Ziya Məmmədovla icra başçıları arasında ziddiyyət

Nəqliyyat naziri yol çəkilişi üçün nəzərdə tutulan ərazilərin satılmasından qəzəblənib

 

Nəqliyyat naziri Ziya Məmmədovla Bakı rayonlarının icra başçıları arasında ziddiyyət yaranıb. Bunun kökündə isə yol çəkilişinə icra başçılarının maneə yaratmasıdır. Məsələ burasındadır ki, paytaxtda bəzi yolların genişləndirilməsi, yeni yol çəkilişləri planlaşdırılır. Lakin bəlli olub ki, layihəyə düşən ərazilər satılıb.

Indi Ziya Məmmədov həmin yerlərdə inşa edilən obyekt və evlərin sökülməsi qərarı vermək məcburiyyətindədir. Bu halda isə təbii ki, nəqliyyat naziri hədəfə gələcək. Məlumatlara görə, Ziya Məmmədov məsələ ilə bağlı artıq “yuxarılar”a məruzə edib. Hətta “Azəryolservis”in nümayəndəsi Pünhan Mürsəliyev də dünən hökumətyönlü mediaya bu barədə geniş danışıb, icra başçılarını açıq şəkildə ittiham edib. Lakin sonradan hansısa səbəbdən Pünhan Mürsəliyevin açıqlaması saytlardan yığışdırılıb. 

Görünür, icra başçılarının açıq şəkildə ittiham olunması məqsədəuyğun sayılmayıb.