osmanov dünənki məhkəmə iclasında məlum videogörüntülərə baxış keçirilməsinə ehtiyac olub-olmadığı barədə tərəflərin fikirlərini soruşdu. Həm prokuror, həm də vəkil bu məsələni məhkəmənin öz öhdəsinə buraxdı. Gülər Əhmədovanın cavabı isə belə oldu: “Həmin videogörüntülərin əsli varsa, baxaq. Surəti kimə lazımdır?”
Məhkəmə məlum videonun “üstündən keçdi”
Məhkəmə videogörüntülərə baxış keçirməmək qərarı verdi. Bundan sonra Gülər Əhmədovanın vəkili Əfsər Talıbov ekspertiza rəylərindən narazılığını bildirərək, ekspertin məhkəmədə dindirilməsi haqda vəsatət qaldırdı: “Elşad Abdullayev deyir ki, Gülər Əhmədova ilə söhbətinin 5 saatlıq videosu var, amma cəmi yarım saatını yayıb. Bacısı oğlu da deyir ki, söyüşlər montaj olunub. Məgər bu adamlar 4 saat yarım söyüşüblər? Ekspertiza videogörüntülərin lentə aldığı vaxtı müəyyənləşdirə bilməyib. Həmçinin rəydə də yazılıb ki, görüntülər və səs ayrı-ayrılıqda yazılıb. Bütün bunlardan sonra ekspertiza rəy verir ki, yayılan video montaj deyil. Bu nə deməkdir? Ekspert məhkəməyə dəvət olunsun, ona veriləcək suallarımız var”.
Vəkilin ikinci vəsatəti Elşad Abdullayevin əməllərinə hüquqi qiymət verilməsi haqda oldu. Məlum görüntülərin gizli çəkildiyi ofisin Elşad Abdullayevin qayınatasına məxsus olduğunu deyən vəkilin sözlərinə görə, ABU rektoru müxtəlif adamları şantaj etmək məqsədilə həmin ofisdən istifadə edib. Əfsər Talıbov qeyd etdi ki, Elşad Abdullayev gizli çəkiliş aparmaqla Konstitusiyanın, prezident fərmanının tələblərini pozub. Ona görə də Elşad Abdullayevin böhtan atma, başqalarının şərəf və ləyaqətini alçaltma kimi əməllərinə hüquqi qiymət verilməlidir.
“Elşad Abdullayev siyasi akrobatika ilə məşğuldur”
Gülər Əhmədova da vəkilinin vəsatətlərini müdafiə etdi: “Bacısı oğlu Mürsəliyev məhkəməyə gələndə dedim ki, ona çatdır, videonun əslini göndərsin. Əlini gözünün üstünə qoydu ki, çatdıracam. Sonra mətbuata müsahibə verir ki, çatdırmamışam. Mən deyim niyə çatdırmayıb? Çünki videonun əslini üzə çıxara bilmirlər. Hər şeyin əsli olmalıdır. Adi JEK notarial qaydada təsdiqlənməmiş sənədin surətini qəbul eləmir. Amma prokurorluq əsli olmayan videonu nəinki qəbul eləyir, hətta onunla adam da tutur. Video ilə bağlı ekspertiza rəyi o qədər qarışıqdır ki… Yazır ki, formatdan formata köçürülüb, sinxronluq pozulub, sözarası ifadələr itib, axırda da rəy verir ki, montaj deyil. Montajın buynuzu olur? Mən bu videonu qəbul eləmirəm, əslini qoysun ortaya. Kimin ixtiyarı var prezidentin fərmanını, Konstitusiyanı pozmağa? Bu adam siyasi akrobatika ilə məşğuldur.
Başa düşə bilmirəm, prokurorluq əsli olmayan şeyi necə qəbul edir? Necə olur, bu, 5 min verdiyi adamı çəkib, amma 1 milyonu verdiyini yox. Mən ondan pul alsaydım, heç olmasa, 1 milyonun 10 minini ayrıca verib, onu çəkərdi də…
Deyir ki, videoda söyüşlər olub. Bəli, söyüş var. Niyə əslini qoymur ortaya ki, hamı görsün orada hansı söhbətlər olub? Qorxur ki, prokurorluğun, məhkəmənin tərbiyəsini pozar? Mən ora pul almağa getmişdimsə, onu niyə söyməliydim? Bura gəlsəydi, üzünə deyərdim ki, sən kimlərin dalınca nələr danışdın, cavabını aldın. Orada nə danışılıb, o da bilir, mən də.
“1 milyon verən oğlan 7 il gözləyər?”
Məəttəl qalmışam ki, niyə belə olur? Elşad Abdullayev nə böyük adamdır ki, onun dediyi keçir? Prokurorluğun da qəbul elədiyi videonu mənə verərsiz, bunu o adama sığınacaq vermiş Fransaya, Amerikaya göndərəcəm. Başdan-ayağa geydirmə söhbətdir. Bu hansı qanuna, hansı insanlığa sığır? Gedib oturub orada, ağzına gələni danışır, buna görə 3 dəfə millət vəkili olmuş qadını 10 aydır salıblar içəri. Mənim günahım nədir?
Yaxşı, mən ondan 1 milyon almışamsa, bunu istəmək üçün 7 il niyə gözləyirdi? Bu 7 ildə bir dəfə gəlib niyə qapımı döyməyib ki, borcumu qaytar? Niyə həyat yoldaşıma, qardaşıma deməyib ki, borcumu qaytarsın? Mənim qardaşımı bütün Azərbaycan tanıyır. 1 milyon verən oğlan 7 il gözləyər? Çünki özü də, Sevinc Babayeva da yaxşı bilirdi ki, pulları hardadır. Təəssüf ki, Sevinc Babayeva ölüb getdi.
Bunları Allah götürməz. Mən onsuz da hamını Allaha tapşırmışam”.
Gülər Əhmədovanın çıxışından sonra prokuror vəsatətlərə münasibət bildirərək, onların təmin olunmamasını istədi. Elə məhkəmənin qərarı da belə oldu.
Bundan sonra hakim məhkəmə istintaqının yekunlaşmasını təklif etdi. Nə prokuror, nə vəkil, nə də Gülər Əhmədova özü etiraz etdi.
“Bu da səninçün Elşad Abdullayev deyil ki, atasan”
Prosessual qaydalara uyğun olaraq, məhkəmə istintaqı yekunlaşandan sonra tərəflər çıxış edir. Dünənki məhkəmə iclasında dövlət ittihamçısı Eldar Həmzəyev çıxış edərək, Gülər Əhmədovanın 4 il azadlıqdan məhrum edilməsini istədi. Prokuror bildirdi ki, Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrilə təqsirləndirilir. Onun himayəsində azyaşlı uşaq olması, ictimai fəaliyyəti, parlamentin 3 çağırış deputatı olması yüngülləşdirici hallar kimi nəzərə alınmalı, həmçinin vurulan maddi ziyanın məbləği məhkəmə tərəfindən müəyyən olunmalıdır.
Prokuror çıxışında dedi ki, Gülər Əhmədovanın səlahiyyətləri olmadığı halda, o, Elşad Abdullayevə 1 milyon dollar müqabilində deputat seçiləcəyini vəd edib. Həmçinin Sevinc Babayevanın ölkədən çıxarılmasına şərait yaradıb, onun Türkiyədə qeyri-leqal yaşamasını təmin edib, həmin müddətdə dəfələrlə danışıblar. Prokuror eyni zamanda, Gülər Əhmədovanın Sevinc Babayevanın ailəsinə də 20 min dollar pul verdiyini xatırladaraq, onun bu ailəyə yardım etdiyini bildirdi.
Videogörüntülərə gəlincə, dövlət ittihamçısı dedi ki, videodakı səslərin saxtalaşdırılması mümkün deyil və 1 milyon dolların Gülər Əhmədova tərəfindən alındığı sübuta yetirilib.
Prokuror konkret sübutlardan da danışdı. Onun sözlərinə görə, videogörüntülər yayılandan sonra Gülər Əhmədova ilə köməkçisi Əhməd Şahidov arasında “Skype” danışıqları zamanı köməkçisi keçmiş deputata bu əməlin ağır cinayət olduğunu, ortada təkzibolunmaz faktlar olduğunu deyib.
Dövlət ittihamçısı Gülər Əhmədovanın Sevinc Babayevanın bacısına göndərdiyi “Mənim anam iki dəfə əlimizdə qalmışdı. Biz yüz yerə pul göndərmişik. Xəsislik etməyin, adamınızı orada ləyaqətlə saxlayın. Bizim bildiklərimiz çoxdur, sizin də bildikləriniz var. Düşmənimiz güclüdür. Elşad Abdullayevlə birgə mübarizə aparırıq” mesajını da açıqladı. Bundan başqa, Sevinc Babayevanın hələ sağ olarkən Gülər Əhmədovaya “Bu da səninçün Elşad Abdullayev deyil ki, atasan” məzmunlu mesajı da elan edildi.
Prokurorun çıxışından sonra söz Gülər Əhmədovanın vəkili Əfsər Talıbova verildi. Vəkil isə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istədi.
Aytən Məmmədova