İlqar Məmmədov və Tofiq Yaqublu dərhal azad edilməlidir

“Human Right Watch” təşkilatı İsmayıllı hadisələrionə görə mühakimə olunan İlqar Məmmədovla Tofiq Yaqublunun azadlığa buraxılmasını tələb edib. 
Təşkilatın bəyanatında deyilir ki, hakimiyyət ya İlqar Məmmədov və Tofiq Yaqubluya qarşı irəli sürülmüş ittihamları sübut etməli, ya da onları geri götürməlidir.
“Ötən il Azərbaycan hakimiyyəti rəqiblərini görünməmiş şəkildə susdurmağa başlayıb. İlqar Məmmədov və Tofiq Yaqublu bu fərqli düşüncənin boğulması kampaniyasının qurbanlarıdır”, – deyə təşkilatın Avropa və Asiya üzrə direktor müavini Reyçel Denber bildirib.
Son aylar onlarla siyasi fəal həbs edilib və saxta ittihamlarla mühakimə olunub. İ.Məmmədov və T.Yaqublu İsmayıllıda bir neçə saat vaxt keçirib, sakinlərlə söhbət edib. Bu, hakimiyyətə onları iğtişaşların təşkilində ittiham etmək üçün əsas verib.
“Məmmədovun və Yaqunlunun təqsirinin heç bir sübutu təqdim edilmədiyi üçün hər ikisi məhkəmə yekunlaşana qədər həbsdən azad edilməlidirlər”, deyə HRW-nin bəyanatında bildirilir.
Təşkilat hər iki təqsirləndirilən şəxsi vicdan məhbusu kimi tanıyıb (“Turan”).