Bir traktora açılan atəşin mübahisəsi və ya kim kimə cavab verir?
İran Azərbaycanla sərhədlərini bağlayıb. Həm Biləsuvar, həm də Culfa rayonu ərazisində sərhəd-keçid məntəqələri noyabrın 7-də bağlanıb. Sərhəd məntəqələrində yüzlərlə azrəbaycanlı qalıb.
Biləsuvar Gömrük İdarəsinin rəsmisi Mirrafiq Mirsulatov ANS PRESS-in bölgə müxbirinə deyib ki, İran tərəfi keçidi dayandırmaqda heç bir səbəb göstərmir və dəfələrlə görüşə çağrılsa da, bundan imtina edib.
Hadisəylə bağlı İranın Azərbaycandakı səfirliyi bəyanat yayıb. Bəyanatda Culfa və Biləsuvar sərhəd-keçid məntəqələrini İran sərhədçilərinin bağlaması təsdiqlənərək bildirilir: “Azərbaycan Respublikası sərhədçilərinin Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsinin qeyri-adi şəkildə bağlamasına və bu sərhədin açılması üçün iki gün boyunca edilən cəhdlər nəticəsiz qaldığına cavab olaraq dünəndən Biləsuvar və Culfa sərhəd-keçid məntəqələri bağlanıb”.
Səfirliyin mətbuat şöbəsinin müdiri Seyid Məhəmməd Ayətullahi Azərbaycan Respublikasından naməlum şəxsin Poldəşt sərhəd-keçid məntəqəsinə yaxın yerdə bir traktora atəş açıdığını deyib (ans press). Onun sözlərinə görə, bundan sonra Azərbaycan sərhədçiləri Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlayıblar: “Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini noyabrın 6-dan etibarən bağlanılıb ki, bu da iranlı sürücülərə və vətəndaşlara ciddi problemlər yaradıb.
Beynəlxalq qanun və normalara əsasən adətən sərhəd məntəqələrində bu kimi hadisələr baş verdikdə iki ölkənin sərhədçiləri görüşüb məsələni yerində həll edirlər və belə hallarda heç vaxt sərhəd bağlanmır. İran iki gün gözlədikdən sonra sərhəd-keçid məntəqəsi açılmadığı üçün Azərbaycan tərəfini qabaqcadan məlumatlandıraraq, Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb”.
Səfirliyin açıqlamasında deyilir ki, problemin həll edilməsi üçün Azərbaycanla lazımi danışıqlar aparılır.
Maraqlıdır ki, İran səfirliyi Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsi yaxınlığında Azərbaycandan naməlum şəxsin bir traktora atəş açdığını bildirir. Bu isə Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin noyabrın 6-da yaydığı məlumatla ziddiyət təşkil edir. Həmin məlumatda deyilirdi ki, Şərur rayonu ərazisində Araz çayında iş görən traktorçuya İran tərəfdən atəş açılıb.
“Noyabrın 5-i saat 18:15 radələrində Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında, Araz çayında sahilbərkitmə işləri aparan traktora İran İslam Respublikası ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açıb. Sürücü atəşdən yayınmaq məqsədilə özünü traktordan atıb.
Ərazidə xidmət aparan sərhədçilər atəş səslərini eşidib hadisə yerinə gəliblər. Hadisə yerinə baxış keçirilib və aidiyyəti üzrə məlumat verilib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, atılan 7,62 millimetrlik güllələrdən ikisi traktorun radiatoruna, biri isə sürücü kabinəsinin yan hissəsinə dəyib. Traktorun yerləşmə vəziyyəti və güllələrin atılma istiqaməti sübut edir ki, atəş İran İslam Respublikası ərazisindən açılıb.
Hadisə ilə bağlı qarşı tərəf məlumatlandırılıb və izahat tələb edilib. Hazırda təhqiqat-ekspertiza işləri davam etdirilir”, – deyə Naxçıvan MR daimi nümayəndəliyinin məlumatında bildirilir.