Ax, nə gözəl olardı, bu Ay danışsaydı!..
Əbdürrəhim bəy Haqverdiyev
Yazının adı mənə məxsus deyil. Ustad Əbdürrəhim bəy Haqverdiyevin şedevr hekayələrindən biri məhz belə adlanır. Oxumayanlara məsləhətimdir: mütləq tapıb oxumalısınız.
Mənsə həmin hekayəni dünən ayrı-ayrı internet saytlarındakı bəzi xəbər başlıqlarını görəndə xatırladım: “Qurban Məmmədovun məhkəməsi təxzirə salındı”; “NIDA-çıların məhkəməsi başlayır”; “Ilqar Məmmədovla Tofiq Yaqublunun məhkəməsi başladı”; “Gültəkin Hacıbəyliyə qarşı məhkəmə işində şok işgəncə detalları”.
Qısacası, təkcə bir gündə dörd siyasi sifarişli məhkəmə xəbəri. Azərbaycanın 21-ci əsrdə nə qədər çağdışı, nə qədər qeyri-demokratik, basqıçı bir ölşkə libasına büründürüldüyünün acı mənzərəsi!
Şərlənərək, qondarma ittihamlarla dəmir barmaqlıqlar ardına atılan dostlarımızın “şahid” adı ilə üzünə kimlərin durduğunu-durdurulduğunu görüncə Haqverdiyevin “Ayın şahidliyi” hekayəsini xatırlamamaq mümkündürmü?
Oxuyanlar bilir. Oxumayanlar üçünsə ipucu verim. Əbdürrəhim bəyin hekayəsinin qəhrəmanı arzulayır ki, kaş, göydəki Ayın dili olaydı və indiyədək gördüyü hər pisliyi, haqsızlığı danışaydı. Necə ki, öz işığı ilə gecəni aydınladır, eləcə də qaranlıq işlərə işıq saçaydı, insanları olub-bitən hər işdən hali edəydi, onlara əsl həqiqəti söyləyədi.
Və bir gecə Ay onun yuxusuna gəlir, dil açıb belə deyir: “Doğrudur, mən dünyanın xilqətindən yerin ətrafına dolanıram. Mən Həzrət Adəmin Həvva ilə bərabər behiştdən ixrac olunmaqlarını görmüşəm, mən Həzrət Musanın Turda minacatlarını eşitmişəm, mən Həzrət Yusifin quyu dibində üstünə işıq salmışam və Həzrət Yəqubun gecələr naləsini və ”oğul vay” sədasını eşitmişəm. Mənim şəfəqim Misir fironlarının, Roma qeysərlərinin, Kəyaniyan və Sasaniyan şahənşahlarının, Bəni-Ümməyyə, Bəni-Əbbasiyyə xüləfasının qəsrlərinə, turan və türk xalqlarının qəsrlərinə düşübdür. Mən islamın tərəqqi və tənəzzülünün şahidi olmuşam… Amma indi bu millətin əhvalına nəzər etdikcə deyirəm ki, lal olub danışmamaq məsləhətdir. Mənim üzümdə siz bir qara görüb onu ləkə hesab edirsiniz. Xeyr, o, qara ləkə deyil, bəlkə, mənim ahımın tüstüsüdür ki, əqvami-islamiyyənin hər cəhətdən cəmi millətdən geri qalmağını görüb ciyərimdən çıxardıram!..”
Bəli, bu gün Azərbaycanda doğru deyən dillərin, həqiqəti yazan əllərin, düşünən başların kəsildiyini görüncə, qondarma ittihamlarla suçlandırıldığını, yalançı şahidlərin üzəduranlığı ilə cəzalandırıldığını görəndə adamın içindən keçir ki, keşkə Ayın dili olaydı, dostlarımızın məhkəmələrinə gedib əsl həqiqəti danışaydı, açıb sandığı tökəydi pambığı.
Amma bəlkə də Ay danışardı, amma görünür, elə hekayə qəhrəmanının yuxusuna gəlib dediyi kimi, bu ölkədə çoxluğun hələ də qorxularına yenik düşməsindən mütəəssirdir.
Hələ də “heç nə dəyişən deyil, belə gəlib belə də gedəcək” qəflətinə qapılanların…
“Ac qulağım, dinc qulağım”, “az aşım, ağrımaz bahım”, “mənə dəyməyən ilanı min yaşasın” düşüncəsində ilişib qalanların…
Bu ölkəyə aydınlıq, azadlıq gətirmək istəyən vicdanlı, ləyaqətli insanları meydanlarda tək buraxanların, hər fədakarlığı, hər əziyyəti onlardan gözləyib özləri hazıra nazir olmaq istəyənlərin varlığından məyusdur.
Ona görə də lal olub, danışmır, danışmaq istəmir Ay.
Amma hər kəs bilsin və əmin olsun ki, Ayın danışacağı, bu gün bu ölkədə yaşanan pisliklərə, hoqqalara şahidlik edəcəyi, bütün doğruları, gerçəkləri açıb tökəcəyi gün də çox uzaqda deyil.
Azərbaycanın qərq edildiyi qaranlıqlara işıq tutacağı gün mütləq gələcək.
Yalançı şahidlərlə, işverənlərlə azadlıq, ədalət, aydınlıq carçılarına uydurma, saxta mühakimə quranlar əsla və əsla unutmasın ki, Ay da bizim şahidimizdir.
O əvvəl-axır danışacaq.
Və sizin yalançı şahidlərinizi elə özünüzlə birgə ölkəni qərq etmək istədiyiniz qaranlığa göməcək. Mütləq göməcək!