Rusiyadakı dost-tanış yır-yığışa başlayıb. Havalar soyuyub orada. Hətta vətəndaşlığı olanlar, bazarla, alverlə əlaqəsi olmayan soydaşlarımız da orada qalmaq istəklərinin soyuduğunu gizlətmirlər. Burada yaşamaq çətin olduğu üçün gedənlər geri dönmək məcburiyyəti ilə üz-üzədirlər. Qalmaq təhlükəli və sıxıntılı, gəlmək isə müşkül və acıdır. Çoxları üçün sual eynidir. Qalıb neyləyəsən? Gəlib neyləyəsən? Rusiyadan da başqa bir qərib ölkəyə keçənlər olacaq, istisna edilmir, amma çox qəribədir ki, kimi dindirirsən, hansından soruşursan, artıq evə dönməyin vaxtı çatdığını söyləyir.
Soyuduğumuz, üz döndərdiyimiz, küsdüyümüz, istisini hiss etmədiyimiz Vətənə dönməyin vaxtı çatıb. Bir xalqın vətənindən bir ailənin – Əliyevlərin vətəninə çevrilən evə dönmək çətindir, amma dönmək vaxtı gəlib. Siyavuş Novruzovun cəmiyyətə ağıl verdiyi, Hafiz Hacıyevə siyasətdə yer verildiyi ölkə yad kimi görünür doğmalara, amma yenə də öz yurdundur və ora dönmək vaxtıdır. Çox sayda insan üçün olduqca çətin bir dövrdür, ağır haldır. Burada da səni yaxşı nəsə gəzləmir.
Fəqət bura sənin öz evindir… Bir var, səni təpikləyənlərin qarşısında deməyə sözün yoxdur, “rədd ol” deyənlərə göstərmək üçün cibində sənədin yoxdur. Bir də var, səni təpikləyəndə, yerlə sürükləyəndə “Azadlıq!” hayqıra bilərsən, sən onlara “rədd ol” deyə bilirsən, hətta “sənədini göstər görüm” deyə sən sual verirsən.
Deməli, çətin olsa da, tarixi bir dönəmdir – evə dönmək vaxtıdır.
Üstəlik, bir çox aydınlıqlar da yaranır…
Əvvəla, bir daha sübut olundu ki, demokratiyası olmayan dövlətin bazarından da xeyir gəlmir. Ondan nə öz vətəndaşına, nə də özgəsinə yar olmaz. Nəhəng silahları ilə düşməndən özünü qorumaq istəyən Rusiya özündən özünü qorumağa başlamalıdır, qaraladığı qaraların isə doğrudan da artıq öz evi barədə düşünməsi gərəkdir…
Ikincisi, münasibətlərə aydınlıq gəldi. Nə vaxtsa Rusiya ilə birlikdə olmağın müəyyən müsbət tərəfləri də olub, işğalı altında yaşasaq da, bəlli dövrdə eyni tarixi bölüşməyimizin yaratdığı doğmalıq da var. Ola bilsin, müstəqillik dövründəki qarışıqlıqların, Əliyevlər hakimiyyətinin ədalətsizliklərinin gücləndirdiyi nostalji də hələ tamam sönməyib içlərdə. Ədəbiyyatlarını da sevirik və s. Amma bir daha bəlli oldu ki, Rusiya təhlükəli qonşudur. Onun hərəkətlərində məntiq belə olmur. Bir tərəfdən hiylə-təzyiqlə ittifaq yaratmaq istəyir, o biri tərəfdən ittifaq yaratmaq istədiklərinə təpik atır. F.Tütçevin dediyi kimdir: “umom Rossiyu ne ponyat!”,
Üçüncüsü. Bizdə durum Rusiyadakından yaxşı deyil, oğru, haqsız, əxlaqsız bir rejimlə üz-üzə qalıb xalq. Burada da soydaşlarımız döyülür, əzilir və öldürülür. Burada da onlara qul kimi baxılır gerçəkdə. Həyat hər üzünə çətindir. Amma gördük ki, üz tutub getmək məsələnin həlli deyil. Əvvəl-axır, yağışdan çıxıb, yağmura düşmək olur. Əvvəl-axır evə dönmək gərək olur…
Evə dönmək və evi qurmaq gərəkdir. Kimlərsə təhsil dalınca gedəcək buradan, kimlərsə iş qurmağa gedəcək dünyanın dörd bir yanına, kimlərsə taleyin gərdişində başqa yerə düşəcək, yenə də bu hallar olacaq. Amma evə bir qarın çörək yollamaq üçün ellikcə özgə qapılarına getmək yalnız evin faciəsidir. Bu faciəni evi atıb getməklə həll etmək olmur.
Hamı evə dönəcək – evə dönmək gözəldir həmişə…