Bununla bağlı deputatlar imza toplayır; kampaniyaya artıq 13 parlamentari qoşulub
Böyük Britaniya parlamentinin Azərbaycanda keçirilmiş prezident seçkilərinin saxtalaşdırılmasıyla əlaqədar qərar qəbul etməsi üçün kampaniya başlayıb. Artıq parlamentin 13 üzvü bu kampaniyaya qoşulub. Bu barədə məlumat Britaniya parlamentinin saytında yerləşdirilib.
Xatırladaq ki, bu kampaniya bir müddət əvvəl Böyük Britaniya parlamentinin Aşağı Palatasında hakim Mühafizəkarlar və müxalifətdəki Leyboristlər partiyalarından olmaqla, iki deputatın təşəbbüsüylə müzakirəyə çıxarılmışdı.
Müzakirələr zamanı britaniyalı deputatlar Azərbaycandakı seçki zamanı yol verilmiş saxtakarlıqlardan, o cümlədən seçkinin nəticələrinin səsvermə başlamamışdan əvvəl yayılmasından dəhşətə gəldiklərini bildiriblər. Parlamentarilər bəyan edir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycandakı seçkiyə verdiyi qiyməti dəstəkləyir və bu qurumun prinsipial mövqeyini alqışlayır. Britaniyalı deputatlar ATƏT müşahidəçilərinin qeydə aldıqları pozuntulara diqqət yetiriblər. ATƏT müşahidəçilərinin rəyində göstərilib ki, seçici siyahılarıyla manipulyasiya, bir namizədə verilmiş səslərin protokolda başqasının xeyrinə yazılması kimi halların şahidi olmuş müşahidəçilər izlədikləri seçki məntəqələrinin 58 faizində səslərin sayılması prosesini pis və ya çox pis qiymətləndiriblər. Bundan başqa, seçki məntəqələrində açıq-aşkar topa-topa bülletenlərin qutulara atılmasını müşahidə ediblər.
Bu barədə Britaniya parlamentinin saytında yerləşdirilmiş məlumatda yada salınır ki, ABŞ Dövlət Departamenti də Azərbaycandakı seçkinin beynəlxalq standartlara cavab vermədiyini bəyan edib.
Eyni zamanda, britaniyalı parlamentarilər Avropa Şurası müşahidəçilərinin seçkiyə verdiyi qiymətdən təəccübləndiklərini bildiriblər: “Təəccüblüdür ki, Avropa Şurasının müşahidə missiyası bu seçki ilə bağlı rəyində hər hansı qanun pozuntusundan bəhs etməyib. Bu inanılmaz rəy insan hüquqlarının müdafiəçisi kimi tanınan bir təşkilatın – Avropa Şurasının nüfuzuna zərbədir”.
Onu da əlavə edək ki, parlamentin saytında yerləşdirilmiş məlumatda kampaniyaya qoşulan deputatların adları da açıqlanıb. Bunlar Bottomley Peter, Campbell Ronnie, Caton Martin, Clark Katy, Corbyn Jeremy, Durkan Mark, Flynn Paul, Hopkins Kelvin, McDonnell Alasdair, McDonnell John, Russel Bob, Shannon Jim, Stringer Grahamdır.
azadliq.info