Deyilənə görə, qızıldərililər Uca Ruhdan bir şey istədikləri zaman ən sevdikləri əşyanı alıb uçurum kənarına gedər və dilədiklərini var səsləriylə hayqırarkən ən sevdikləri əşyanı uçurumdan atarlar. Son dövrdə pasientlərinin müalicəsində yeni bir üsul tətbiq edən psixoloqlar da onlardan təxminən belə suallar soruşurlar: “Siz o çox istədiyiniz şey üçün qurban olaraq uçurumdan nəyinizi atardınız? Huzurunuzu? Eşqinizi? İstəklərinizmi? Bacarıqlarınızı? Azadlığınızı?”
Maraqlıdır. Təbii ki, həyat, istəsək də, istəməsək də, hər birimizə nəyisə qazanmaq naminə qurban verməyi öyrədir. Hər halda, qızıldərililər ruhi ehtiyacları üçün maddini qurban verməyin daha asan olduğunu örnək göstərmişlər. Doğrudan da, insani baxımdan maddini qurban vermək, mənəvi olanı verməkdən daha asan sayılmalıdır. Öz təcrübəsində bu üsulu tətbiq etmiş psixoloqlardan soruşsaq, hər kəsin seçimində mütləq anlamda bir fərq olacağını görəcəyik əlbət. Bəs tələb olunan qurban mahiyyət baxımından sırf mənəvi, miqyası da xeyli böyükdürsə, necə?
Dünyanın bir çox yerində həbsxanada doğulmuş insanlar var. Amma kimsənin doğum şəhadətnaməsində dünyaya göz açdığı yerin həbsxana göstərildiyinə rast gəlinməz. Hər kəsin kimlik sənədində doğum yeri olaraq ölkəsinin adı keçir. İnsanlar bəzən mənəvi anlamda da həbsxanada doğula bilərlər, daha doğrusu həbsxanaya bənzər ölkələrdə. Şübhəsiz ki, bu insanların böyük çoxluğu yuxarıda qoyulan sualların cavabında azadlıq istədiyini deyərdi. Bəs bunun qarşılığında tələb olunan qurban nədir, bilirmisiniz? Həbsxanaya bənzər bir ölkədə doğulmağın özü qurbanlıq məsələsidir. Dərd bununla da bitmir axı. Belə yerdə azadlıq davası aparanların verəcəyi daha bir qurban var- fiziki anlamda azadlıqdan məhrum olunmaq.
“Həbsxana” sözü bizim həyatımızdan da çox şeylər anladır şübhəsiz. Harada yaşadığımızı hamımız yaxşı bilirik. Bəzən dostlar məndən niyə son zamanlar məhbuslardan yazmadığımı soruşurlar. Görünür ki, həbsxana həyatı hər kəs kimi məni də çox bezdirib. Bəzən insana öz ağrılı-acılı yaşantılarını qələmə almaq da çox çətin olur axı.
Bu gün azadlıq istəyinin qarşılığında məhkumluq həyatı yaşayan yüzlərlə tanınmış insanımız var ölkədə. Onlar az qala ölkənin bütün təbəqələrini əhatə edirlər, aralarında inanclı insanlar da var, gənc fəallar da, hüquqşünaslar da, siyasi mənsubiyyəti olanlar da. Azadlıq idealı ətrafında birləşən bu şəxslərin hər birinin ayrıca hekayəti var. Yadımdadır, 2003-cü il hadisələrindən sonra həbs olunan siyasi fəallar arasında Sərdar Cəlaloğlu da vardı. Biz həmin hadisələrin üstündən 10 il keçdikdən sonra onun qardaşı Qurban bəyi dəmir barmaqlıqlar arasında görürük. Başqa bir hekayəti də “Nida”çı Rəşadət Axundovun həbs olunduqdan sonra dünyaya gələn oğlu Araz haqqında yazmaq olar. Ağır xəstəlik diaqnozu ilə müalicə olunan məhbus Zaur Qurbanlının, Elnur Seyidovun öz hekayəti var, dini inancına görə məhkum olunan Tale Bağırzadənin, Mövsüm Səmədovun öz hekayəti. İki övlad atası olan qələm sahibi Əvəz Zeynallının, Pərviz Həşimlinin, “Eurovision” yarışmasına görə həbs olunan gənc fəal Rəsul Mürsəlovun, siyasi baxışlarına görə həbs olunan Tofiq Yaqublunun, İlqar Məmmədovun, Yadigar Sadıqovun, Rahib Hacıyevin hekayəti də bir başqadır. Hələ siyahını nə qədər uzatmaq olar, məlum…
Bir daha qızıldərililərin misalına qayıdıb demək istəyirəm ki, Azərbaycan kimi ölkələrdə azadlıq davası aparan insanların qarşısında, həqiqətən, dərin uçurumlar var. Bu anlamda tələb olunan qurbanlar da böyükdür. Amma azadlıq nə vazkeçilməz bir hiss imiş ki, insanlar bəzən özlərini o uçurumdan atmağı belə gözə alırlar!