“Azərbaycan hakimiyyəti Rusiyadan imtina edə bilmir”

«Hazırda Azərbaycan uğrunda böyük geosiyasi savaş gedir»

Elçin Şıxlı: «Hakimiyyətin müstəqil mətbuata qarşı reallaşdırdığı təzyiqlər keçən əsrdə qalıb və onlar nəticə verməyəcək»

Gözlənildiyi kimi 2013-cü il prezident seçkilərindən sonra müstəqil mətbuata qarşı təzyiqlər artdı. Qəzetlərin satışına qoyulan qadağa tədricən digər sərt addımlarla müşahidə olunmağa başladı. Hazırda “Azadlıq” qəzetinin gələcək fəaliyyəti ciddi sual altındadır. Qəzetin üzərinə qoyulan cərimələrin icraata yönəldilməsi mətbu orqanını kifayət qədər ağır duruma salıb. Müsahibimiz “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı ilə söhbətimizə elə azad mətbuata qarşı son təzyiqlərə münasibət öyrənməklə başladıq:

– Müstəqil mətbuatın azad şəkildə fəaliyyəti, baş verənləri düzgün işıqlandırması hakimiyyətə sərf etmir. Problem bundan ibarətdir ki, reallığı, həqiqəti hakimiyyətdəkilərin bir çoxu qəbul etmək istəmir.

– Hazırda hər bir qəzetin davamı olaraq bir internet saytı var. Ölkənin populyar müxalifət qəzetlərinin internet saytına gündəlik daxil olanların sayı hazırda qəzetin tirajını bir neçə dəfə üstələməkdədir. Belə olan halda hakimiyyətin qəzetin çap versiyasının nəyin bahasına olursa-olsun dayandırmağa çalışması nəyə hesablanıb? Bu dövlətə nə dərəcədə baş ucalığı gətirən haldır? Bu açıq şəkildə düşmənçiliyin nümayişi deyilmi?
– Bir çoxları elə düşünür ki, qəzetin kağız versiyasını bağlamaqla onların “problemləri” həll olunur. Bu yanlış fikirdir və köhnə düşüncədir. Informasiyanın ötürülməsi baxımından qəzetin çap versiyasının dayandırılmasının elə bir əhəmiyyəti yoxdur. Dünyaca tanınmış “news week” siyasi dərgisi keçən ilin dekabrında özünün sonuncu nömrəsini çapdan buraxdı. Siyasi dərgi bu müddətdən sonra elektron formata keçdi. Yəni əgər söhbət kağız versiyasının bağlanması ilə hər şeyin düzələcəyinə ümid bəslənilirsə, bu yanlış fikirdir. Internetin inkişafı bu asılılığı aradan qaldırılıb. Eklektron versiyalı qəzetlərlə onların çap variantları arasında heç bir fərq yoxdur. Elektron varintlarla çap versiyası arasında bircə fərq qəzetin kağızının iyinin gəlməməsidir.

“Qazet satışı ilə bağlı problemlər hakimiyyətə maraqlı deyil”

– Beynəlxalq aləmdən təzyiqlər güclənən zaman hakimiyyət bir qayda olaraq demokratik təssisatlara qarşı təzyiqləri artırır. Hakimiyyətin bu müddətdə həbsdəki siyasi fəallara, azad mətbuatın təmsilçilərinə qarşı təzyiqləri daha çox beynəlxalq təzyiqlərdən yayınmaq məqsədi güdür. Bu siyasəti nə dərəcədə perspektivli saymaq olar?
– Bu siyasətin heç bir perspektivi yoxdur. Bu təzyiq metodları 20-ci əsrdə qalıb. Hazırda yaşadığımız dövrdə bu cür təzyiq vasitələrinə müraciət etmək yerində deyil.

– Hakimiyyət bir tərəfdən qəzetlərin satışına maneə yaratmaqla jurnalistlərin, qəzet satışı ilə məşğul olan firmaların, köşklərin durumunu bir qədər də ağırlaşdırır. Amma digər tərəfdən bəyan edir ki, hər 50 iş yeri açana 1 milyon güzəştli kredit veriləcək. Mətbuata təzyiq isə hazırda mövcud olan neçə neçə iş yerlərinin bağlanmasına gətirib çıxarır…
– Görünür mətbuat hakimiyyətin gəlirli hesab etdiyi sektora aid deyil. Görünür, hakimiyyət üçün mətbuat gəlirli sahə sayılmır. Qəzet satışının məhdudlaşdırılması təkcə metrolarda həyata keçirilmir. Qəzet satışı ilə məşğul olan köşklərə baxın. “Qasid” firması çox ağır maliyyə durumuna salınıb. “Qasid” demək olar ki, satışla məşğul ola bilmir. Eyni zamanda şəhərə yeni müasir görnüşlü köşklər gətirilsə də, həmin köşklərdə qəzetdən başqa nə desən satılır. Baş verənlərdə əslində cəmiyyətin özünün də bir marağı olmalıdır. Qəzet satışının metroda satışına qadağanın qoyulması əslində satış reytinqinə təsir etməməlidir. Qəzetlərə abunə yazılmaq lazımdır. Qəzetə abunə yazılmaq həm pərakəndə satışdan ucuz qiymətə başa gəlir, həm də ki, abunəçi qəzeti birbaşa evinə və ya iş yerinə sifariş edə bilir. Ictimaiyyətdən çox şey asılıdır. Nəyisə oxumaq istəyirsənsə, bu yoldakı maneələri aşmalısan. Amma heç kim heç nə etmək istəmir. Qəzeti oxumaq istəyən onu hər yerdən əldə etməlidir. Hazırda maliyyə çətinlikləri ilə üzləşən “Azadlıq” qəzeti dəstək kampaniyası elan edib. Bu kampaniyaya dəstək verən oxucuların sayı çox azdır. Eyni addımları biz də atırıq. Effekt çox azdır. Hazırda Azərbaycanda qəzetlərin elektron variantını düşünmüşük. Amma heç kim bu yeni versiyaya maraq göstərmir. Əksəriyyət bəyan edir ki, nəyə görə satılan və ya sayta yerləşdirilən materialları əldə etmək üçün pul ödənilməlidir. Ona görə də mətbuat çözülməz problemlərlə üzləşir.

– Mətbuatın üzləşdiyi problemləri həll etmək üçün cəmiyyətin üzərinə düşən vəzifədən danışdınız. Bəs ziyalı təbəqəsi hansı addımları atmalıdır?
– Elə qəzetləri mütamadi olaraq alan elə ziyalı təbəqəsidir. Ziyalı zümrəsində heç zaman kütləvilik olmayıb. Amma qəzeti həqiqətən oxumaq, onu yenidən satışda görmək istəyənlər gərək hərəkət etsinlər. Bunun üçün qəzetə abunə olmaq lazımdır. Qəzeti oxuyan görür ki, metroda qəzet satılmır. Əgər belə bir mənzərə varsa, çıx başqa yerdən qəzeti almağa çalış. Bu yol da keçərli deyilsə, daha sərfəli formada qəzetə abunə yazıl ki, evinə gətirsinlər.

“Azərbaycanın inkişafı Qərbdədir”

– Hazırda Azərbaycan ətrafında baş verənləri necə dəyərləndirirsiniz? Avrasiya Ittifaqına üzvlüklə bağlı Rusiyadan Azərbaycana ciddi təzyiqlər var. Digər tərəfdən isə bu yaxınlarda Azərbaycanı Vilnüsdə çox ciddi bir müzakirələr gözləyir. Belə olan halda Azərbaycanın seçimi necə olmalıdır? Hansı yol Azərbaycanın dövlət maraqlarına uyğundur?
– Azərbaycan üzünü inkişaf etmiş dünyaya tutmalıdır. Inkişaf etmiş dünya da Qərbdədir. Azərbaycanın nə qədər Şərqli olmasına, Islami ənənələri dəyərləndirməsinə baxmayaraq, reallıq budur. Hazırda tərəqqi və yeni texnologiyalar Qərbdən gəlir. Şərqdə inkişaf etmiş dövlət Çindir. Çin isə yalnız hər şeyi kopyalamaqla məşğuldur. Bu dövlət yeni texnologiya hələ ki, kəşf etməyib. Çin, Koreya və Yaponiya başqa inkişaf yoluna malikdir. Amma Şərqin digər ölkələrində geriyə getmə, müsəlmanların arasında ədavət müşahidə olunur. Müsəlmanlar arasında süni-şiə davası hələ də davam edir. Rusiyaya gəlincə isə bu barədə hər şey məlumdur. Rusiyanın bizə nə verəcəyini biz artıq şahidi olmuşuq. Iki yüz əlli il müddətində Rusiya Azərbaycana nə mümkündürsə verib. Indi bundan sonra Rusiya heç nə vəd edə bilməz. Əgər Rusiya nəsə yeni bir strategiya müəyyən edərək, təklif etsə onun ardınca getmək olar. Amma Rusiya özü üçün belə mütərrəqi addım ata bilməyib. Rusiyada yalnız avtoritarizm çiçəklənir, bu ölkədə iqtisadi mexanizmlər işləmir. Rusiya yalnız neft və qazın hesabına iqtisadiyyatını saxlayır. Rusiya Azərbaycana heç nə vəd edə bilməz. Rusiya sadəcə olaraq iyirmi il əvvəl Azərbaycan xalqının qanı bahasına əldə olunan müstəqilliyi almağa çalışır. Qərbə gəlincə isə, Avropa açıq bəyan edir ki, əgər mənim tərəqimdən, inkişafımdan istifadə etmək isətyirsənsə, mənim oyun qaydalarıma riayət etməlisən. Əgər Rusiya Azərbaycana nəsə yeni bir şey təqdim edə bilsəydi, Kreml seçilərdi. Hazırda Qərb bir sıra problemlərin yaranmasına baxmayaraq yeganə inteqrasiya mümkün ola biləcək məkandır.

“Hakimiyyət ictimaiyyətə Rusiyadan olan təzyiqləri etiraf etməlidir”

– Hazırda Rusiyadan Azərbaycana qarşı təzyiqlər davam edir. Rusiyada azərbaycanlıların işlədiyi bazarlar bağlanır, Rusiyada Azərbaycanın sürücülük vəsiqəsilə avtomobil idarəetmək qadağan edilir. Bütün bunları ekspertlər Gömrük Ittifaqına daxil olmaq üçün Azərbaycana təzyiq kimi qiymətləndirsələr də, Azərbaycan hakimiyyəti bunu inkar edir. Həqiqətənmi bu addımlar təzyiq deyil?
– Xeyr, bütün bunlar Rusiyanın Azərbaycanı Avrasiya və Gömrük Ittifaqına üzv etmək üçün atdığı addımlardır. Təəssüflər olsun ki, hazırda Azərbaycan uğrunda böyük geosiyasi savaş gedir. Biz həmin savaşın mərkəzindəyik. Biz üzümüzü Avropaya çevirərək, Rusiyadan imtina etsək, Rusiyanın ciddi problemləri olacaq. Çünki Rusiya bir çox layihələrini bizim üzərimizdən reallaşdırır. Amma bununla belə bizim hakimiyyət Rusiyaya açıq müharibə elan edə bilmir. Çünki bilir ki, bu addım atılarsa 2008-ci il avqustunda Gürcüstanın başına açılan müsibət Azərbaycana münasibətdə təkrarlana bilər. Həmin hadisələr zamanı Qərbdən Gürcüstana gözlənilən dəstək gəlmədi. Düşünürəm ki, hakimiyyət Rusiyadan gələn təzyiqləri ictimaiyyətdən gizlətmək əvəzinə bu barədə açıq danışmalıdır. Əksinə ictimaiyyət ilə açıq danışılsa, Rusiya Azərbaycana qarşı hər hansı addım ata bilməyəcək. Bizim başımızın üzərində hazırda savaş gedir. Təəssüf ki, Rusiya böyük qüvvədir və biz onun qarşısında təkbaşına duruş gətirə bilmərik. Amma Rusiyadan olan təzyiqlər, bizim birbaşa Kremlə təslim olmağımıza hesablanıb.

– Hazırda fikirlərini azad şəkildə ifadə etdiklərinə məhkum olan şəxslərin məhkəməsi keçirilir. Hakimiyyətin ona müxalif olan şəxslərə qarşı bu cür addımları perspektiv vəd edirmi?
– Siyasi rəqiblərinə qarşı bu cür üsullardan istifadə etmək yalnız köhnə fikirli insanların ağlına gələ bilər. Hakimiyyət bu şəxsləri qorxutmaq istəyir ki, onların səsi çıxmasın. Məntiq yoxdur. Bu şəxslərin səsi çıxmayacaq, sabah başqaları etiraz edəcəklər. Əksinə hakimiyyət ona etiraz edənləri dinləməlidir. Öyrənilməlidir ki, niyə bu şəxslər rahat yaşamaq əvəzinə özlərini dağa-daşa çırpırlar. Bu həqiqəti tapmaq lazımdır. Sonradan məlum olacaq ki, bu şəxslər elə böyük şey istəmirlər. Onlar sadəcə olaraq öz hüquqlarının bərpa olunmasını istəyirlər. Bu sadə həqiqətləri başa düşməyənlər, köhnə sovet, bolşevik düşüncəsiylə yaşayanlardır. Bu zümrə elə düşünür ki, kimsəni hədələmək yolu ilə onu yolundan döndərmək olar. Insanları qorxutmaqla cəmiyyəti narahat edən problemin həllini bir qədər geriyə çəkmək olar, bu yol ilə onu həll etmək mümkün deyil. Həbs olunan gəncləri dinləmək lazımdır ki, bu gənclər nə istəyir? Insanları dinləyib, onları anlamağa çalışmaqla problemi daha tez həll etmək olar.

– Hökumətdəki son cüzi dəyişikliklər nəticəsində idarəçiliklə yeniliyi gözləmək olarmı?
– Bu dəyişikliklər sistemli dəyişiklik olmadı. Müəyyən yerlərdə cüzi dəyişikliklər edildisə də, ümumi mahiyyət saxlanıldı. Müdafiə naziri uzun müddət idi ki, bu postu tuturdu. Son zamanlar da ondan narazılıq artmışdı. Kənd təsərrüfatı nazirliyindəki dəyişikliyin də bir məntiqi mənası yoxdur. Ümumiyyətlə hazırda nə kolxoz, nə də sovxozun olmadığı, planlaşdırmaya ehtiyac duyulmadığı vaxtda kənd təsərrüfatı nazirinə heç bir ehtiyac yoxdur. Bu nazirliyin həftədə bir dəfə yarmarka düzəltməyinə heç bir ehtiyac yoxdur. Ondansa normal bazar münasibətləri yaradılmalıdır.

Xəyal