ABŞ İlham Əliyevdən nə istəyib və nə istəyir?

Azərbaycan hakimiyyəti qarşısındakı 3 yoldan hansını seçəcək?

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın son müsahibəsini çox təqdir etdim. Buna deyərəm, əsl ziyalı mövqeyi. Icmal eləsək, bu müsahibədən bir daha aydın oldu ki, Barak Obama Ilham Əliyevin saxta seçkisini təbrik etməyib. Müxbirin təkidli sualına baxmayaraq, səfir bir dəfə də olsun, Barak Obamanın göndərdiyi məktubu “təbrik” adlandırmadı.

Yada salaq ki, məlum məktubda Ilham Əliyevin seçkidə qalib gəlməsi münasibətilə təbrik barədə bir kəlmə də yox idi. Səfir, “mən prezidentin məktubunu şərh etmək istəmirəm” desə də, əməlli-başlı şərh və izah verdi. Dedi ki, göndərilən məktub heç də protokol xatirinə yazılmayıb, yaxşıca hazırlanıb. Hazırlanan məktubda demokratikləşmə, insan hüquq və azadlıqlarıyla bağlı problemlər diqqətə çatdırılıb və Ilham Əliyevdən onların həlli istənilib.

Müsahibənin daha bir əlamətdar cəhəti Azərbaycan hakimiyyətinin enerji şantajına verilən cavabdır.

Səfir mədəni şəkildə dedi ki, neftin, enerji ehtiyatlarının onlar üçün önəmini azaltmırlar, ancaq daha Azərbaycan hakimiyyəti də beş-on litr neftini dünyaya ölümsüzlük suyu kimi təqdim etməkdən əl çəksin.

Qısası, ABŞ-ın seçkiyə verdiyi son qiyməti obyektiv saymaq olar. Bu Azərbaycan demokratlarının mövqeyinə hörmətlə yanaşı, həm də ABŞ-ın özünəhörmət addımı idi. Açıq danışmaq lazımdır ki, Qərb yalançı təbrik məktubları ilə bizim ellərdə öz cazibəsini çox itirmişdi. Yəqin, son mövqeyin ortaya çıxmasında bu faktor da rol oynadı.

Biz azca geri dönüb, “WikiLeaks”in açıqladığı teleqramları gözdən keçirsək və onların üzərinə ABŞ Dövlət Departamentinin, ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun son rəylərini gəlsək, əminliklə deyə bilərik ki, hakimiyyətin nufuzlu qurum və dövlətlər qarşısında zərrə qədər də hörməti qalmayıb. Bəlkə də ifrata varıram, ancaq çoxları kimi, mənə də elə gəlir ki, beynəlxalq aləm Əliyevlərin kələyindən yorulub. Bu məqamı izah etmək üçün səfirin Ramiz Mehdiyevə cavabının da altından xətt çəkməliyik. Səfir açıq-aydın formada Ramiz Mehdiyevin onu şərlədiyini bildirdi. Dedi ki, seçkilərin nəticəsini əvvəlcədən müəyyən etmək barədə hər hansı göstərişləri, tövsiyələri olmayıb.

O mübhəm söhbətlər…

Indi isə qayıdaq 2008-ci ilin prezident seçkisindən təxminən bir il əvvəl, konkret olaraq, 2007-ci il noyabrın 5-də ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisi Daniel Fridlə Ramiz müəllimin görüşünə. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Enn Dersinin Dövlət Departamentinə göndərdiyi və sonradan “WikiLeaks”in açıqladığı teleqramda təxminən belə yazılmışdı: “Daniel Frid müzakirələr zamanı şəffaf və ədalətli seçkilərin keçirilməsinin, mətbuat azadlığının inkişafının ölkənin gələcəyi baxımından əhəmiyyətli olduğunu Azərbaycan rəsmisinin diqqətinə çatdırıb. Ramiz Mehdiyev isə ABŞ rəsmisini inandırmağa çalışıb ki, 2008-ci ildə keçiriləcək prezident seçkiləri şəffaf və demokratik şəkildə baş tutacaq. Prezident Administrasiyasının rəhbəri prezident seçkilərinin Azərbaycanın güclənməsinə stimul olacağını da söyləyib.

Daniel Frid Ilham Əliyevin gələcək strategiyası ilə də maraqlanıb. Ramiz Mehdiyev amerikalı rəsmiyə bildirib ki, Azərbaycan hökuməti müstəqil məhkəmə hakimiyyətinin, azad mətbuatın, ədalətli seçki sisteminin və bank sisteminin inkişaf etdirilməsini planlaşdırır. ABŞ rəsmisi daha sonra əlavə edib ki, Azərbaycan hökuməti yalnız polis və təhlükəsizlik orqanlarını inkişaf etdirməməlidir. Daniel Frid neftdən gələn gəlirlər hesabına iqtisadi artıma nail olmağın, korrupsiyanın qarşısının alınmasının, ölkənin sabitliyinin möhkəmləndirilməsinin vacibliyini önə çəkib.

Prezident Administrasiyasının rəhbəri seçkilərin azad və ədalətli keçiriləcəyini söyləyib

Biz builki prezident seçkisindən əvvəl Ramiz Mehdiyevlə aparılan danışıqların məzmunundan xəbərsizik. Lakin təqdim edilən məxfi məlumata əsasən, demək olar ki, budəfəki söhbət də oxşar məzmunda olub. Hətta ehtimal etmək olar ki, daha da sərt formada. Ən azı, keçən seçki ərəfəsində verilən vədlərə niyə əməl olunmadığı soruşulub. Məmmədhəsənlərə “seçkini demokratik keçirdik” deməyə nə var, ABŞ kimi supergücə bu yalanı sırımaq müşkül işdir.

Fakt budur: hələ 2008-ci ildə Azərbaycan hakimiyyəti azad və ədalətli seçki öhdəliyi götürüb, lakin buna əməl etməyib. Nəinki əməl etməyib, o seçkidən bu seçkiyədək xeyli repressiyalar həyata keçirib, azad sözə qənim kəsilib, siyasi fəalları qurama ittihamlarla həbsə atıb.

Ən pisi isə budur: hakimiyyət köhnə səhvlərini yaxşı əməllərlə (konkret halda, azad və nümunəvi seçki keçirməklə) düzəltmədi, daha bərbad keçirilmiş budəfəki seçkidə əvvəlkilərlə müqayisədə irəliləyiş olmadı.

Belə bir gərgin vəziyyət bizə nə vəd edir?

Bir: hakimiyyət səhvlərini yeni-yeni səhvlərlə “düzəltməkdə” davam edir və beləliklə, süqutunu labüdləşdirir;

Iki: hakimiyyət yenidən imitasiyalı demokratiyaya qayıdır;

Üç: real islahatlar başlayır.

Ilham Əliyev hakimiyyətinin təbiətinə bəlli olanların hər biri üçün ikinci yol daha ağlabatan görünür.

Imitasiyalı demokratiya cəmiyyətə və onun dəyişiklik istəyən təbəqəsinə nə vəd edir? Bu sual növbəti yazıların təhlil mövzusudur. Amma qısaca onu demək olar ki, hər halda, bu, bərkimiş avtoritarizmdən daha yaxşı bir mühit deməkdir.

Natiq Güləhmədoğlu