İlham Əliyev üçün saxtalaşdırılan seçki və təbrik məktubları
Britaniyanın baş naziri Devid Kameronun Ilham Əliyevə göndərdiyi şəxsi məktubu “təbrik məktubu” adı ilə hakimiyyətin ictimailəşdirməsi haqda xəbər vermişdik. Bu hadisə konkret olaraq, diplomatik etikanın kobud pozuntusudur. Ancaq təkcə bu pozuntu olsaydı, nə vardı ki…
Bəlli oldu ki, hakimiyyət məktubun əhəmiyyətli hissəsini “senzuradan keçirərək”, mahiyyətini dəyişib. Bəs, məktubun kəsilən hissəsində tam olaraq nələr varmış?
Kameronun məktubunun “senzuraya” məruz qalan hissəsi
Ötən sayımızda “arzuolunmaz mətn kimi” məktubdan çıxarılan hissənin məzmunu barədə oxuculara məlumat vermişdik.
“Azadlıq” qəzeti indi həmin hissəni tam, olduğu kimi oxucularla bölüşür. Onu da qeyd edək ki, sirr kimi gizlədilən həmin mətni tapmaqda elə də çətinlik çəkmədik.
Devid Kameron yazır: “Birləşmiş Krallıq Azərbaycanın son iyirmi il ərzində əldə etdiyi tərəqqini qeyd edir, ölkənizin müasir, inkişaf edən və dünyəvi cəmiyyətə doğru inkişafı böyük təəssürat bağışlayır. Azərbaycanın dostu kimi, Birləşmiş Krallıq sosial və iqtisadi irəliləyişin demokratik və siyasi təkmilləşməyə uyğun aparılmasını görməyə ümid edir. Biz bu yaxınlarda keçirilmiş seçkilərdə əvvəlki seçkilərlə müqayisədə irəliləyişin olmaması ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun ilkin hesabatında ifadə edilmiş narahatlığı bölüşürük. Birləşmiş Krallıq 2010-cu ildə keçirdiyi seçkilərdən sonra Demokratik Təsisatlar və Insan Haqları Bürosunun hesabatına uyğun iş apardığı kimi, biz hamımız Demokratik Təsisatlar və Insan Haqları Bürosunun hesabatından yararlana bilərik. Mən Azərbaycanı Demokratik Təsisatlar və Insan Haqları Bürosu ilə işi davam etdirməyə və onların verdiyi tövsiyələr əsasında konstruktiv ruhda fəaliyyət göstərməyə çağırmaq istərdim”.
Hakimiyyətin diplomatik ədəb-ərkanı pozması problem yaradıb
Yazılanlarda aydın görünür ki, Böyük Britaniya siyasi səbatsızlığa yol verməyib. Onlar seçkinin saxtalaşdırıldığı haqda ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun rəyinə sadiqdilər.
Təfərrüatlara malik olmasaq da, ümumilikdə bilirik ki, Azərbaycan tərəfinin sevincək olub diplomatik ədəb-ərkanı pozması problem yaradıb, necə deyərlər, qaş düzəldilən yerdə göz çıxarılıb.
Hakimiyyət vəziyyətdən çıxmağın yolunu isə yenə də özünəməxsus həll edib: prezidentin rəsmi saytına yerləşdirilən təhrif olunmuş versiya saytdan çıxarılıb. Amma artıq gec idi, çünki bir çox media orqanlarında yayılmışdı.
Britaniyanin könlünü almaq üçünsə rəsmi qəzetlərdən yalnız “Azərbaycan”da D.Kameronun məktubu olduğu kimi (http://bit.ly/17b1y0R) çap olunub. Təsəvvür edin ki, hakimiyyət qəzetlərinin heç biri bu “təbriki” çap etməyib.
“Azərbaycan” qəzetində məktubun olduğu kimi çap edilməsini hakimiyyət özü üçün təhlükəsiz sayıb. Çünki onsuz da bu qəzetin auditoriyası çox dar, oxucusu isə yox səviyyəsindədir. Üstəlik, bir gün əvvəl bütün təbliğat ruporlarının “Devid Kameron Ilham Əliyevi təbrik etdi” yayımlarından sonra növbəti gündə heç kimdə köhnə mətni zərrəbinlə oxumaq marağı olmur. Kimin ağlına gələrdi ki, Britaniya kimi nəhəng bir dövlətin hökumət başçısının məktubu bir gün əvvəl yayımlandığı şəkildən fərqlənə bilər? Lakin həyat göstərdi ki, Azərbaycan hakimiyyəti təkcə seçkiləri yox, seçkiyə obyektiv münasibət göstərən dövlətlərin, adamların da rəyini saxtalaşdıra bilir.
***
Təhlillər onu deməyə əsas verir ki, hakimiyyətin bu jesti qarşı tərəfin könlünü ala bilməyib. Bunu ən azı, səfirliyin “facebook” səhifəsindən hiss etmək olar. Səfirliyin rəsmi səhifəsində (https://www.facebook.com/ukinazerbaijan) Britaniya-Azərbaycan münasibətlərinə dair ən xırda məsələlər öz əksini tapsa da, D.Kameronun, hətta orijinal məktubu da yer almayıb. Səbəb yəqin ki, məktubun deyildiyi kimi, şəxsi xarakter daşımasıdır.
Bütün bunlardan sonra Azərbaycan hakimiyyətinə yönəlik bir sual açıq qalır: “Kimi aldadırsan, ay zalım oğlu?!”
Natiq


