Hakimiyyətdaxili ziddiyyətlər üç qurumu başsız qoyub
Tələbə Qəbulu Üzrə Dövlət Komitəsi(TQDK), Dövlət Sosial Müdafiə Fondu(DSMF) və Hesablama Palatasının rəhbərliyinə təyinatlar düyünə düşüb. Hələki bu qurumların heç birinə rəhbər təyin olunmayıb. Yada salaq ki, Hesablama Palatası və Dövlət Sosial Müdafiə Fondunun başsız qalması bu qurumlara rəhbərlik edən şəxslərin başqa vəzifəyə təyinatı ilə bağlıdır.
Hesablama Palatasının keçmiş sədri Heydər Əsədov kənd təsərrüfatı naziri, DSMF-in sabiq rəhbəri Səlim Müslümov isə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin olunub. TQDK-ya gəlincə, Məleykə Abbaszadə hələ sədr postuna təsdiq olunmayıb. O, hazırda sədrin səlahiyyətlərini icra edir.
Hər üç qurumun rəhbərliyinə təyinatların yubanması hakimiyyətdaxili ziddiyyətlərlə izah edilir.
Məleykə Abbaszadə Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevə yaxın kadr sayılır. TQDK-nın çəkişmədə olduğu Təhsil Nazirliyinin rəhbəri Mikayıl Cabbarov əks cinahın – Paşayevlərin kadrı hesab edilir. Misir Mərdanov təhsil naziri vəzifəsindən azad edildikdən sonra TQDK-Təhsil Nazirliyi duellosuna son qoyulacağı gözlənilirdi. Lakin aydın oldu ki, problem Misir Mərdanovla bağlı deyil. Məsələnin kökündə hakimiyyətdəki iki nüfuzlu qruplaşmanın – Paşayevlərlə “Naxçıvan” klanının təhsil sahəsini ələ keçirmək uğrunda mübarizəsi dayanır.
Məleykə Abbaszadənin sədr postuna təsdiq olunmasının ləngiməsi bu amillə bağlıdır. Paşayevlər Məleykə Abbaszadənin TQDK sədri olmasına qarşıdırlar. Onları tələbə qəbulunu da nəzarətə götürmək üçün bu qurumun Təhsil Nazirliyinə birləşdirilməsi məsələsini gündəmə gətiriblər. Lakin əks qruplaşma buna müqavimət göstərir.
DSMF-lə bağlı da təxminən eyni vəziyyətdir. Bu qurum əvvəllər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərib. Lakin sonradan keçmiş əmək və əhalinin sosial müdafiə naziri Əli Nağıyevi zəiflətmək üçün DSMF müstəqil quruma çevrildi. Indisə yenidən əvvələ qayıtmaq niyyəti var. Yeni nazir Səlim Müslümov da ciddi-cəhdlə çalışır ki, DSMF-i nəzarətdə saxlasın. Lakin hakimiyyətdə buna qarşı çıxanlar olduğuna görə hələ məsələ açıq qalır.
Hesablama Palatasının sədrini Milli Məclis müəyyənləşdirsə də, Azərbaycan reallığında parlamentin müstəqil qərar vermədiyi bəllidir. Bu quruma təyinat da “yuxarıda” həll olunur. Məlumatlara görə, Heydər Əsədov kənd təsərrüfatı naziri təyin olunsa da, Hesablama Palatasını əldən buraxmaq istəmir. O, həmin qurumun özünə yaxın şəxsin təyin olunmasına çalışır. Nəqliyyat naziri Ziya Məmmədovun qudası, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla yaxşı münasibətləri olan Heydər Əsədov onların dəstəyilə Hesablama Palatası barədə veriləcək qərara təsir edə biləcəyini düşünür. Heydər Əsədovun canfəşanlığı maliyyə naziri Samir Şərifovun iddiaları ilə bağlıdır. Məsələ burasındadır ki, bu iki məmur arasında münasibətlər yaxşı deyil. Əvəz Ələkbərov maliyyə naziri vəzifəsindən çıxarılanda onun yerinə məhz Heydər Əsədov can atırdı. O, həmin vaxt maliyyə nazirin müavini postunda çalışırdı. Lakin Ilham Əliyev Samir Şərifovu bu vəzifəyə təyin etdi. Bundan sonra Kəmaləddin Heydərova arxalanan Heydər Əsədov maliyyə naziri ilə intriqaya başladı. Vəziyyət o həddə gərginləşdi ki, Samir Şərifov Heydər Əsədovla işləmək istəmədi. Və o müavin postu vəzifəsindən azad edildi. Lakin Kəmaləddin Heydərov Heydər Əsədovu işsiz qoymadı, o, Hesablama Palatasının rəhbərliyinə gətirildi.
Indi Samir Şərifovun da Hesablama Palatasını nəzarətdə saxlamaq iddiası var. Bu baxımdan Ilham Əliyev adıçəkilən qurumla bağlı qərar verməyə tələsmir.
Azad