Yaxud fərqli məktubları eyniləşdirmək səhvi
Dünən qəzetimizin saytında (“azadliq.info”) iqtisadçı Qubad İbadoğlunun Avropa Birliyi rəsmilərinin diqqətinə “Azadlıq” qəzetinin çapının dayandırılmasını çatdıracağı haqda xəbər dərc etmişdik. Xəbər Q.İbadoğlunun “Azadlıq” qəzetinin elektron ünvanına göndərdiyi məktub əsasında hazırlanmışdı və bildirilirdi:
“Tanınmış iqtisadçı, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu çətin durumda olan «Azadlıq» qəzetinə dəstəyini ifadə edib. Hazırda Brüsseldə olan Q.İbadoğlu qəzetə abunə yazılmaq niyyətində olduğunu bildirib. Q.İbadoğlu bu gün Brüsseldə iştirak edəcəyi tədbirdə Azərbaycanda müstəqil medianın hazırkı durumu ilə bağlı çıxış edəcəyini və yaranmış vəziyyəti Avropa Birliyi rəsmilərinə çatdıracağını deyib”.
Bu gün isə “Yeni Müsavat” qəzetinin saytında (musavat.com) bu xəbərə reaksiya dərc olunub. Reaksiyada Q.İbadoğlunun bu mövzuda, amma tamam başqa məzmunda məktubu verilib və guya bizim həmin məktubu öz nəfimizə təhrif edərək “Yeni Müsavat”ın adını mətndən çıxardığımız iddia olunub. Ardınca da ünvanımıza qınaq və tənə yağdırılıb, qərəzdə və “Yeni Müsavat”a qarşı düşmənçilik etməkdə ittiham olunmuşuq.
Həmkarlarımızın yazdıqlarına heç bir cavab vermədən kimin qərəzli olduğunu müəyyənləşdirə bilmələri üçün Q.İbadoğlunun bizə göndərdiyi və “musavat.com”da dərc olunan məktubları olduğu kimi oxucuların diqqətinə çatdırırıq.
Bu, bizim poçtumuza göndərilən məktub:
“Salam Suceddin bey ve Xeyal bey,
Azdligin dayanmasi xeberi meni chox meyus etdi, size yardim etmek meqsedile Azadliga abune yazilmaq isteyirem, hazirda Brusselde oldugumdan onu birbasha ede bilmirem. Lakin burda sabahki chixishimda Azerbaycanda musteqil medianin hazirki durumu barede danisharaq, veziyyeti oldugu kimi Avropa Birliyinin resmilerine chatdiracam.
Bakiya gelen hefte qayidacam, eger chox vacib heab edirsinizse menim adimdan sizin redaksiyaya gelib, bu isteyimi reallashdira bilerler. Odur ki, xahish edirem menim teklifimize munasibetinizi bidlrin.
Xosh arzularla, Qubad”.
Bu da Qubad bəyin “musavat.com”un dərc etdiyi məktubu:
“European Endowment for Democracy (Avropa Demokratiyaya Destek Fondunun) Brusselde yerləşən baş ofisində 80-dən çox işturakçının dinlədiyi tədbirdə çıxışımə etdim. Çıxışımda seçkidən sonra müstəqil medianin və vətəndaş cəmiyyətinin problemlərinə daha çox yer ayırdım. Yeni Müsavat və Azadlıq qəzetlərinin bağlanması təhlükəsindən, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, Könüllülərin Beynəlxalq Əməkdaşlıq İctimai Birliyi və “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İctimai Birliyi ciddi təzyiqlərə məruz qalmasından danışdım. Qeyd edtim ki, bu təzyiqlər davam edərsə Azərbaycanda müstəqil media və vətəndaş cəmiyyəti fəaliyyət qalmayacaq. Eyni zamanda bəyan etdim ki, biz vətəndaş cəmiyyəti Avropa İnstitutlarının sağlam olan hissəsi ilə inteqrasiyanın tərəfdarıyıq və bu istiqamətdə səylərimizi davam etdirəcəyik. —New B’da”.
***
Mətnlərdən göründüyü kimi, Qubad bəy bizə yazdığı məktubda çıxış edəcəyindən, “musavat.com”da dərc olunan məktubunda isə artıq çıxış etdiyindən söz açır və məktublar bir-birindən tamamilə fərqlidir.
“Azadlıq”


