İnsan olmağa gəldim…

Bu bir türkünün adıdır. Illər öncə dinləmişdim. Bugünsə ağlımda sadəcə, adı qalıb. 

Indi birdən-birə xatırladım və internetdə axtarış verib tapdım. Sözləri Nimri Dədə deyə bir şairə məxsusmuş. Yenidən dinlədim. 

Sonra da o türkünün adının niyə birdən-birə xatırladığımı düşündüm. Ən azı təkrar dinlədiyim ruh halı ilə o türkünün sözləri məndə heç bir hiss, heç bir həyəcan yaratmadı. 

Amma qəfil xatırlamışdımsa, bir səbəbi olmalı idi. Və o səbəb türküdə keçən “insan olmağa gəldim” sözlərindən başqa heç nə deyildi.

***

Bu ölkədə hələ ən aşağı yaşlardan insanın digər canlılardan fərqinin ağıl, şüur olduğu öyrədilir. Dərs kitablarından başlayaraq uşaqlığımızdan bizə öyrədiləndir bu. 

Amma zaman keçdikcə qarşımızda tamam fərqli bir mənzərə açılır. Insanı insan qılan ağlın, şüurun, təfəkkürün heçliyi, mənasızlığı çıxır ortaya.

Səndən düşünməmək tələb olunur ? çünki sənin yerinə düşünən BIR NƏFƏR var.

O bir nəfərin ağlı ilə düşünmək…

O bir nəfərin ağzı ilə danışmaq…

O bir nəfərin “olar” dediyinə ləbbeyk demək…

“Olmaz” dediyinə də biət etmək istənilir hamıdan. 

Yalnız bir nəfəri sevmək…

Yalnız bir nəfərə inanmaq…

Yalnız bir nəfərin yürüdüyü yoldan getmək…

Yalnız bir nəfərin hər şeyi bildiyinə iman gətirmək…

O bir nəfərin ayrıcalığına, əvəzolunmazlığına tapınmaq istənilir hamıdan.

Oysa mən insan olmağa gəlmişdim.

Düşünməyə…

Düşündüyümü açıq-açıq söyləməyə…

Kimə, nəyə inanacağıma, inanmayacağıma…

Kimi, nəyi sevib-sevməyəcəyimə özüm qərar verməyə gəlmişdim. 

Bir daş kimi dilsiz…

Bir ağac kimi hərəkətsiz olmamağa gəlmişdim.

Ancaq indi məndən istənilən düşünməməkdir, sadəcə, bir nəfərin düşündüyünə qeyd-şərtsiz təslim olmaqdır.

Öz düşündüklərimi deyil, bir nəfərin diqtə etdiklərini danışmaqdır. 

Gördüklərimə deyil, mənə göstərilənlərə inanmaqdır.

Sorğulamamaq, təpki verməmək, hesab istəməmək, əvəzində yalnız baş əyərək…

Razılaşaraq…

Barışaraq…

Döyənə əlsiz, söyənə dilsiz olaraq yaşamaqdır məndən istənilən.

Amma mən insan olmağa gəlmişdim… Sadəcə, insan olmağa…

***

Bu gün Azərbaycanda yaşananlar təbiətin ruhuna belə aykırıdır. 

Tikansız gül olmaz, məsələn.

Amma bunlar ölkədə hər kəsi bir “tikansız gül”ə çevirmək istəyirlər. Toxunanda əlini yaralamasın. Incitməsin, qəzəbləndirməsin. 

Quş qəfəssiz doğulur, məsələn.

Amma bunlar elə bir ölkə yaratmaq istəyirlər ki, hətta sonradan kimsəni əziyyət çəkərək köləyə, mütiyə çevirməyə ehtiyac qalmasın, uşaqlar dünyaya qollarındakı qandallarla birgə gəlsin.

Dillərindəki qıfıllarla birgə doğulsun.

Beyinlərindəki buxovlarla birgə göz açsın həyata.

Insan olmağa deyil, qul olmağa gəlsinlər, bir sözlə.

***

Təbiətin ruhundadır müxaliflik.

Qaraya qarşı ağ var, acıya qarşı şirin.

Gecəyə qarşı gündüz var, qaranlığa qarşı işıq.

Günəş görəndə pardaqlanan çiçəklər də var, günəşi sevməyən, ondan qaçan yarasalar da.

Və siz təbiətin ruhuna qarşı gedirsiniz indi, təbiətin ruhunu, dünyanın varoluş səbəbini yox etmək istəyirsiniz.

Hamını bir donda…

Hər şeyi bir biçimdə görmək istəyirsiniz.

Bütün fərqlilikləri, müxtəliflikləri, aykırılıqları silib-süpürərək var olmağın, ayaqda qalmağın mümkünlüyünə inanırsınız.

Bu mümkünsüzü mümkünə çevirəcəyinizə inanırsınız.

Inanın. 

Amma arada-sırada dönüb tarixə də baxın: o sizinlə bu eyni inancı daşıyanların son aqibətini sizə bütün çılpaqlığı ilə göstərəcəkdir.

***

Varlık dağlarını delip geçerek

Düzde ben bir insan olmaya geldim

Adını qəfil xatırladığım, illər sonra təkrar dinlədiyim və beyqəfil yada düşmə səbəbini anlamağa çalışdığım türkünün iki misrasıdır bu.

O iki misra sizə nə anladır, bilmirəm, amma mənim bu yazı ilə anlatmaq istədiyim çox açıqdır:

Bir quş qanadsız nə qədər quşdursa…

Bir gül tikansız nə qədər güldürsə…

Bir yol yolçusuz nə qədər yoldursa…

Bir dəniz yosunlarsız, balıqlarsız nə qədər dənizdirsə…

Bir insan da da düşüncəsiz, fikirsiz, dilsiz-ağızsız, azadlıqlarsız bir o qədər insandır.

Düşünürəm, danışıram, etiraz edirəm, barışmıram, biət etmirəm, tabe olmuram deyə yox etməyin məni. Dışlamayın. Xor görməyin. 

Çox şey istəmirəm mən bu ölkədə.

Olsa-olsa, insan olmağa gəldim