Son günlər “Azadlıq”a qarşı hücumlar daha kəskin xarakter alıb və qəzetin fəaliyyəti iqtisadi yollarla məhdudlaşdırılır. Belə ki, qəzetə qarşı iki məhkəmə hökmü var və bu hökmə görə qəzet 65000 manat cərimə ödəməlidir. Cərimənin ödənilmədiyi üçün qəzetin bank hesabına həbs qoyulub. Eyni zamanda “Qasid” firması qəzetə olan 50000 manat borcu ödəmədiyi üçün qəzet də nəşriyyata olan 20000 manat borcu ödəyə bilmir. Nəticədə Azərbaycan Nəşriyyatı noyabrın 12-də “Azadlıq”ın çapını dayandırdı. “Azadlıq”ın üzləşdiyi vəziyyətə və qəzetə qarşı hakimiyyətin total hücumlarına tanınmış ictimai xadimlər də münasibət bildirdi.
Xalq şairi Musa Yaqub bildirdi ki, “Azadlıq”ın bağlanması yolverilməzdir və bu qəzetə hamılıqla dəstək verilməlidir: “Mən “Azadlıq” ın üzləşdiyi problemləri ürək ağrısıyla müşahidə edirəm və bu qəzeti cəmiyyət üçün lazımlı sayıram. “Azadlıq” elə qəzetdir ki, biz onun daimi oxucusuyuq və mətbuatı bu qəzet olmadan təsəvvür etmək çətindir. Mən qəzetə qarşı bu hücumları pisləyirəm və hesab edirəm ki, hər birimiz qəzetin ayaqda qalması üçün əlimizdən gələni etməliyik. Qəzet bağlamaq çox pis ənənədir və cəmiyyətə yaxşı heç nə vəd etmir”.
Tanınmış ziyalı Eldəniz Quliyev “Azadlıq”a qarşı olan basqıları ləyaqətsizlik adlandırdı və bu siyasətin ifşa olunacağını bildirdi: “”Azadlıq” qəzetinin susdurulması, insan azadlığının məhdudlaşdırılmasıdır. Biz “Azadlıq” qəzetini insan azadlığına bərabər tuturuq. Baş verənlər ləyaqətli bir qəzetə qarşı ləyaqətsiz addımdır. Bu qəzet xalqın, əzilənin sözünü deyir və öz xalqının ağrı-acısına heykəl qoyur. “Azadlıq”ı bağlamaq, tənqid etmək, öldürmək olar, ancaq məğlub etmək olmaz”.
İstiqlalçı deputat Hacıbaba Əzimov “Azadlıq”ın alternativsiz qəzet olduğunu və hakimiyyətin cinayətkar mahiyyətini daim ifşa etdiyini bildirdi: “ 100-lərlə qəzet var ki, bu qəzetləri oxuyan yoxdur, öz redaksiyasına da xeyir vermir, borcları da “Azadlıq”dan çoxdur. Ancaq bu qəzetlər hakimiyyəti mədh etdiyinə görə heç bir təzyiqlə üzləşmir. “Azadlıq” qəzeti isə hər zaman xalqın sözünü deyib, ölkə rəhbərliyinin cinayətkarlığını ifşa edib və öz missiyasına sadiq qalıb.Ona görə də hər zaman təzyiq və təqiblərə məruz qalıb. “Azadlıq” qəzeti xalqın tribunasıdır. Biz sona qədər “Azadlıq”a dəstək olacağıq və hər kəsi qəzetə abunə olmağa çağırırıq”.
Siyasi ekspert Mahal İsmayıloğlu hesab edir ki, hakimiyyətin azad mətbuata təzyiqi əks effekt verəcək və hakimiyyətin növbəti ifşasını reallaşdıracaq: “Seçkilərdən sonra tənqidçi mediaya qarşı total hücumlar gözlənilən idi. Çünki iqtidar uğursuz seçki kampaniyasının əvəzin azad mətbuatdan çıxmalı idi. Ona görə də qəzetlər qarşı müxtəlif cəbhələr açıblar və qəzetin satışına qadağalar qoyulur, məhkəmə cərimələri kəsilib və.s. Yəni qəzetin pulun mənimsəyən də, qəzetdən pul tələb edən də özləridir. Ancaq azad mətbuatı susdurmaqla xilas olmaq mümkün deyil. Hakimiyyət bu addımı ilə öz qətlinə fərman vermiş olacaq. Yəni baş verənlər bumeranq effekti verəcək”