“Azadlıq”a qarşı basqı gözlənilən idi”

«Hakimiyyət mediaya təzyiq siyasətinin onun üçün nə dərəcədə təhlükəli olduğunun fərqində deyil»

Rəşid Hacılı: «Tağı Əhmədovun işiylə bağlı artıq Avropa Məhkəməsinə müraciət olunub»

Prezident seçkisindən sonra müstəqil mətbuata qarşı təzyiqlərin proqnozlaşdırıldığı kimi  artmağa başladı. “Azadlıq” qəzetinin bir neçə gün çap edilməməsi də məhz bu təzyiqlərin nəticəsi idi. Qəzetin satışına qoyulan qadağa, məhkəmə cərimələrinin icraata yönəldilməsi qəzetimizin gələcək fəaliyyətini ciddi sual altında qoyub. Müsahibimiz Media Hüquqları Institunun rəhbəri Rəşid Hacılı ilə söhbətimizə mətbuatın son durumuna münasibət bildirməklə başladıq.

– Ümumiyyətlə, həmişə seçki kampaniyasından əvvəl və sonra mətbuata basqıların güclənməsini müşahidə edirik. Bu təzyiq kampaniyası seçkiyə bir müddət qalmış başlayır və seçki təşviqatı dönəminə zəiflədilmiş mətbuatın meydanda olmasına gətirib çıxarır. Amma nə qədər zəiflədilmiş olsa da, mətbuat seçki kampaniyası dövründə kifayət qədər fəal olur. Seçki bitdikdən sonra təzyiqlərin növbəti mərhələsi baş verir. Bu onunla bağlıdır ki, mətbuatın siyasi proseslərdə, ümumiyyətlə, seçki kampaniyasında böyük rolu var. Qanundan uzaq, avtoritar idarəetməni seçən hakimiyyətlər üçün mətbuatın azacıq azadlığından belə qorxurlar. Ona görə də seçki kampaniyasından sonra ən çox fəal olan mətbuat orqanlarına qarşı təzyiqlər başladı. Burada xüsusilə “Azadlıq” qəzeti öndə gedən media strukturudur. Bu baxımdan “Azadlıq”a qarşı basqı gözlənilən idi. Eyni zamanda “Qanun” Nəşrlər Evinə, seçkilərin monitorinqi ilə məşğul olan SMDT rəhbəri Anar Məmmədliyə qarşı basqılar da təsadüfi deyildi. Eyni zamanda “facebook” üzərindən tənqidi fikirlərini yayan Altay Göyüşova qarşı təzyiqlər ümumi siyasətin ayrı-ayrı göstəriciləri idi.

– Hakimiyyət təmsilçiləri bəyan edirlər ki, çətin durumla üzləşən qəzetlərin durumu ictimai tələbatın göstəricisidir. Bu arqument nə dərəcədə əsaslıdır? Həqiqətənmi gündəlik tirajı və internet saytına daxil olmalar dövlət qəzetlərindən bir neçə dəfə çox olan müxalifət qəzetlərinə ictimai təlabat yoxdur?

– Normal ölkədə hər hansı bir qəzetin durumu ona olan tələbatla bağlıdır. Bazar nəzəriyyəsinə görə, məntiqlə belə olmalıdır. Qəzetə nə qədər təlabat varsa, o bir o qədər böyük və güclüdür. Amma Azərbaycan kimi ölkələrdə mediaya daimi olaraq basqılar edilir. Bu basqıların məqsədi qəzetlərin ictimai tələbatın onlara verə biləcək imkanlardan istifadə edə bilməmələri üçündür. Məsələn, reklam bazarı sırf hakimiyyətin əlində olduğuna görə, iqtidarı tənqid edən media strukturlarının heç birinə reklam verilmir. Bu həmin o ictimai tələbat qaydalarına hakimiyyətin birbaşa müdaxiləsidir. Ikinci yol qəzetin satış bazarının məhdudlaşdırılmasıdır. Bütün satış kompaniyaları hakimiyyətin əlində olduğuna görə iqtidar bu bazarı da tam kontrol altında saxlayır. Satış şirkətləri isə əsasən müxalifət qəzetlərini satırlar. Çünki hakimiyyət mətbuatının oxucusu yoxdur. Məsələn, dövlət şirkəti olan “Qasid”in də sıradan çıxarılması mətbuata basqıların tərkib hissəsidir. Yeni yaranan şirkətlər isə qəzetlərin satışına maraq göstərmir. Metroda satışa qoyulan son qadağa da bu siyasətin tərkibidir. Küçədə qəzet satışına təzyiqlər də təsadüfi deyil. Hakimiyyət bir sıra qəzetlərə, o cümlədən “Azadlıq”a ictimai tələbatın çox olduğunu gördüyündən bu cür müdaxilələrə əl atılır. Məqsəd insanların bu mediadan kənarda qalmasını təmin etmək üçündür. Hakimiyyət eyni zamanda televiziyalarda qəzetlərə qarşı gözdənsalma kampaniyası aparır. Və yaxud da yazarlara qarşı fiziki təhdidlərə yol verir, qəzetləri məhkəmə çəkişmələrinə çəkir. Bir sözlə, hakimiyyət əlində olan bütün imkanlardan qəzetlərə qarşı istifadə edir. Bu siyasətin yürüdülməsi də ona xidmət edir ki, müstəqil qəzetlərə qarşı ictimai diqqətin qarşısı alınsın.

“Kommunistlərə xas təfəkkür tərzi”

– Əli Həsənov son açıqlamasında bildirib ki, əgər mətbuat orqanlarının durumu çətindirsə, deməli, onlar tutduqları yoldan çəkinməlidirlər. Bu cür açıqlama dövlətə nə dərəcədə başucalığı gətirən mövqedir?

– Qəzetlərə nəsə öyrətmək daha çox kommunist dövründən gəlmə vərdişdir. Bu cür siyasət daha çox avtoritar ölkələrə xasdır. Bu cür idarəetmələr qəzetlərə necə yazmağı öyrətməyə çalışırlar. Ümumiyyətlə, maraq doğuran məsələ odur ki, qəzetlərə qarşı ciddi basqı kampaniyaları baş verəndə hakimiyyət sözçüləri buna bir reaksiya verirlər. Bu reaksiyalardan isə onu anlamaq olur ki, bu sözçülər elə həmin kampaniyanın içərisindədirlər. Biz bu tendensiyanı illərdir müşahidə edirik. Çünki hakimiyyət qəzetləri boğarkən müxtəlif bəhanələr gətirməlidir. Həmin bəhanələrdən biri də qəzetlərin necə yazmalı olduğu ilə bağlıdır. Əgər belə bir xilas yolu varsa və həmin məsləhətlərlə qəzetləri inkişaf etdirmək mümkündürsə, hökumət elə öz nəzarətində olan qəzetlərə qarşı bu metodologiyanı tətbiq etsin ki, həmin qəzetlər media bazarında yüksək mövqeyə çıxa bilsinlər. Amma bütün dəstəyə, imkanlara baxmayaraq onlar “Azadlıq” və “Yeni Müsavat”dan uğurlu qəzet çıxara bilməyəcəklər.

– Əslində bu açıqlama müxalif qəzetlərin tutduqları yoldan çəkinməyəcəkləri təqdirdə növbəti təzyiqlərlə üzləşəcəklərinin anonsu deyilmi?

– Mən hakimiyyətdən həmişə basqı gözləyirəm. Hakimiyyət media siyasətini ciddi şəkildə dəyişməzsə, iqtidarın tənqidi mediaya qarşı münasibəti hazırkı kimi qalacaq. Əgər bu tənqidlərdən hakimiyyətin xoşu gəlmirsə, özü məsləhət gördüyü başqa bir qəzeti yaratsın və onun da ən azı “Azadlıq” qədər tiracı olsun. Bütün bunlar mümkün olmadığına görə onlar olanı boğmağa və tənqidə məruz qalmamaq üçün hər cür addımlara gedirlər. Hakimiyyət bu siyasətin aparılmasında telekanallardan geniş istifadə edir.

– Qəzet və kitabların metroda satışına qadağanın qoyulmasını necə dəyərləndirirsiniz? Metro stansiyalarında ticarət obyektlərində, demək olar, hər şeyin satılmasına baxmayaraq, mətbuata qarşı bu cür təzyiqlər nədən xəbər verir?

– Metroda qəzet və kitabların satışına qadağanın qoyulması hakimiyyətin mətbuata qarşı ümumi siyasətinin tərkib hissəsidir. Hakimiyyət bir-iki tənqidçi qəzeti də sıxışdırmaq üçün özünün onsuz da satılmayan mətbuat orqanlarını sıradan çıxarmağa gedir. Hakimiyyətin bütün qərarları siyasi xarakter daşıyır və burada bir məqsəd var; tənqidçi mətbuatı sıradan çıxarmaq. Hər halda hakimiyyət gördüyü işə görə bir hesabat da verməlidir. Çünki bir var işi balta ilə görəsən, bir də var səliqəli formada yerinə yetirəsən. Bəyan etmək ki, qəzet və kitablar 20 ildir ki, metroda qanunsuz satılır bu çıxış yolu deyil. Burada bir arqument gətirmək olardı. Bu arqument də təhlükəsizliklə bağlı ola bilərdi. Yəni təhlükəsizlik məqsədi ilə metrodakı bütün qəzet və kitab satan yerlər yığışdırılmalıdır. Amma metroda paltar və başqa əşyaların satışı daha təhlükəlidir, nəinki qəzet və kitabların metrodan istifadə edənlərə təqdim edilməsi. Bütün dünyada metro stansiyalarının qarşısında və ya girişində qəzet, kitablar satılır və ya pulsuz qoyulur. Yəni dünyanın hər yerində insanlar metroda ya kitab, ya da qəzet oxuyurlar. Bu baxımdan qəzet və kitabın metroda satışının əleyhinə arqumentlər daha azdır.

Yaranmış durumdan çıxış yolu 

– Mətbuata qarşı basqıların beynəlxalq aləmin diqqətinə gətirilməsi istiqamətində hansı addımlar atılmalıdır? Artıq “Azadlıq” qəzeti bu istiqamətdə bir sıra addımlar atıb. Azərbaycan hakimiyyətinin mətbuata qarşı basqılarına görə sanksiyalarla üzləşməsi real ola bilərmi?

– Istər beynəlxalq aləmi, istərsə də Azərbaycan vətəndaşlarını yaranmış durumla bağlı məlumatlandırmaq lazımdır. Eyni zamanda qəzetləri dəstəkləmək üçün abunə kampaniyasını davam etdirmək lazımdır. Bu kampaniyanı tanınmış ictimai xadimlərlə bölgələrdə də keçirmək lazımdır. Oxucularla birbaşa söhbətlər edilməlidir. Biz bunları etməliyik. Burda söhbət “Azadlıq” və ya başqa mətbuat orqanının dəstəklənməsindən getmir. Məqsəd söz və mətbuat azadlığını qorumaqdır. Ictimaiyyətin bu kampaniyaya dəstək verməsi həm də qəzetin, orada çalışan jurnalistlərin üzərinə böyük məsuliyyət qoyur. Bu yol qəzetlə onu sevənlər arasında münasibətləri dərinləşdirir. Ona görə bu kampaniyanı daimi olaraq aparmaq lazımdır. Digər bir yol, qəzetlərin internet saytlarının gücləndirilməsidir. Saytların üzərindən qəzetlərin satışını hər hansı formada təşkil etmək lazımdır. Mətbuat azadlığına qarşı basqılara beynəlxalq aləmdən reaksiya gələcəkdir. Amma hakimiyyət öz beynəlxalq imicinə ziyan vurmaq hesabına belə bu siyasətini davam etdirmək istəyir. Biz hər il ölkədə media azadlığının pisləşdiyini görürük. Hakimiyyətin bu siyasətinə qarşı durmaq isə bizim ictimaiyyət olaraq hamımızın borcudur.

– Hakimiyyətin mətbuata qarşı basqılarının məhkəmə perspektivlərini necə dəyərləndirirsiniz? “Azadlıq” qəzetinə qarşı tətbiq olunan külli miqdarda cərimələr, qəzetin satışının məhdudlaşdırılması kimi faktlar Avropa Məhkəməsində hakimiyyətin növbəti dəfə pis duruma sala bilərmi?

– Metroda qəzetlərin satışına qadağanın qoyulması qəzetlərin hüquqlarının pozulmasıdır. Bununla bağlı sənədlər hazırlanır və yaxın vaxtlarda məhkəmə çəkişməsi başlayacaq. Eyni zamanda “Azadlıq” qəzetinə qarşı məhkəmə cərimələrinin icrası ilə bağlı məhkəmə prosesləri başlayıb. Tağı Əhmədov, Kəbirə Məmmədovanın iddiası əsasında məhkəmə qərarları siyasi sifariş əsasında qəbul olunan qərarlardır. Tağı Əhmədovun işiylə bağlı artıq Avropa Məhkəməsinə müraciət olunub. Kəbirə Məmmədovanın işi isə Avropa Məhkəməsinə müraciət edilmək üçün hazırlanır. “Azadlıq” qəzeti ilə bağlı bizim əvvəllər göndərdiymiz işlər də var ki, onlara 2014-cü ildə baxılmasını gözləyirik. Avropa məkanına yeni ölkələrin daxil olması üzündən son zamanlar Avropa Məhkəməsinin işləri çoxalıb. Hazırda biz “Azadlıq”ın mövcud durumu nəzərə alınaraq Avropa Məhkəməsinə müraciət etmək istəyirik ki, qəzetin işlərinə bir qədər tez baxılsın. Tağı Əhmədov, Kəbirə Məmədova, metrodakı satışa qadağanın qoyulması kimi işlər Avropa konvensiyasının 10-cu maddəsinin pozulmasıdır. Hökumət bunu çox yaxşı bilir. Amma buna baxmayaraq imicini itirmək bahasına olsa belə qəzetə qarşı bu cür addımları atmaqda davam edir. Amma biz əlimizdən gələn bütün hüquqi məsələləri edəcəyik.

– 2015-ci ildə Azərbaycanda ilk Avropa olimpiadası keçiriləcək. Bu ərəfədə Azərbaycana beynəlxalq diqqət böyüyəcək. Belə halda hakimiyyətin hazırkı mətbuat siyasəti ona beynəlxalq aləmdə hansı münasibətin bəslənəcəyini vəd edir? Çünki “Eurovision” yarışması ərəfəsində Azərbaycan oxşar “diqqətə” layiq görülmüşdü…

– Hakimiyyətin 10 il əvvəlki beynəlxalq imici indikindən qat-qat yaxşı idi. Hakimiyyətin külli miqdarda vəsait xərcləməsinə baxmayaraq “Eurovision”dan sonra Azərbaycan beynəlxalq mətbuatın gündəminə gəldi. Azərbaycan hakimiyyəti bu baxımdan itirə-itirə gedir və bunun nə dərəcədə təhlükəli olduğunun fərqində deyil. 2014-cü ildə Azərbaycan Avropa Şurasında sədrliyi həyata keçirəcək və bir çoxları insan haqları, demokratiya sahəsində problemləri olan bir ölkəni belə bir statusda görmək istəmir. Bir çox ölkələr Azərbaycanın sədrliyinə səs verməyə bilər. Bu isə hər bir ölkə üçün biabırçı haldır. Ona görə güman olunur ki, hakimiyyət sədrliyi qəbul etmək üçün insan haqları sahəsində güzəştlərə getməyə məcbur olacaq.

Xəyal