Avropanın nüfuzlu ekspertləri, tanınmış beynəlxalq təşkilatların nümayəndələri Azərbaycan, Gürcüstan və Ermənistandakı seçkiləri müzakirə ediblər
Bu günlərdə Nederland Krallığının paytaxtı Amsterdam şəhərində “Choice of the Caucasus”/”Kaukasus Kiest.” adlı beynəlxalq siyasi konfrans keçirilib. Amsterdam Universiteti və IKV Pax Christi təşkilatı tərəfindən təşkil olunan toplantını qurumun rəhbəri Caecilia van Peski açdı. O Cənubi Qafqazın 3 respublikasında – Azərbaycan, Ermənistan və Gürcüstanda artıq prezident seçkilərinin keçirildiyini bildirdi. Qeyd etdi ki, Gürcüstanda seçkilər çox demokratik şəkildə keçirilsə də, Azərbaycan və Ermənistan barədə bunu demək mümkünsüzdür. Caecilia van Peskidən sonra Qafqaz üzrə tanınmış alim, beynəlxalq səviyyəli mütəxəssis və Leiden Universitetinin müəllimi André Gerrits söz aldı. 20 dəqiqəyə yaxın məruzə ilə çıxış edən cənab Andre Gerrits Qafqazın siyasi tarixindən söz açdı. Gürcüstanın demokratiya yolu seçdiyini, lakin Azərbaycan və Ermənistanın davamlı olaraq seçkilərdə ciddi qalmaqallara, nöqsanlara yol verdiyini bildirdi. Eyni zamanda söylədi ki, hər iki dövlət sonda Gürcüstan kimi demokratiya yolu seçməyə məcburdular. Qafqazdakı konfiliktlərdən danışan Andre Gerrits dedi ki, Rusiya faktiki olaraq Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabaş kimi forpostları vasitəsilə bölgəni gərginlikdə saxlamağa çalışır.
Nederland və Avropa parlamentlərinin deputatı, artıq Azərbaycanda da siyasi dairələrin yaxından tanıdığı cənab Gerben-Jan Gerbrandy Azərbaycanın enerji imkanlarından danışdı. Bildirdi ki, geniş enerji qaynaqları olan Azərbaycanda hakimiyyət bundan ölkənin inkişafı üçün yox, siyasi maraqlar naminə istifadə edir. Enerji resurslarından istifadə edərək Avropa ölkələrinin siyasi rəhbərliyi ilə münasibətlər qurur. Avropa Parlamentinin deputatı bildirdi ki, məhz bunun nəticəsidir ki, indi o, Azərbaycandakı seçki saxtakarlıqlarını ciddi tənqid etdiyi halda, Avropa Birliyinin bəzi rəhbərləri İlham Əliyevi təbrik edir. Bu da onunla bağlıdır ki, Avropa Rusiyadan asılı olmamaq üçün alternativ enerji mənbələrini əlində saxlamaq istəyir. Azərbaycan hakimiyyəti də bundan sırf öz iqtidarını qorumaq üçün yararlanır. Cənab Gerbrandy əminliyini ifadə etdi ki, bu çox davam etməyəcək və çox tezliklə siyasi şərtlər dəyişəcək.
ABŞ-ın Milli Demokratiya İnsititunun keçmiş üzvü, uzun müddət Azərbaycan üzrə fəaliyyət göstərmiş beynəlxalq mütəxəssis Arjen de Wolff da Azərbaycan və Ermənistandakı problemlərdən, seçki saxtakarlığından, hər iki ölkənin faktiki olaraq demokratiyadan kənar prinsiplərlə idarə edildiyindən söhbət açdı. O, problemin həllinin demokratiyaya keçid olduğunu dedi.
Toplantıya qatılan Nederlandın Böyük Britaniyadakı sabiq səfiri, Avropada tanınmış diplomat və ölkələr üzrə xüsusi mütəxəssis statusu almış, Nederland Parlamentinin deputatı və hakimiyyətdə olan Əmək Partiyasının (PvdA – Partij van de Arbeid) rəhbərlərindən biri Michiel Servaes Qafqazdakı problemlərdən, seçkilərdən söz açdı. O da Gürcüstandakı seçkiləri yüksək qiymətləndirərək Azərbaycan və Ermənistanın vaxt itirdiklərini dedi. Eyni zamanda Ermənistanın Gömrük İttifaqı təşkilatına qoşulmaqla faktiki olaraq Rusiyanın maraq dairəsindən kəna çıxa bilmədiyini vurğuladı. Michiel Servaes Avropa lazımi dəstəyi versə də, əsas ölkə xalqları özləri iş görməli, öz gələcəklərini özləri qurmalıdırlar. Toplantıda iştirak edən Ermənistan üzrə mütəxəssis, qht (The Foundation Max van der Stoel) nümayəndəsi Marina Ohanjanyan Ermənistanda 18 fevral 2013-cü ildə keçirilən prezident seçkilərindən və baş verən qanunsuzluqlardan söhbət açdı. Bildirdi ki, bu saxtakarlıqların gələcəkdə təkrar olunmaması üçün Avropa Cənubi Qafqaz ölkələrinə yardım etməlidir.
Qeyd edək ki, konfransda Azərbaycan, Ermənistan və Gürcüstan səfirliklərinin nümayəndələri iştirak edirdilər. Eyni zamanda tədbirə Avropada fəaliyyət göstərən Demokratik Azərbaycan Hərəkatının nümayəndələri Sabir Budaqov, Fikrət Hüseynli, Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqının sədri Eldəniz Yusibov, D66 Partiyasının Qərbi Amsterdam (West Amsterdam) bölümünün katibi İsa Yusibov, Hollandiyada yaşayan iş adamı Orduxan Teymurxanoğlu, hüquq müdafiəçisi Akifə Əliyeva və digər şəxslər dəvət olunmuşdular. Həmçinin Azərbaycan səfirliyinin 1-ci katibi Elxan Məmmədov toplantıda iştirak edirdi. Maraqlıdır ki, toplantı zamanı Azərbaycan səfirliyinin nümayəndələrini müşahidə edən və konkret olaraq kimi təmsil etdikləri bilinməyən bir neçə adam konfrans boyu ancaq siyasi mühacirlərin ünvanına atmacalar atmaqla işlərini bitmiş hesab ediblər. Həmçinin bununla siyasi mühacirləri konfliktə çəkib konfransın işini pozmağa cəhd ediblər. Ancaq bunun qarşılığında mühacirlər heç bir reaksiya verməyərək konfransda əlavə qalmaqal yaranıb, ölkəmizin adına ləkə gəlməsinə imkan verməyiblər.
Konfransa iştirak edən Gürcüstan səfirliyinin nümayəndəsi çıxış edərək ölkəsindəki seçkilərə görə qürur duyduğunu bildirib. Azərbaycan səfirliyi tərəfindən konfransa gəlmiş Bayram adlı əslən Cənubi Azərbaycandan olan gənc isə çıxış edərək Azərbaycanın problemlərinə toxunub. Qarabağ problemini qabardan Bayram bəy eyni zamanda söyləyib ki, Azərbaycan islam ölkəsidir və demokratik prinsiplərin qavranılması bu səbəbdən gec baş verir. Müsəlman amilinə görə də Azərbaycan hakimiyyətinə təzyiq göstərilməsini doğru saymadığını deyib. Bu isə konfransda iştirak edən demokratik azərbaycanlıların narazılığına səbəb olub. Onlar sonradan debatlar zamanı Azərbaycandakı saxtakarlıqların müsəlmançılıq amili ilə əlaqələndirilməsinin doğru olmadığını deyiblər.
Konfransda Azərbaycanda prezident seçkilərini müşıhidə etmiş nederlandlı müşahidəçilər ölkənin Qərb bölgəsindəki saxtakarlıqlardan dəhşətə gəldiklərini deyiblər. Onlar hər məntəqədə yarım saat olduqlarını və seçkilərin tam saxtakarlıq mühitində keçdiyini bildiriblər. Onu da vurğulayıblar ki, Qərb lazımi səviyyədə addımlar atır, son söz isə Azərbaycan xalqınındır.
Konfransın sonunda qərara alınıb ki, deyilən fikirlər və təkliflər nəzərdən keçirilsin. Nəticə əldə etmək üçün isə Beynəlxalq təşkilatlara bütün saxtakarlıq olaylarına ciddi və sərt reaksiya vermələri tövsiyyə olunsun. Sonda onu da bildirək ki, konfransda Nederland Krallığı Xarici İşlər Nazirliyin yüksək səviyyəli diplomatları da iştirak edərək lazımi qeydləri aparıblar.
Demokratik Azərbaycan Hərəkatının Media Departamenti