Bir sıra yeni təyinatlar oldu
Müdafiə naziri Zakir Həsənov Naxçıvana səfər edib. O, oktyabrın 30-da Naxçıvanda yerləşən ordu birləşməsində olub, şəxsi heyətlə görüş keçirib. Zakir Həsənov Naxçıvana səfəri çərçivəsində bir sıra yeni təyinatlar da həyata keçirib. Onun əmri ilə polkovnik Elman Orucov Naxçıvan hərbi polisinə rəis təyin edilib. E.Orucov general-mayor Elbrus Orucovun qardaşıdır. Nazir həmçinin Naxçıvanda bir sıra hərbi hissələrə baş çəkərək, vəziyyətlə yerində tanış olub.
Zakir Həsənovun ilk səfərini Naxçıvana etməsi çox maraqlı məqamdır. Belə ki, Naxçıvan Vasif Talıbovun nəzarətində olduğu üçün ora hər hansı bir nazirin getməsi adi hal sayıla bilməz. Görünür, Zakir Həsənov bu addımı atmaqla özünün böyük güc olduğunu nümayiş etdirir.
Bu arada məlum oldu ki, ötən gün Müdafiə Nazirliyində bir neçə zabit Silahlı Qüvvələrdən tərxis olunması üçün raport yazıb. Belə ki, nazirliyin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev Silahlı Qüvvələrdən tərxis olunması barədə raport yazıb. APA-nın məlumatına görə, Teymur Abdullayev raportda müdafiə naziri, general-polkovnik Zakir Həsənovdan Silahlı Qüvvələrdən tərxis olunmasını xahiş edib.
“Mən ehtiyatdan həqiqi hərbi xidmətə çağırılmışdım və kadr heyətinə keçməmişdim. Bundan əvvəl də ehtiyata buraxılmaq istəyim var idi. Bu dəfə isə raport yazmağı qətiləşdirdim və ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq maddəsinə uyğun olaraq tərxis olunmağımı xahiş etdim. Cənab nazir də bunu anlayışla qarşıladı və bu gün mənim ehtiyata buraxılmağım barədə əmr verdi”,- deyə Teymur Abdullayev bildirib.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov mətbuata açıqlamasında bildirib ki, nazirliyin mətbuat xidmətinə yeni təyinat olub: “Müdafiə Nazirliyinin mətbuat xidmətinə yeni təyinat var. Mətbuatla əlaqə yaratmaq bir zabitə tapşırılıb. Kənardan gətirilən adam deyil, nazirliyin ”mətbəx”ində olan adamdı. Ancaq onun adını açıqlamaq istəmirəm”.
Müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov da ordu sıralarından tərxis olunmaq üçün raport yazıb. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Nazir müavininin raportu ötən həftə yazdığı bildirilir.
Raportla bağlı müvafiq qərarın yaxın vaxtlarda qəbulu gözlənilir.
Dünən o da məlum oldu ki, Zakir Həsənovun əmri ilə general-mayor Heydər Piriyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) rəisi təyin olunub. Buna qədər AAHM rəisi vəzifəsini məktəb rəisinin müavini, polkovnik Mirzəli Yusifov icra edib.
M.Yusifov məktəbin rəis müavini vəzifəsində qaldığını bildirib: “Indiyədək rəis vəzifəsini icra edirdim”.
Buna qədər H.Priyev Naxçıvan 5-ci ordu birləşməsinin qərargah rəisi idi. Nazirin başqa bir əmri ilə Bakıda yerləşən “N” saylı hərbi hissənin komandiri, polkovnik Hikmət Həsənov Naxçıvan 5-ci ordu birləşməsinin qərargah rəisi vəzifəsinə təyinat alıb.
Müdafiə Nazirliyinin yeni təyin edilən idarə rəisi, general-mayor Aleksandr Vasyak mətbuata açıqlamasında keçmiş müdafiə naziri Səfər Əbiyevi sərt şəkildə ittiham edib.
O, Səfər Əbiyevi ordu sistemini özünə uyğun şəkildə qurmaqda və məsul vəzifələrə ona sərfəli və sadiq adamları təyin edirək professional zabitləri ordudan tərxis etməkdə günahlandırıb.
“Əbiyev Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovla da belə davranmışdı. Bütün bunlar Silahlı Qüvvələrə təsirsiz ötüşə bilməzdi. Komandir heyətində korrupsiyadan, mənfəətpərəstlikdən tutmuş qeyri-professionallıq, gözdən pərdə asmaq, sui-istifadə, qeyri-nizamnamə davranışları kimi hallar son nəticədə ordunun döyüş hazırlığının və döyüş qabiliyyətinin aşağı düşməsinə səbəb olub”- deyə A.Vasyak bildirib.
Üzeyir Cəfərov “Azadlıq”a açıqlamasında bildirdi ki, ən azı bir ay yeni nazirin fəaliyyətinə baxmaq lazımdır: “Bu təyinatlardan belə nəticəyə gəlmək olar ki, ən azı bir-iki ay Müdafiə Naziriliyində kadr təyinatları islahatları həyata keçiriləcək. Mən şəxsən tələsməzdim. Ən azı noyabrın 22-nə qədər yeni nazirin fəaliyyətinə baxmaq lazımdır. Baxmaq lazımdır ki, bir ay ərzində hansı uğurlu təyinatlar, hansı problemlər var. Məni ən çox narahat edən onun birinci müavini, baş qərargah rəisi Nəcməddin Sadıqov və onun köməkçisi, polkovnik Elxan Məcidovun nazirlikdə qısasçılıq əməliyyatı həyata keçirmələridir. Qisasçılıq əməliyyatı da ondan ibarətdir ki, kimsə Səfər Əbiyevin yanında işləyib, kimsə Səfər Əbiyevə salam verib deyə bu adamları vəzifədən uzaqlaşdırıblar. Ən dəhşətlisi isə odur ki, Azərbaycan dilini bilməyən zabitlərə hörmətlə və ehtiramla yanaşmayanlar vəzifəyə çəkilir. Nazirlikdə idarə rəhbərliyinə general-mayor Aleksandr Vasyak gətirilir. Müdafiə nazirinə sual verirəm. Nəcməddin Sadıqov Azərbaycan dilini bilmir. Bəs, bu Aleksandr Vasyak hansı dildə danışacaq? Zabitlərin əksəriyyəti rus dilində zəif bilirlər, yaxud da çoxları bilmir. Bu, narahatlıq doğurur. Belə davam etsə, ölkə başçısına müraciətlər edəcəyik. Ordu quruculuğu məsələsidirsə, bu, Nəcməddin Sadıqovun ordusu deyil, Azərbaycan ordusudur. Istəyirəm ki, bu təyinatlar Silahlı Qüvvələrin xeyrinə işləsin. Bu gün tamam başqa tendensiyanın şahidi oluram. Bu da məni çox narahat edir”.
Üzeyir Cəfərov Müdafiə Nazirliyinin yeni komandasında yer almaq üçün ona edilən təklif barəsində artıq qərarını verdiyini bildirdi: “Qərarımı vermişəm. Hələ ki gözləmə mövqeyindəyəm. Gözləyirəm görüm getməyə dəyər, yoxsa yox. Belə davam edərsə, açığını deyim, getməyin həvəsində deyiləm. Nəcməddin Sadıqovun özbaşınalıqlarına dözmək fikrim yoxdur. Əslinə qalsa, mənim üçün Nəcməddin Sadıqov adlı problem yoxdur. Mən Müdafiə Nazirliyinin mərkəzi aparatında çalışarkən özündən razı, həddindən artıq kobud generalın dəfələrlə cavabın vermişəm. Bu gündə istər vəzifədə olum, istərsə də yox, cavabını verməyə hazıram. Hesab edirəm ki, nə qədər Nəcməddin Sadıqov kimi Azərbaycan ordusuna yuxarıdan aşağı baxan, zabitlərinə hörmətsiz yanaşan generallar var, o orduya qayıtmaqda maraqlı deyiləm”.
Ramin DEKO


