Obama Əliyevə nə mesaj verdi?

«Obama məktubunda birmənalı şəkildə bildirir ki, uzunmüddətli sabitlik yalnız demokratiya şəraitində mümkündür»

 

Rahim Hacıyev: «ABŞ prezidenti Ilham Əliyevi faktiki dövlət başçısı hesab edir»

Prezident seçkisindən sonra bir çox aparıcı Qərb dövlətlərinin, o cümlədən ABŞ-ın dövlət başçılarının Ilham Əliyevi qələbə münasibətilə təbrik etməməsi, üstəlik, ABŞ Dövlət Departamentinin ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun seçkilərə verdiyi mənfi rəyə istinad etməsi hakimiyyətdə dərin narahatlığa səbəb olmuşdu. 

Hətta rəsmilər özlərinə təsəlli vermək üçün bu təbriklərin əhəmiyyət kəsb etmədiyini də önə çəkməyə çalışırdılar. YAP icra katibinin müavini Siyavuş Novruzov mətbuata açıqlamasında Obamanın Əliyevi təbrik etməməsinin onlara heç bir dəxli olmadığını bildirdi. Rəsmilərin bu tip açıqlamaları özünə təsəllidən başqa heç nə deyildi. Hakimiyyətin ABŞ-dan gözlədiyi məktub isə seçkidən təxminən bir ay sonra gəldi. Ancaq ABŞ prezidenti Barak Obama Əliyevə üçüncü müddətə Azərbaycan prezidenti vəzifəsinin icrasına başlamağı münasibətilə xoş arzularını yetirməklə kifayətlənib. Ağ ev rəhbərinin məktubunda nə Əliyevin “prezident seçilməsi” ifadəsi, nə də bu münasibətlə təbrik yoxdur. 

Bununla belə bu məktub dünən rəsmi mətbuatın manşetinə çevrilib. Hakimiyyət mətbuatı sevincək halda Obamanın Əliyevi təbrik etdiyini yazır. “Azərbaycan” qəzetində dərc olunan məktubda isə Obamanın Əliyevə bir sıra mesajlar ünvanladığını görmək olar. Obama iki ölkə arasında əməkdaşlıq və tərəfdaşlığın tam potensialına nail olmaq məqsədilə Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafının təmin edilməsində çox vacib olan demokratik proseslərin gücləndiriləcəyinə ümidvar olduğunu bildirir. “Seçkidən sonra qeyd etdiyimiz kimi, biz, Azərbaycanı birləşmə, toplaşma və ifadə kimi ümumi azadlıqlara hörməti artırmağa, siyasi plüralizm və məhkəmə müstəqilliyini təşviq etməyə, habelə seçki sistemini gücləndirməyə dəvət edirik”,- deyə məktubda qeyd olunur. 

ABŞ prezidentinin məktubunu şərh edən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov orada bəzi çağırışların olduğunu etiraf edib. 

Qeyd edək ki, Avropadan gələn təbriklərdə də Əliyevə demokratiya, insan haqları, ifadə azaldığı ilə bağlı çağırışlar edilib. Bütün bunlar isə Qərbdə Azərbaycanla bağlı vahid mövqeyin olduğunu deməyə əsas verir.

Obamanın məktubunda əksini tapan mesajlar bunu bir daha təsdiqləyir.

Siyasi ekspert Rahim Hacıyev Obamanın Ilham Əliyevə məktubunun seçkilərdən təxminən bir ay sonra gəlməsini təsadüfi hesab etmir. Bunun başlıca səbəbi seçkilərin açıq aşkar saxtalaşdırılmasıdır. ATƏT DSIHB-nin seçkilərlə bağlı verdiyi rəyi birmənalı şəkildə dəstəkləyən ABŞ Dövlət Departamentinin bəyanatında da seçki günü baş vermiş kobud qanun pozuntuları, o cümlədən bülletenlərin topa-topa qutulara atılması xüsusi qeyd olunmuşdu. Məhz buna görə Obamanın “təbrik” və “seçilmə” sözləri işlədilməyən məktubu belə gec göndərilib. Məktubun mətnindən də görünür ki, ABŞ prezidenti Ilham Əliyevi faktiki dövlət başçısı hesab edir. Çünki ABŞ Əliyevi legitim hesab etsəydi, o halda məktubda “prezident seçilməniz münasibəti ilə təbrik edirəm” ifadəsi yer almaya bilməzdi. Obama məktubunda birmənalı şəkildə bildirir ki, uzunmüddətli sabitlik yalnız demokratiya şəraitində mümkündür. Eyni zamanda istər ölkə, istərsə də beynəlxalq ictimaiyyəti çox ciddi narahat edən məsələlər vurğulanır. Onları sadalamaqla ABŞ prezidenti Azərbaycan hakimiyyəti ilə mövcud problemlərin aradan qaldırılmasını münasibətlərdə prioritet olacağını açıq şəkildə ortaya qoydu. Bu əslində Azərbaycan hakimiyyətinə ölkənin bundan sonrakı inkişafı ilə bağlı təklif olunan “yol xəritəsi”dir. Məktubun ruhundan görundüyü kimi, ABŞ Azərbaycan hökuməti ilə bu istiqamətlər üzrə ciddi əməkdaşlıq prosesi başlamaq niyyətindədir.

Fizzə