Mübariz Qurbanlıya üç sual

Aslan İsmayılovun məhkəməsinə getmişdim.
Zənnimcə Aslan bəyi sizə geniş təqdim etməməliyəm; vəkil deyəndə yada düşən azsaylı adamlardandı.
Aslan bəyi yayda vəkillikdən uzaqlaşdırıblar. Mənim fürsətim oldu ki, uzaqlaşdırmanın “əsaslarını” oxuyum.
Biabırçılıq. Söz tapa bilmirəm.
Prezident seçkiləri zamanı debatlarda YAP-ın təmsilçisi Mübariz Qurbanlının maraqlı bir fikri oldu. Dedi ki, yalan danışanda da bunu peşəkarlıqla etmək lazımdı. İndi mənim Mübariz müəllimə sualım var:
Niyə 20 ildir məşğul olduğunuz işdə – böhtan-şərdə peşəkar deyilsiniz?
Aslan İsmayılova yazılan o ittiham nədir, o məhkəmə qərarı nədir elə?
O ittihamı daha abırlı düzüb-qoşmaq mümkün deyildimi?

***

Aslan İsmayılovu  haqq sözü daha gur səslə müdafiə etdiyinə, ictimai-siyasi problemlərə laqeyd qalmadığına görə cəzalandırıblar. Sözüm onda deyil.
Kimsə yaxşı deyib: bir nəfərin ölümü faciə, minlərin ölümü statistikadır. Yəni, faciələr çoxalanda təsiri azalır, statistikaya dönür.
Normal vəziyyət olsaydı, Aslan İsmayılova qurulan bu oyun skandal olardı. Tele-kanallar bu oyun barədə diskussiya açar, ucqar kənd çayxanalarında insanlar dominolarına ara verib hakim, prokuror kimi ciddi vəzifə sahiblərinin əməllərini qınayar, lənətləyər, yazıçılar tanınmış vəkilə qarşı yönələn ittihamı məzhəkəli bir romana material edərdilər.  İndisə bu hadisə – görkəmli bir vəkilin gülməli, tam əsassız “dəlillərlə” haqsızlıqla üzləşməsi çoxuna adi gəlir. Sanki belə də olmalıdır.
Vəziyyət isə anormaldı, ona görə camaatı qınamaq olmur. Orqanizmin də belə xassəsi var, o, bir qıcığı dalbadal alanda ona qarşı reaksiyası səngiyir.
Bunun üçündür ki, hüquq bilməyənlərin şərlənməsi bir yana,  Qurban Məmmədov, Aslan İsmayılov kimi vəkillər ağlagəlməz böhtanlarla şərlənib cəzalandırılır.
İş lap o lətifədə olduğu kimidir: hamı dəli olanda (hüququ pozulanda) mollanın (vəkilin) yanına gedir, bəs molla dəli olanda hara getsin?
Ümumiləşdirək. Özümüzü aldatmayaq, bu ölkədə hüquq yoxdur.
Azərbaycan hüquq dövləti deyil. Burada hüquqa söykənib iş görmək, fəaliyyətdə olmaq, kənd mollasının yazdığı dua-pitiyə güvənmək qədər risklidir.
Azərbaycanda heç kim özünü “hüquq müdafiəçisiyəm”, “hüquqşünasam”, “vəkiləm” deyib aldatmasın.