Türkiyədə “Gəzi” olayları ilə bağlı “Müdaxilə varmı?” adlı bir sərgi təşkil olunub, sərgidə Ərdoğanın nümayiş olunan bir portreti isə aranı qarışdırıb. Həmin portretdə Ərdoğanın üzünün bəzi yerlərinin qaralandığı görünür, buna görə isə cinayət işi açılıb. Türkiyə prokurorluğu deyir ki, bu, Ərdoğana qarşı təhqirdir.
Açığı, mən buna bir o qədər təəccüblənmədim, çünki artıq Türkiyədə şəriətçi rejimin ifadə, söz, toplaşmaq kimi azadlıqlara bütün cəbhə boyu savaş açdığı aydın görünür, Türkiyə böyük bir sürətlə yeni Iran, yeni Səudiyyə Ərəbistanı olmaq yolunda irəliləyir. Mən isə sonuncu faktı ona görə xatırlatdım ki, Ərdoğandan və onun dinçi hökumətindən hələ də Azərbaycanda demokratiya, azadlıqlar uğrunda mübarizədə sadəlövhcəsinə dəstək umanlar özlərinin bu gözləntilərilə vidalaşsınlar. Necə deyərlər, “keçəl dərman bilsə, öz başına eləyər”. Bu saat Türkiyənin özünün getdikcə güclənən anti-demokratik, qeyri-dünyəvi, çağdışı molla rejimindən qurtulması, öz Cümhuriyyət dəyərlərini yenidən hegemon qılması lazımdır, onlar bizə nə gün ağlaya bilərlər?
Biz islam ölkələrindən niyə razıyıq?
Dünən mən Bakıda Islam Təhsil, Elm, Mədəniyyət Təşkilatının (ISESCO) üzv ölkələrinin uşaq məsələləri üzrə məsul nazirlərinin “Islam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri” adlı IV konfransının keçirildiyini oxudum. Açığı, əvvəlcə təşkilatın adına təəccübləndim. Dünyada müsəlman ölkələrinin hansı kökdə olduğu göz önündədir, onların elmlə, təhsillə, mədəniyyətlə bağları hədsiz kövrəkdir, ya da yerli-dibli yoxdur. Ona görə də təşkilatın adında təhsil, elm, mədəniyyət sözlərinin yerinə “fətva”, “dar ağacı”, “şallaqlama” kimi sözlərin olması daha məntiqə və reallığa uyğun olardı.
Ikincisi, tədbirdə möhtərəmin konfrans iştirakçılarına təbrik məktubu oxunub, o, həmin məktubda müsəlman ölkələrinin Qarabağ məsələsində bizə dəstəyinə görə təşəkkür edib. Açığı, mən bu dəstəyin nədən ibarət olduğunu bilmirəm. Bu saat hər müsəlman ölkəsinin özünün Qarabağdan da böyük dərdləri var: Pakistanla, Əfqanıstanla hər şey aydındır, onların öz dərdləri özlərinə bəsdir. Bəhreyndə it yiyəsini tanımır, Suriyanı heç xatırlatmağa ehtiyac yoxdur. Yəmən terrorçuların əlində əsir-yesirdir. Iranla Ermənistanın arasından da su keçmir. Bir sözlə, hazırda hər Islam ölkəsinin halını ağlamağa yeddi ağıçı arvad bəs eləməz. Bəs bizə onların nə köməyi ola, hansı xeyri dəyə bilər?
Əgər söhbət olsa-olsa, bu ölkələrin bizim ərazi bütövlüyümüzü tanımasından gedirsə, hər halda, mən bilən Azərbaycanın ərazi bütövlüyünü tanımayan qeyri-müsəlman ölkəsi də yoxdur.
Sadəcə, səmimi olmaq və açıqca demək lazımdır, yaptokratlar müsəlman ölkələrindən ona görə razıdırlar ki, onlar da elə bizim öz xurcuntayımızdırlar, nə demokratiyadan nəsiblərini alıblar, nə hüququn, azadlıqların tərəfindədirlər. Ona görə də tez-tez demokratiya, insan hüquq və azadlıqları kimi fundamental, bəşəri məsələlərdə Əliyev rejiminin ovqatını təlx etmirlər, keflərinə soğan doğramırlar, hansısa tələblər səsləndirib, öhdəlikləri xatırladıb yaptokratların qanını qaraltmırlar.
Əsl həqiqət budur. Ilham Əliyevin razılığının gerçək səbəbi budur.
Bəşərin səbri
Mövzumuzla səsləşir deyə, bir məsələni də yazım. Əslində, bu barədə bir dəfə də yazmışam. Sadəcə, yerinə düşür deyə, yenidən xatırlatmağa ehtiyac duydum. Ərəb Birliyi deyilən bir qurum var, burada çağdaşlığın, demokratiyanın, dünyəviliyin min ağac ötəsindən keçməyən ölkələr birləşiblər.
Son vaxtlar bunlar həmin Ərəb Birliyində tez-tez birləşib Suriya diktatoru Bəşər Əsədə barmaq silkələyirlər, ondan öz xalqının istək və iradəsinə sayğılı olmasını istəyirlər, hətta Əsədi devirmək istəyən müxalifət qüvvələrinə də açıq pul və silah yardımı təklif edirlər.
Və adam bilmir, gülsün, yoxsa ağlasın. Bəşər Əsədə demokratiya, insan hüquqları, milli iradə mesajları göndərən bu müsəlman-ərəb ölkələrinin rəhbərləri Suriya diktatorundan heç nə ilə fərqlənmir, xalqla müti kimi davranır, ona heç bir hüquq və azadlıq tanımır, insanları şəriət dəyənəyinin altında əzirlər. Amma utanmadan başqa bir diktatora ağıl öyrədə, öyüd verə bilirlər.
Şəxsən mən Bəşərin yerinə olsam, buna bir gün də dözə bilməzdim, əsəbdən, sarsıntıdan gəbərib gedərdim.