Srağagün Azərbaycanda televiziya və radio günü imiş, mən isə yalnız indi xəbər tutdum. Lap gec olsa belə, heç bu münasibətlə kimi təbrik edəcəyini də bilmirsən, ona görə də bircə onu arzulamaq istəyirsən ki, bizdə televiziya və radio günü varsa, qoy, gün o gün olsun, televiziya və radionun özü də olsun.
90-cı illərin əvvəllərində Azərbaycan televiziyasında balacalar üçün “Laylay” verilişi vardı, həftədə bir dəfə, uşaqların yatmaq vaxtından əvvəl efirə gedirdi. O vaxt yarızarafat, yarıgerçək belə deyirdilər: “Bizdə uşaqlar həftədə bir dəfə yatır”.
Indi vəziyyət xeyli yaxşılaşıb: nəinki uşaqlar, hətta böyüklər belə istənilən Azərbaycan telekanalını açıb ürəkləri çəkən vaxt yata bilərlər. Məsələ yalnız bioloji olaraq yuxulamaqdan da getmir. Indi xalqı qəflət yuxusuna vermək üçün bütün telekanallar 24 saat “Laylay” verilişi hazırlamaqla məşğuldurlar.
Artıq xeyli adam (hansı ki, özünə hörmət edirlər, əsəblərinin düşməni deyillər, yalanı dinləməyi ona şərik olmaq kimi anlayırlar) bizdə öz televiziyalarımıza iki-üç ildən bir, parlament seçkisindən prezident seçkisinə, prezident seçkisindən parlament seçkisinə, onda da debatlar üçün baxırlar. Məhz seçkidən seçkiyə Azərbaycan televiziya və radiosunda tənqidçi fikir dinləmək, həqiqətləri eşitmək olur. Qısası, bizdə televizor söndürmək üçündür, yandırmaq üçün yox.
***
Əgər indi durub desək ki, Azərbaycandakı şər rejiminin ən güclü silahı məhz televiziyadır, yəqin, Amerika kəşf etmiş olmarıq. Televiziya Əliyevçi sistem üçün polis dəyənəyindən, göyaşardıcı qazdan, suvuran maşınlardan, sümükqıran itlərdən, səs bombalarından daha qorxunc və təsirli silahdır. O, hər gün Azərbaycan insanının evinə, altşüuruna yalan, yaltaqlıq, mütilik daşımaqla, aşılamaqla məşğuldur.
Elə ona görə də yaptokratların, hətta hansısa ölkədən, peyk üzərindən bir saatlıq teleproqramın yayımlanmasına da əsəbləri dözmədi. “Azadlıq” radiosunu qısa tezlikdən yığışdırmaq da məhz televiziyanın, radionun günümüzdə toplum üzərindəki əvəzsiz təsir, təbliğ gücünü anladıqlarından irəli gəlirdi.
Indi, hətta bir zamanlar ikinci, üçüncü dərəcəli mövzulara aid tele və radio müzakirələrdən də imtina olunub. Ən sonuncu dərəcəli məsələlərlə, qeyri-siyasi mövzularla bağlı da fərqli fikir ekran və efirdən yığışdırılıb. Yalnız müğənni saçyoldularına fürsət tanınır. Bilərəkdən, düşünülmüş şəkildə. Bununla yalnız toplumun beynində az-çox diri qalmış hüceyrələri də sıradan çıxarmaq, cəmiyyəti tamamilə sağlam beyin məhsullarından – fikirdən, düşüncədən, mülahizədən məhrum etmək, onu tamamilə bayağılaşdırmaq, zövqsüzləşdirmək məqsədi güdülmür, bununla həm də Azərbaycanda boş qalmış polemika, diskussiya mədəniyyətinin yeri bozbaş müğənnilərin, palatka “ulduz”larının timsalında saçyoldu, üzcırdı mədəniyyətsizliyi ilə doldurulur.
***
Hə, acıdır, ağrılıdır, amma reallıqdır, televiziya, radio kimi mütərəqqi bir nailiyyət Azərbaycanda geriçiliyin, köhnəliyin, hər cür mürtəceliyin təbliğat vasitəsinə, çevrilib.
Televiziya, radio elmi-texniki inkişafın məhsuludur, amma bizdə televiziya və radionun üzü elmə, bilgiyə qapadılıb, orada alimi, yazıçını “nə olsun, çox kitab oxuyublar, kitab yazırlar, siz gedin onların da soyuducusuna baxın, mənim də” deyə ələ salan, aşağılayan geydirmə “ulduzlar” at oynadır.
Televiziya tərəqqinin əlaməti idi, amma indi o, Azərbaycanda tənəzzülün tribunasıdır.
***
Yazımıza isə bugünkü Azərbaycan reallığında da çox aktual, yerində səslənən bir Sovet lətifəsi ilə nöqtə qoyaq:
Televiziyada dördüncü kanal işə düşür. Ilk gün vətəndaş televizorun önündə oturub birinci kanalı açır. Orada Brejnev çıxış edir. Ikinciyə çevirir, yenə Brejnev, üçüncüdə də Brejnev… Dördüncü kanala çevirir. Orada KQB polkovniki oturub barmağı ilə hədələyir: “Kanalları yaman çox dəyişirsən haa…”