Ciddi təzyiq olsa, Azərbaycan da demokratikləşəcək

Vəfa Quluzadə: «Azərbaycanın Vilnüsdə Şərq Tərəfdaşlığı Proqrammı çərçivəsində daha qətiyyətli addım atması üçün ona dəstək lazımdır»

Noyabrın 14-də ABŞ Senatının Xarici Əlaqələr komitəsinin Avropa Məsələləri üzrə alt komitəsində “Şərq Tərəfdaşlığı”na dair dinləmələr keçirilib. ABŞ Dövlət Katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisi Viktoria Nuland çıxışında bildirib ki, noyabrın 28-29-da Vilnüsdə Avropa Birliyi üzvləri Ukrayna ilə Assosiasiya Sazişi imzalamaq və Moldova və Gürcüstanla həmin sazişləri başlatmaq məsələlərini müzakirə edəcəklər (“Azadlıq” radiosu).

O, bunun hər 3 ölkə üçün tarixi məqam olduğunu vurğulayıb. Nuland “Şərq Tərəfdaşlığı”nın Şərqi Avropanın və Qafqazın bir neçə üzvü üçün daha sıx əlaqələrdən də çoxunu nəzərdə tutduğunu bildirir: “Rusiya ilə ”Şərq Tərəfdaşlığı”na dair müzakirələrimizdə Moskvanı, qonşularının istənilən siyasi və iqtisadi seçim hüquqlarına dair ATƏT öhdəliklərinə əməl etməyə çağırırıq. Biz həmçinin Moskvanı həvəsləndiririk ki, qonşularının iqtisadiyyatı ilə Avropa Birliyinin 500 milyonluq müştərisi arasındakı daha dərin inteqrasiyanın faydasını görsün”.ÿABŞ Senatının Xarici Əlaqələr Komitəsinin Avropa Məsələləri üzrə alt komitəsinin sədri Kris Mörfi isə bildirir ki, Birləşmiş Ştatlar Şərq Tərəfdaşlığını güclü şəkildə dəstəkləyir və Avropa və Avrasiyada demokratiya və sabitliyin yayılmasında maraqlıdır.ÿMörfi “Şərq Tərəfdaşlığı”nın Rusiyanı çıxdaş etmədiyini də söyləyib. Onun sözlərinə görə, ölkələrdən hər biri Rusiya Federasiyası ilə yanaşı Avropa Birliyi ilə də sağlam münasibətləri saxlamalıdır:ÿ”Ukrayna, Moldova, Ermənistan, Azərbaycan, Gürcüstan və Belarus öz gələcəklərinin xəritəsini azad şəkildə cızmalıdırlar. Bizim mesajımız bu olmalıdır ki, Avro-Atlantik institutların qapısı açıqdır və siz əsaslı şərtlərə hazırsınızsa, sizi dəstəkləyəcəyik”.

Politoloq Vəfa Quluzadənin fikrincə, ABŞ-ın bu cür mövqe sərgiləməsi olduqca əhəmiyyətlidir. Rusiyaya qarşı xəbərdarlığı da mühüm məqam adlandıran V.Quluzadə vurğuladı ki, hazırda Rusiyanın Ukrayna və Azərbaycana qarşı təzyiqləri bütün sərhədləri aşıb: “Rusiya hazırda Ukraynaya qaz və enerji məsələlərində ciddi əngəl törətməklə yanaşı, Kiyevi hədələyir. Ona görə belə bir məqamda edilən müraciət tamamilə yerlidir. Moldova ilə əlaqələrin dərinləşdirilməsinə qərar verilib. Gürcüstan əlaqələri ”Şərq Tərəfdaşlığı”nda yaxından iştirak edir və əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Amma bu niyyətlərin fonunda Rusiya hər cür cəhd göstərir ki, keçmiş sovet ölkələrini Gömrük Ittifaqına doğru yönəltsin. Ona görə yaranmış durumda Senatdakı müzakirələr tamamilə əsaslıdır. Amma əsas sual odur ki, Senatdakı müzakirələrin, səslənən bəyanatların nəticəsi olacaqmı? Çünki Rusiya daha sərt addımlar atmaq niyyətindədir”.

“Şərq Tərəfdaşlığı”nın hər bir dövlətinə qarşı spesifik münasibətin sərgilənməsinə gəlincə, V.Quluzadə bunun da mühüm bir faktor olduğunu düşünür. Rusiyadan Azərbaycana da Avropa Birliyi ilə əməkdaşlığı dərinləşdirməmək üçün ciddi təzyiqlərin edildiyini deyən V.Quluzadə vurğuladı ki, Orxan Zeynalov hadisəsindən sonra Azərbaycana xeyli azərbaycanlının deportasiyası bunu sübut edir. “Sözsüz ki, Azərbaycanın Vilnüsdə Şərq Tərəfdaşlığı Proqrammı çərçivəsində daha qətiyyətli addım atması üçün ona dəstək lazımdır. Əgər bu baş verərsə, əməkdaşlığın növbəti mərhələsinə keçilə bilər”, deyə V.Quluzadə vurğuladı.

Xəyal