Tarif Şurasına kimlər müraciət edib

Maliyyə Nazirliyi bahalaşmanın anonsunu versə də, adı çəkilən qurumlar «hələ müraciət etməmişik» deyir

Hökumət gələn il ölkədə qiymət artımı olacağının artıq anonsunu verib. Hökumətin yeni qiymət artımına hazırlaşdığını parlamentin müzakirəsinə çıxarılacaq 2014-cü ilin büdcə layihəsindən də görmək mümkündür. Dövlət büdcəsindən kommunal və kommunikasiya xərclərinin ödənilməsinə 2013-cü illə müqayisədə təxminən 84,8 faiz çox vəsait ayrılacaq.

 Bu açıqlamanın ardınca Milli Məclisin sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli də mətbuata açıqlamasında gələn ilin büdcə layihəsində kommunal və kommunikasiya sektoru üzrə xərclərin artırılmasının proqnozlaşdırıldığını təsdiqləyib. Millət vəkili xərclərin artılmasının tariflərə təsir göstərəcəyini də deyib.

Bahalaşmanın olacağını dolayısı ilə maliyyə naziri Samir Şərifov da təsdiqləyib. O, 2014-cü ilin büdcəsi parlament komitəsində müzakirə edilən zaman deyib ki, kommunal xidmət tariflərinin artması təbiidir. Onun sözlərinə görə, artım təşəbbüskarları “Azərenerji”, “Azərsu” və “Azəriqaz”dır. “Bu müəssisələr təsərrüfat hesabı ilə işləyir. Əmək haqqı və başqa artım üçün tariflər dəyişməlidir”, – deyə maliyyə naziri bildirib. S.Şərifov qiymət artımının onun rəhbərlik etdiyi strukturun səlahiyyətinə daxil olmadığını, məsələyə Tarif Şurasının qərar verdiyini xatırladıb.

Məsələ ilə bağlı əhaliyə kommunal, nəqliyyat və rabitə xidməti göstərən qurumlardan münasibət öyrəndik. S.Şərifovun artım təşəbbüskarları “Azərenerji”, “Azərsu” və “Azəriqaz” olduğunu deməsinə baxmayaraq “Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, təmsil etdiyi qurum tariflərin artırılmasıyla bağlı Tarif Şurasına müraciət etməyib. “Azərsu”nun tariflərin artırılmasıyla bağlı təklifi yoxdur. Əgər belə bir niyyət olarsa, biz ictimaiyyətə bu barədə məlumat verəcəyik”, deyə A.Cəbrayıllı bildirdi. Hazırkı tariflərin “Azərsu”nun xərclərini ödəyib-ödəməməsinə gəlincə, A.Cəbrayıllı bildirdi ki, hazırda bu istiqamətdə araşdırma aparılır. Araşdırmanın qiymət artımının planlaşdırıldığı ilə bağlı ola biləcəyinə gəlincə isə “Azərsu” rəsmisi bunun adi bir prosedur qayda olduğunu dedi: “Bizim ekspertlər mütəmadi olaraq su sərfiyyatı ilə bağlı araşdırmalar aparırlar. Çünki yay və qış ayları zamanı əhalinin suya olan təlabatı fərqli olur. Bu üzdən biz bu təlabatın dəyişib-dəyişmədiyini hər il araşdırmalarımızla nəzarətdə saxlamağa çalışırıq”.

Rabitəÿvə Informasiya Texnologiyalarıÿ Nazirliyininÿ Mətbuat Xidmətinin rəhbəriÿ Müşviqÿ Əmirov da bildirdi ki, təmsil etdiyi qurumun əhaliyə təqdim etdiyi xidmətlərə görə tarifləri artırmaq niyyəti yoxdur. M.Əmirov qeyd etdi ki, əgər tariflərdə hər hansı dəyişiklik baş verəcəksə, bu barədə əvvəlcədən məlumat veriləcək.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Tarif Şurasına qiymət artımı ilə bağlı müraciət etmədiklərini söylədi: “Nəqliyyat Nazirliyi Tarif Şurasına qiymət artımı ilə bağlı müraciət etməyib. Bu barədə yenilik olacağı təqdirdə ictimaiyyətə məlumat verilərdi. Nəqliyyatdakı qiymətlər enerji daşıyıcıların qiyməti ilə bağlıdır. Əgər yanacağın qiyməti qalxarsa, bu, şübhəsiz, nəqliyyat daşınmasının haqqına təsir edəcək”.

Gün ərzində dəfələrlə ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevlə əlaqə saxlamağa çalışsaq da, ondan suallarımıza cavab ala bilmədik.

Xəyal