“Cəmiyyət «Azadlıq»a sahib çıxmalıdır”

Arif Əliyev: «Azad mətbuatın mövcudluğu cəmiyyət üçün həyatı əhəmiyyət kəsb edir»

“Azadlıq”a abunə yazılışı və ianə toplanması üçün noyabrın 15-də marafon keçiriləcək. Tədbir saat 12:00-da AXCP-nin qərargahında (Nərimanov rayonu, Tələt Şixaliyev 8, Şuşa restoranının yaxınlığı) keçiriləcək. Ölkənin tanınmış ictimai-siyasi xadimləri Azərbaycanın gələcəyinə biganə olmayan hər bir vətəndaşı bu marafona qatılmağa dəvət edir. «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyevin fikrincə, cəmiyyət hazırda yaranmış situasiyada «Azadlıq» qəzetinə sahib çıxmalıdır: «Cəmiyyət bu cür durumlarda nümayiş etdirir ki, ümumiyyətlə bu qəzet, bu mediya, alternativ fikir, plüralizm ona lazımdır yoxsa-yox. Medya əlbətdə lazımdır və azad mətbuatın mövcudluğu cəmiyyət üçün həyatı əhəmiyyət kəsb edir. Bu həm də bir yoxlamadır. Cəmiyyət bu həqiqəti, bu zərurəti dərk edə bilibmi. Mən çox ümid edirəm ki, biz bunun şahidi olacağıq. İşə gələn zaman bir neçə adamla görüşüm oldu. Onlar bildirdilər ki, «Yeni Müsavat»ın keçirdiyi marafon və onun nəticələri bir xeyli insanda ruh yüksəkliyi yaradıb. Ona görə mən cəmiyyətin ən azı özündə ruh yüksəkliyi yaratması üçün bu tədbirə dəstək olacağını çox arzulayıram».

Xəyal