Əli Həsənov metroda qəzetlərə qadağadan danışdı

Prezident Administrasiyasının rəsmisi gülünc açıqlamaları ilə özünü biabır elədi

Bakı metrosunun stansiyalarında mətbuat yayımı ilə məşğul olan “Metroservis” MMC noyabrın 14-dən fəaliyyətinə xitam verib, onun köşkləri yığışdırılıb.

“Metroservis”in rəhbəri: “Kiminsə tapşırığı ilə qərar veriblər”

“Metroservis” MMC-nin rəhbəri Bəkir Cəfərov noyabrın 15-də “Media forum” saytına açıqlama verib: “Metroda qəzet-jurnal satışı ləğv edildi və ”Metroservis” bağlandı. Bilmirəm dövlətdən, haradan deyiblər ki, olmaz. Bu gecə saat 1-ə kimi köşklərdən malı boşaltmışıq ki, camaata qaytaraq. Neçə illik bir müəssisəni bağladılar.
Yazılı qərar yoxdur. Yəqin ki, kiminsə tapşırığı ilə qərar veriblər. Belə məsləhət görüblər, biz nə edə bilərik? Balaca, əmrə tabe olan adamlarıq. Əlimizdən başqa bir şey gəlməz. Qərarı verən adam güc sahibidir. Gələcək fikirləri nədir, onu deyə bilmərəm. Ümidimiz Allahadır.
Qurban bayramı günü –  oktyabrın 15-də dedilər ki, dörd qəzet satılmasın: “Azadlıq”, “Yeni Müsavat”, “Gündəm xəbər”, “Bizim dövr” qadağan olundu. Aşura günündə dedilər ki, metroda qəzet, jurnal və kitab satışına birdəfəlik son qoyulsun. Bu gün 60 işçinin hamısının əmrini verib işdən çıxarmışıq. Bizim işimiz ancaq qəzet, jurnal satmaq idi. Müqaviləmizdə başqa şey yox idi. Biz qəzet satışı ilə dolanmışıq, işçilərə də həmin gəlirdən maaş vermişik.
Metro dövlətindir. Köşkləri öz pulumuzla tikmişik. Illik müqaviləmiz olub, müqavilənin vaxtının bitməsinə hələ iki ay qalıb. Fəaliyyətimiz qanun əsasında olub. Həmişə firmada Vergilər Nazirliyinin, Əmək Müfəttişliyi Xidmətinin yoxlamaları aparılıb, hansısa qüsur olsaydı, onlar deyərdi, biz də işimizi bilərdik.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov həmişə bizə kömək edib. Indi yəqin ki, məsələ Tağı Əhmədovdan asılı deyil. Azərbaycanda nə qədər qəzet, jurnal çıxır, hamısının satışını təmin edirdik. Biznesi belə bağlamazlar. Bu, Allaha da xoş deyil, qanuna da ziddir. Çox çətin vəziyyətdəyik, müəssisəmiz bağlanıb. Bizim əzab-əziyyətimiz, çəkdiyimiz zülmlər hədər oldu.
Müqavilə əsasında Rusiyadan bizə hər gün mal gəlirdi. Gecə firmaya hava limanından mal gəldi, ancaq götürmədik. Bunu geri göndərə bilmərik. Gecə ilə məktub yazıb vəziyyəti onlara izah etdik və xahiş etdik ki, daha qəzet-jurnal göndərməsinlər”.

Elçin Şıxlı: “Baş verənlər sağlam təfəkkürə sığmır”

Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı “Media forum” saytına açıqlamasında metro keçidlərində mətbuat yayımının dayandırılmasından “xoşbəxt” olduğunu söyləyib: “Qəzetlər əsasən metroda satılırdı. Ona da qadağa qoydular. Baş verənlər sağlam təfəkkürə sığmır”.
Elçin Şıxlı bildirib ki, metro keçidlərində qəzet satışının dayandırılması “Zerkalo”nun tirajının aşağı düşməsinə səbəb olub: “Qəzet yayımının bu vəziyyətdə olmağı çox pisdir. Paytaxtda qoyulan yeni köşklərdə, demək olar ki, qəzet satılmır. Həmin köşklərdə qəzet satışına ciddi yer ayrılmalıdır. Bəlkə bu yolla yaranmış problemlərimizi azaltmaq olar”.

Bəxtiyar Sadıqov: “Növbəti ildə çox ciddi maliyyə çətinliyimiz olacaq”

Məsələyə rəsmi dövlət qəzeti “Azərbaycan”ın baş redaktoru Bəxtiyar Sadıqov da münasibət bildirib. O, “Media Forum” saytına açıqlamasında bildirib: “Ümumiyyətlə, ”Azərbaycan” qəzeti metroda satılmayıb, bizim qəzet daha çox ənənəvi köşklərə verilir. Amma metro insanların kütləvi istifadə etdiyi nəqliyyat növüdür və qəzetlər yaxşı satılırdı.
Qəzet satışı problemli məsələyə çevrilib. Bakı şəhərinə qoyulan yeni köşklərdə qəzet, demək olar, satılmır. O köşklər qəzet satılması üçün qoyulubsa, satılan məhsul öncə qəzet olmalıdır. Amma orada qəzetdən başqa hər şey satılır, bu da ciddi problemdir.
Biz öncə qəzet köşklərinin parklarda, insanların piyada çox gedib-gəldiyi yerlərə qoyulmasına, həmin köşklərdə gündəlik qəzetlərin satılmasına nail olmalıyıq. Oktyabrın 18-də Bakıda dörd yeni köşkə baş çəkdim. O köşklərdə bir dənə də olsa “Azərbaycan” qəzeti yox idi. Küçə satışında da vəziyyət acınacaqlıdır.
Qəzet yayımı artıq dövlət nəzarətindən çıxarılıb. Bu işlə özəl şirkətlər məşğuldur. SSRI dövründəki kimi hər rayona, hər evə qəzetin çatdırılması yoxdur. Heç yaxın vaxtlarda da gözlənilmir. Köhnə sistem pozulub, yeni sistem isə qurulmayıb. Ona görə də qəzetlərin vəziyyəti pisdir. Elə bizim vəziyyətimiz də ağırdır. Bu ili birtəhər başa vura biləcəyik. Amma növbəti ildə çox ciddi maliyyə çətinliyimiz olacaq. Narahatam ki, biz o çətinliyi necə dəf edəcəyik”.

Mahir Rüstəmli: “Azərbaycanda ayaq üstə qala bilən bir neçə qəzet mövcud idi, o nəşrlər böyük zərbə aldı”

“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli isə bildirib ki, metrolarda qəzet satışına qoyulan qadağa qəzetçilik institutu üçün faciədir: “Metro insanların sıx gediş-gəliş məkanıdır. Qəzet ən çox metroda satılırdı. ”Metroservis” MMC ilə işləmək bizim üçün sərfəli idi, pulumuzu rahat ala bilirdik. Bu firmanın sıradan çıxması qəzetlərə böyük zərbədir. Metroda satışa qadağa qoyulması bizim tirajımıza təsir edəcək, maliyyə böhranından yan ötə bilməyəcəyik. Artıq qəzeti xilas etmək üçün çıxış yolları axtarmağa başlamışıq”.
Mahir Rüstəmli qəzet yayımına indiki münasibəti anlamaqda çətinlik çəkdiyini vurğulayıb: “Bir vaxt deyirdilər ki, yazılı mətbuat elektron versiyalara, saytlara uduzub sıradan çıxaracaq. Amma Azərbaycanda ayaq üstə qala bilən, özünü dolandıran bir neçə qəzet mövcud idi. Indi o nəşrlər böyük zərbə aldı.
Yeni köşklərdə bizim qəzetləri çox az miqdarda satılır. Bu köşklər “Qasid”in qurduğu sistemin yerini alana qədər, biz əvvəlki tirajı bərpa edənədək uzun vaxt lazım idi. Bu problem həll olunmamış metrodan qəzetin yığışdırılması çap mətbuatının sonu deməkdir.
Biz çıxış yolu olaraq abunəçi tapmağa çalışacağıq. Amma bu yolla da yaxın günlərdə böyük uğur qazanacağımıza inanmıram”.

Əli Həsənovdan absurd açıqlama

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da baş verənlərə münasibət bildirib. O, APA-ya müsahibəsində bildirib: “Metroservis”in fəaliyyətinin dayanmasının mətbuatın tirajına heç bir təsiri yoxdur və olmayacaq da. Ümumiyyətlə, kim qəzet almaq istəyirsə, Bakı şəhərində kifayət qədər satış məntəqəsi var və həmin yerlərdə də qəzetlərin satışı təmin olunur. Metro insanların hərəkəti, bir yerdən başqa yerə getməsi üçündür, insanların qəzet, kitab ticarəti fəaliyyəti ilə məşğul olması üçün heç də ən münasib yer deyil. Indiyə qədər metroda mətbuat yayımı və yaxud buna oxşar fəaliyyət olubsa, bu da qeyri-qanuni olub. Bu gün metro öz fəaliyyətini müvafiq istiqamətdə qurmaq yolunda addım atıb.
Düşünmürəm ki, metroda mətbuat satışının dayanması qəzetlərin tirajına təsir göstərəcək. Qəzetlərin tirajına təsir göstərən yeganə amil varsa, o da ictimai tələbatdır, insanların azad sözə olan ehtiyacıdır və mətbuat orqanlarının o ehtiyacı ödəmək qabiliyyətidir”.
Maraqlıdır ki, metronun qəzet, kitab ticarəti üçün münasib yer olmadığını deyən Əli Həsənov stansiyalarda başqa malların ticarəti barədə bir söz deməyib. Digər tərəfdən indiyə qədər metroda qəzet, kitab satışının qeyri-qanuni olduğunu bildirən Əli Həsənov niyə vaxtında bu “qanunsuzluğun” qarşısının alınmasına aydınlıq gətirməyib. Şöbə müdirini gülünc vəziyyətə salan bu açıqlaması bir daha göstərir ki, əslində məsələnin kökündə müxalif medianın yayımının qarşısını almaq dayanır. Əli Həsənov bunu etiraf edə bilmir və məcburiyyət qarşısında gülməli açıqlamaq verir.