“Həbsxanada çürüdülən insan kapitalı”

«Həbsxanalarda olmalı həqiqi cinayətkarlar indi böyük mənsəb sahibləridir»

Bu il həyata keçirilmiş siyasi motivli həbslərlə bağlı məhkəmə proseslərinə start verilib. Dünən Şəki Ağır Cinayətlər Məhkəməsində REAL hərəkatının sədri Ilqar Məmmədov, Müsavat başqanının müavini Tofiq Yaqublu, eləcə də İsmayıllı hadisələrinə görə həbs olunmuş daha 16 nəfər yerli sakinin işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün isə Bakı Ağır Cinayətlər Məhkəməsində NIDA-çı gənclərin məhkəməsi başlayır.

Bu ərəfədə AXCP sədri Əli Kərimli hazırda həbsdə olan ictimai nüfuz sahibləri barədə fikirlərini bölüşüb. AXCP sədri rəsmi özünün “facebook” səhifəsində yazır:

***

Həbsxanalarda çürüyən insan kapitalından yazmaq istəyirəm. Nə qədər böyük ədalətsizlik! Görün indi Azərbaycan həbsxanalarında kimlər yatır?

– Ölkənin yüksək təhsilli, gənc və perspektivli siyasətçisi, REAL Hərəkatının sədri Ilqar Məmmədov;

– Ailəsi ilə birlikdə az qala, mərdlik simvoluna çevrilmiş, Musavat başqanının müavini Tofiq Yaqublu;

– Ilham Əliyevin cəsarətli tənqidçisi, minlərlə insanın qəlbindən qorxunu, xofu şəxsi nümunəsi ilə qovmuş ictimai xadim, Azərbaycanın tanınmış hüquqşünası Qurban Məmmədov;

– Gənc və parlaq din xadimimiz, Şərlə mübarizənin gerçək nümunəsini yaradan, demokratik düşərgə ilə dini kəsim arasında süni baryerləri söküb-dağıdan Hacı Tale Bağırzadə;

– Inanclı kəsimin böyük bir hissəsinin özünə lider seçdiyi, Islam Partiyasının sədri Mövsüm Səmədov;

– Həbsxanada belə, şərlə mübarizəsini dayandırmamış nüfuzlu din xadimimiz Hacı Abgül Süleymanov;

– Müsavat başqanının müşaviri, müxalifətin parlaq simalarından olan Yadigar Sadıqlı;

– Öz liderinə şər atıb böhtan deməkdənsə, həbs olunmağı seçmiş, AXCP Ali Məclisinin üzvü, jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli;

– Hüquq müdafiəçisi, alim, “Talışın səsi” qəzetinin baş redaktoru Hilal Məmmədov;

– Savadlı və cəsarətli jurnalist, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı;

– Sonrakı illərdəki bütün səhvlərinə rəğmən, hamımızın fəxr etdiyi Meydan hərəkatının əsas lideri olmuş Nemət Pənahlı;

– Xarici şirkətdə yüksək maaşlı işi, şəxsi rahatlığı ilə kifayətlənməyib, millətinin azadlıq mübarizəsinə qoşulmuş, xaricdə yüksək təhsil almış gənc, NIDA hərəkatının fəalı Rəşadət Axundov;

– Ağır xəstə olmasına baxmayaraq, həbsxanadan belə, mübarizənin ön sıralarına can atan, savadlı, gənc hüquqşünas, NIDA hərəkatının fəalı Zaur Qurbanlı;

– 100 minləri riqqətə gətirmiş “Əsgər ölümlərinə son!” aksiyalarının əsas təşkilatçısı və qurbanı, istedadlı gənc, “Azad Gənclik” təşkilatının fəalı Ilkin Rüstəmzadə;

– Xaricdə aldığı yüksək təhsilini başa vuran kimi mübarizənin ön cərgəsinə atılmış NIDA-çı fəal Rəşad Həsənov;

– Ölkə gəncliyinin parlaq simalarından biri, gənc hüquqşünas, NIDA hərəkatının fəalı Üzeyir Məmmədli;

– “AXCP-ni tərk et!” tələbinə kəskin cavab verib, həbs olunmağı seçən mübariz gənc, AXCP Gənclər Komitəsinin fəalı Rahib Hacıyev…

Daha neçə nəfər mötəbər din xadimimiz, cəbhəçi və NIDA-çı gəncimiz, istedadlı jurnalistimiz, hüquq müdafiəçimiz, Ismayıllı, Binə hadisələri ilə bağlı cəsarətli vətəndaşımız həbsxanalardadır.

Həbsxanalarda olmalı həqiqi cinayətkarlar isə indi böyük mənsəb sahibləridir. Büdcəni, xalqın malını talan edənlər, seçkiləri saxtalaşdıranlar, mandat alveri edənlər, adam oğurluğu ilə məşğul olanlar isə deputat, icra başçısı, general, holdinq rəhbəri, nazirdirlər.

Bu baş verənlər təkcə ədalətsizlik deyil, həm də dövlətin sarsıdılmasıdır. Bilirsiniz dövlət hakimiyyəti nə zaman sarsılır? Bəli, təqsirsiz adamlar nahaqdan həbs ediləndə, cinayətkarlar isə cəzasız qalanda dövlət hakimiyyəti sarsılır.