Azərbaycanın “Azadlıq”ı

altÖlkəni müstəqilliyə qovuşdurmuş qəzet indiki durumdan çıxa biləcəkmi?

Bahəddin Həziyev, “Bizim yol” qəzeti

1991-ci il avqustun 19-u. Bu tarix həmin dövrdə “Azadlıq” qəzetində işləmiş hər kəsə çox şey deyir. Moskvada məşhur QKÇP qiyamı olmuşdu. Və biz – “Azadlıq” qəzetinin redaktorundan tutmuş süpürgəçisi Xanım xalaya qədər hər kəs redaksiyanın həyətinə toplaşmışdıq. Hamımız gözləyirdik ki, indicə gəlib bizi həbs edəcəklər. O zaman qəzetin redaktor müavini Ədalət Tahirzadə məzuniyyətdə olsa da, xəbəri eşidib redaksiyaya gəldi: “Gəldim ki, həbsxanaya da birlikdə gedək” dedi. Bu sözlər xanım əməkdaşlarımızı ağlatdı. O günlər nə birinciydi, nə axırıncı oldu. “Azadlıq” qəzeti üçün, onun jurnalistləri üçün heç vaxt asan olmayıb. Heç bir hakimiyyətin dövründə “Azadlıq” rahat “yaşamayıb”. Hətta AXC hakimiyyətində də. Biz öz “doğma” hakimyyətimizdən redaksiyaya normal bir bina alana qədər o dünyanı görüb gəldik. Prezident Aparatına yürüş etdi kollektivimiz. O bina ki sonralar – 1993-cü ildən 2006-cı ilədək hakimiyyətdən devrilmiş Xalq Cəbhəsinə də qucaq açdı. Ta ki bina qəzetin əlindən alanana qədər. Nəcəf Nəcəfov redaksiyaya o binanı almaq üçün ABŞ-a səfir getməkdən belə imtina etmişdi. Çoxlarının xəyalı ilə yatıb durduğu bir vəzifədən imtina etdi ki, onun yaratdığı qəzet normal şəaitdə – özünə layiq bir binada yerləşsin.

Yeri düşdü deyirəm. “Azadlıq” qəzetinin yaradıcısı və ilk redaktoru Nəcəf Nəcəfovu özümün ən böyük müəllimim sayıram. Azərbaycan mediası Həsən bəy Zərdabi ilə başlayıb. Ancaq ikinci nəfəsi Nəcəf Nəcəfov və “Azadlıq” qəzeti olub. İndi çoxları tarixi çox yönə fırlatmaq istəsə də, bu şəksizdir ki, “Azadlıq” Azərbaycanın alternativ fikir tribunası olaraq ilkdir. Nəcəf Nəcfov isə bu tribunanın yaradıcısı olub. 1989-cu il dekabr ayının 24-də qəzetin ilk sayının nəşri nəinki Azərbaycanda, o zaman hələ salamat olan Sovetlər Birliyi miqyasında böyük hadisə oldu. Doğrudur, buna qədər Sabir Rüstəmxanlının redaktorluğu ilə “Azərbaycan” qəzeti vardı, “samizdat” lar vardı. Amma “Azadlıq” məhz öz missiyasına və yoluna görə yeni media tarixinin başlanğıcıdır. Qəzetin adı milli-azadlıq hərəkatı ilə assosasiya olunur və Azərbaycanın müstəqilliyində əvəzsiz xidmət göstərib. Başqa heç bir nəşr “Azadlıq”dan öncə deyil (xronoloji baxımdan öncə ola bilən varsa da, missiya, ictimai təsir baxımından o dövrdə başqa ikinci bir media layihəsi olmayıb ki, “Azadlıq”dan daha üstün olsun). Biz hər zaman “Azadlıq”ı məktəb hesab etmişik və bu məktəbin qurucusu və ən böyük müəllimi hər zaman üçün Nəcəf bəydir. Bu gün “Azadlıq” qəzetinin çapının dayanması xəbəri məni gerçəkdən sarsıtdı. Bu cür ənənəsi olan bir qəzetin belə duruma düşməsini ürək ağrısı ilə qarşılayıram. Doğrudur, bir az əvvəl dediyim kimi, “Azadlıq” birinci dəfə deyil belə sınaq qarşısında qalır. Qəzet dəfələrlə qısa müddətə çapını dayandırıb. 1990-cı il yanvar hadisələri zamanı SSRİ rəhbərliyinin və Bakıya soxulmuş ordunun atdığı ilk addımlardan biri qəzeti qadağan etmək olmuşdu. O zaman “Azadlıq” xeyli müddət çıxmamışdı. Ondan sonrakı dövrdə də özü və əməkdaşları çox ciddi təqiblərə məruz qalan qəzet dəfələrlə qısa müddətə dayanmışdı. Belə durum 1990-cı illərin sonlarında çox kəskindi və o zamankı Prezident qəzetin borclarını sildi, durum düzəldi. Bu dəfə də oxşar situasiya yaranıb. Düşünürəm ki, dövlət və cəmiyyət qəzetin sıradan çıxmasına imkan verməyəcək. Ən başlıcası da fədakar redaksiya kollektivi. Belə sınaqlar çox olub və çox olacaq. Əslində bu, “Azadlıq” üçün sıradan bir durumdur və əminəm ki, qəzet bu problemi də aşa biləcək. Qərbdə belə bir deyim var: “Plüralizm haqqında – olsun, ya olmasın deyə iki fikir ola bilməz”. Tənqidçi medianın sıradan çıxması deyil, hətta zəifləməsi belə dövlətə və cəmiyyətə ziyandır. Mən “Azadlıq” qəzetini məhkəmələrə çəkən dövlət məmurlarına və iş adamlarına səslənirəm: bu qəzet hələ Sovetlər Birliyi varkən yaranmışdı və o zaman dünyanın iki fövqəldövətindən birində öz sözünü deyirdi. Azərbaycanın müstəqilliyinin qazanılmasına indiki ifadələrlə desək, media dəstəyi verən yeganə nəşr olub. Onun qatili olmağa çalışmayın. Mən sizlərin öz iddialarınızda haqlı olub-olmadığınızı dartışmıram. Sadəcə olaraq, dayanıb düşünün. O zaman atdığınız addımın dövlətimizə və cəmiyyətimizə necə zərər gətirə biləcəyini anlayacaqsınız. “Azadlıq” onsuz da bu sınaqlardan çıxıb yaşayacaq, qalacaq. Və siz tarixdə necə qalacaqsınız – onu düşünün. Tutaq ki, onu bağlatmağa nail oldunuz, bəs “Azadlıq”dan sonra necə yaşayacaqsınız?

bizimyol.info