AXCP sədri Əli Kərimli “Azadlıq” qəzetindəki problemlərlə bağlı şəxsi facebook səhifəsində fikirlərini bölüşüb. Həmin statusu təqdim edirik:
Böyük Britaniyanın əfsanəvi baş naziri Uinston Çörçilin İkici Dünya Müharibəsi haqda xatirələri bu bəşəri fəlakəti təsvir və təhlil edən ən qiymətli əsərlərdəndir. U.Çörçil öz xatirələrində Atlantika (Atlantik okeanı) uğrunda döyüşlərin müharibənin taleyində həlledici rolundan bəhs edir. Xüsusilə 1940-cı ilin iyulundan 1941-ci ilin dekabrına qədər olan dövrdə Atlantika uğrunda döyüşlər təkcə Böyük Britaniya üçün deyil, bütün bəşəriyyət üçün taleyüklü idi. Fransa məğlub edilmişdi. İtaliya Almaniyanın tərəfindən müharibəyə girmişdi. Hitler Avropanın əksər hissəsinə nəzarəti ələ keçirmişdi. Sovet İttifaqı böyük və mühüm ərazilərini itirərək, sürətlə məğlubiyyətə doğru gedirdi. Konqresdəki müharibə əleyhdarı olan əksəriyyət ABŞ-ın Hitlerə qarşı müharibəyə girməsinə imkan vermirdi. Böyük Britaniya isə Fransadakı döyüşlərdə məğlubiyyətə uğradılaraq, öz ərazisində müdafiə olunmağa məcbur edilmişdi. Bax, bu qədər çətin idi vəziyyət.
O zaman U.Çörçil strateji düşünərək, qərara gəlmişdi ki, yalnız ABŞ-ın müharibəyə girməsilə, anti-Hitler koalisiyası yaratmaqla Hitleri məğlub etmək mümkün olacaq. ABŞ isə müharibəyə girməyə hələ hazır deyildi. Məhz o zaman Çörçil Atlantik okeanında Böyük Britaniya donanmasının nəzarətini və bu yolla da ABŞ-la etibarlı gəmiçilik əlaqəsini qoruyub saxlamağı dövrün əsas vəzifəsi élan etmişdi (Paralel olaraq U.Çörçil anti-Hitler koalisiyasının yaradılması üçün gecə-gündüz çalışırdı). 1941-ci ildə ABŞ Hitler Almaniyasına qarşı müharibə élan edənə qədər ingilislər bu vəzifənin öhdəsindən gəldilər. Hitler Böyük Britaniya ilə ABŞ arasındakı dəniz əlaqəsini kəsə bilmədi. Sonra isə anti-Hitler koalisiyası çətinliklərlə də olsa, addı-addım böyük qələbəyə yaxınlaşdı.
“Azadlıq”ı bağlamaq cəhdləri başlayandan İkinci Dünya Müharibəsinin bu epizodunu – Atlantika uğrunda döyüşləri tez-tez xatırlayıram. Mənə elə gəlir ki, o zaman müharibənin taleyi üçün Atlantika uğrunda döyüşlər nə qədər vacib idisə, indi də ölkəmizdə dinc demokratik dəyişikliklər üçün “Azadlıq”ın qorunması elə vacibdir. Başa düşürəm ki, bu müqayisə çox qüsurludur. Amma prosesin taleyi üçün önəminə görə belə bir tarixi parallel gətirdim. “Azadlıq” olmasa, real müxalifətin böyük koalisiyası olan Milli Şuranı da qoruyub-saxlamaq mümkün olmaz.
Əlbəttə, o fikirdə deyiləm ki, “Azadlıq”ın bağlanması, yaxud Milli Şuranın dağılması sülalə hakimiyyətinin uzunömürlü olmasını təmin edəcək. Xeyr, ölkədə dəyişikliklərin istənilən halda labüd olduğuna inanıram. Amma strukturlaşmış ciddi müxalifət koalisiyası və ona dəstək verən güclü informasiya vasitəsi sıradan çıxarılacağı təqdirdə dəyişikliklər ölkəmizə yalnız sosial partlayış və ya inqilab şəklində gələ bilər. Hansını ki, arzulamıram və ölkəmiz üçün ağır nəticələr də gətirə biləcəyini düşünürəm (O başqa söhbətdir ki, hətta inqilabi yolla dəyişiklik arzulayanlar da onun nə vaxt olacağını, xalqın nə vaxt “partlayacağını” proqnozlaşdıra bilməz).
“Azadlıq”ı hamılıqla qorumalıyıq. Təkcə bu gün ölkəmizdə azad sözün əsas ünvanı olaraq deyil, həm də ölkəmizi demokratik dəyişikliklərə tez və dinc yolla apara bilmək, müxalifətin böyük koalisiyası – Milli Şuranın dəstəksiz qalmaması, müxalifətin seçkilərdə əldə olunmuş mənəvi-siyasi qələbəsinin itirilməməsi, bu qədər məsafə qət etdikdən sonra hər şeyi sıfırdan başlamamaq üçün “Azadlıq”ı qorumalıyıq. Noyabrın 15-i, saat 12-də «Azadlıq» qəzetinə abunə və ianə toplamaq məqsədi ilə AXCP-nın qərargahında marafon keçiriləcək. Ünvan Nərimanov rayonu, Tələt Şixaliyev 8, (Şuşa restoranının yaxınlığında). “Azadlıq”ın xilası marafonuna qoşulun!