“Azadlıq”dan nələrin qisasını alırlar?

Yalnız kölələr yaşasın?

“Azadlıq” qəzetinin fəaliyyəti bugündən etibarən dayandırıldı. Hər gün oxuculara 16 səhifəlik azadlıq daşıyan qəzeti təqiblərlə, təzyiqlərlə susdurmaq mümkün olmasa da, pulsuzluqla dayandırmaq mümkün oldu.  Heç zaman əqidəsini pula satmayan “Azadlıq”, indi pulsuzluğa görə satışa çıxa bilmir. Özünü yalana satmış adamlar, xalqa həqiqət satanlara mütləq düşmən olmalıdır. Biz “Azadlıq”ın bağlanmasına görə deyil, insanların məhdudlaşdırılmış azadlığını tirajlaya bilməyəcəyimizə görə narahatıq. Bəlkə də hər bir oxucu vətəndaşlıq borcunu yerinə yetirsəydi, “Azadlıq”ın da  nəşriyyata borcu olmazdı. “Azadlıq” ın çapı dayandırılsa da, azadlıq sevənlərin çabası dayanmamalıdır. Unutmayın, bu gün baş verənlər həm də  25 yaşlı “Azadlıq”ın 44 yaşlı rejimlə savaşının göstəricisidir. Bu savaş davam edir və “Azadlıq”ın məğlub olmaq fikri yoxdur.

Oğrular üçün labrint

“Azadlıq” qəzetinin fəaliyyəti hakimiyyət üçün arzuolunmazdır və qəzetə qarşı belə münasibət  başa düşüləndir.  Çünki, heç bir oğru yanında şahid istəməz. Ən pisi də odur ki, şahid oğrunun qənimətinə şərik olmaq da istəmir. Əksinə, gördüklərini uca səslə aləmə yaymaqla məşğuldur. Ona görə də bu ramedilməz şahidi aradan götürmək lazımdır. Əks halda oğruların “əməliyyat”ı uğursuz ola bilər. Bu oğurluğun özəlliyi ondan ibarətdir ki, Əlini, Vəlini qarət etməklə yekunlaşmır. Bütün Əliləri, Vəliləri, bir sözlə milyonları müflis etmək niyyəti güdür. Deməli, xalqın mülkünə  keşik çəkmək yalnız “Azadlıq”ın deyil, həm də malı oğurlananların borcudur. Hakimiyyət indiki halda yolunun yalnız 1 qəzet vasitəsilə kəsildiyini gördüyü üçün, həmin qəzeti əzib keçməkdə özündə güc tapır. Və əmindir ki, bu zorakılığa görə arxasınca “ox” atan olmayacaq.  Yəni, yeganə maneəni dəf etmək silahlı dəstə üçün çətinlik yaratmır. Cəmiyyət rejimin 20 ildir rahatlıqla getdiyi yolda 100-lərlə “labrint” yaratmalıdır. İctimai, universal oğurluğa imza atmış dəstəyə, ictimai də təpki lazımdır. Hakimiyyəti bu labrintdə ilişdirmək üçün “Azadlıq” mütləq yaşamalıdır. Yoxsa, xalqın bu günü və sabahı rejimin qurduğu tikanlı məftillərdə ilişib qalacaq.

Yalnız kölələr yaşasın

Uzun illərdir rejimin siyasət məktəbi cəmiyyətə köləlik tədris edir və insanların bu “məktəb”dən “yüksək” qiymətlərlə ayrılmasına çalışır. Etiraf edək ki, 20 ildə xeyli sayda “kadr”ın yetişməsinə nail ola biliblər. Və bu “məktəbi” “əla” qiymətlərlə bitirənlər susmaqla rejimə xidmət edirlər. Bu yeganə məktəbdir ki, oxumadan, yazmadan, sual etmədən “mükəmməl”ləşə bilirsən. Hakimiyyət hər zaman çalışıb ki, köləlik məktəbində oxuya bilməyənləri cəmiyyətdən təcrid  etsin. Rejimin zərərli siyasəti nəticəsində kölə olmaq istəməyənlər, insan kimi yaşamaq istəyənlər ölkədən qaçmağa çalışdı. Nəticədə fiziki baxımdan güclü olanlar, yüksək enerjili adamlar Rusiyanın ucqarlarına, intellektual səviyyəli, karyerə qurmaq istəyən, bilik və bacarıqlılar isə Avropaya üz tutmağa başladı. Ancaq bir qrup idealist, cəsarətli, intellektual insan  şəxsi xoşbəxtliyini xalqın bədbəxtliyi fonunda qurmaqdan imtina etdi və demokratik, hüquqi, inkişaf etmiş Azərbaycan naminə mübarizəyə qoşuldu. Lakin yuxarıda qeyd etdiyimiz tendensiya bu adamların azlıqda qalmasına gətirib çıxarıb. Bu reallıq uğurun qazanılmasında xeyli çətinlik yaratsa da, azlıqda olan demokratik qüvvələr ölkədə etirazçı kəsimin ölməsinə imkan vermədi. Etirazçı kəsimin səsini ölkəyə yayan yeganə mənbə “Azadlıq” qəzeti oldu. İndi rejimin “yalnız kölələr yaşasın” siyasətinə “Azadlıq”ın varlığı əngəl törədir.

Seçkinin qisası

“Azadlıq”a qarşı başlanan total hücum həm də 9 oktyabrdan sonra kompleks yaşayan, özünü qalib hiss edə bilməyən rejimin hikkəsindən doğur. Yüzlərlə məntəqədə seçki saxtakarlığını ifşa etməklə “Azadlıq” həm də rejimə yüzlərlə zərbə vurdu. Hakimiyyətin seçki məğlubiyyəti faktlarla sübut edildiyindən, “Azadlıq”ı məğlub etmək də rejim üçün “borc”a çevrilib. “Azadlıq” seçki qutusuna atılmış qoşa bülletenləri tirajladı, rejim isə qoşa məhkəmələri təşkil etdi. “Azadlıq” əvvəlcədən işarələnmiş bülletenləri ifşa etdi, rejim isə müvafiq qurumlara “Azadlıq”a hücum işarəsi verdi. Bir sözlə “Azadlıq” üzərinə düşəni etdi, rejim də üzərinə düşən “daş”dan  xilas olmaq üçün bacardığını edir. Indi rejim məğlubiyyətinin qisasın 25 yaşlı “Azadlıq”dan almaq istəyir.

Hamı bu xəstəliyə yoluxmalıdır

Eşitdiyimə görə, xırda məmurlardan biri “Azadlıq”ı xəsətliyə bənzədib. Guya “Azadlıq” real olmayan xəbərləri yaymaqla zərərli iş görürmüş, camaatı çaş-baş salırmış və.s. Görünür, bu ölkədə xəstəlik də monapoliyadadır və bu monopoliyanı “Azadlıq”ın yarması rejimin “biznes”inə ciddi təsir göstərir. Hakimiyyət istəyir ki, cəmiyyət onun yaratdığı xəstəliyə yoluxsun. Öz ömründən kəsib prezidentin ömrünə calamaq, yaltaqlıq etmək, şər-böhtan kampaniyasında iştirakçı olmaq ağır xstəlikdir və bu xəstəliklərin yaranma səbəbi mövcud rejimdir. Belə bir şəraitdə “Azadlıq”ın cəmiyyəti öz “xəstəliyinə” yoluxdurması, hakimiyyətin sağlamlığına mənfi təsir göstərir. “Azadlıq” yeganə “xəstəlik”dir ki, simptomları vətəndaş olmaq, zülmün qarşısında susmamaq, vicdanı pula satmamaq kimi hallarla müşahidə olunur. Dünyanın inkişaf etmiş ölkələri, dünyanın xoşbəxt xalqları “Azadlıq”ın yoluxdurmaq istədiyi “xəstəliyə” yoluxduqları üçün irəlidədilər. Ləyaqətli, ədalətli, həqiqətpərəst olmaq xəstəlikdirsə, biz sağalmaq istəmirik. Oğru, yaltaq, rüşvətxor olmaq sağlamlıqdırsa, biz xəstələnmək arzusu ilə yaşayırıq. Kaş bütün insanlar “Azadlıq” xəsətəliyinə yoluxaydı və bu “xəstəliyin” nə qədər sağlamlıq gətirdiyini hər kəs hiss edə bilərdi.