Cəmil Həsənliyə Türkiyədə böyük diqqət hakimiyyəti qıcıqlandırıb
Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin Azərbaycanda “Şərəf” ordeni ilə təltif edilməsinin sirri barədə maraqlı məlumat əldə etmişik. Yada salaq ki, Ilham Əliyev noyabrın 1-də bir neçə gün əvvəl Azərbaycana səfər edən Süleyman Dəmirəlin “Şərəf” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
Redaksiyamıza daxil olan məlumata görə, Ilham Əliyevin bu addımı prezident seçkisində Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi olmuş Cəmil Həsənlinin Türk Tarix Qurumunun Fəxri Üzvü seçilməsinə cavabdır. Yada salaq ki, Cəmil Həsənlinin oktyabrın 30-da Türk Tarix Qurumunun Çırağan sarayında keçirilən rəsmi törənində iştirak edib. Həmin mərasimə Türkiyə baş nazirinin müavini Bülənt Arınç və başqa rəsmi şəxslər də qatılıb. Tədbirdə türk dünyasının seçilən alimlərinə, o cümlədən Cəmil Həsənliyə Fəxri Üzv mantiyası geyindirilib.
Xatırladaq ki, Cəmil Həsənliyə qədər Azərbaycandan yalnız iki alim – Ziya Bünyadov və Süleyman Əliyarlı Türk Tarix Qurumunun Fəxri Üzvü seçilib.
Məlumatlarda bildirilir ki, Türkiyədə Cəmil Həsənliyə böyük diqqət göstərilməsi Azərbaycan hakimiyyətini qıcıqlandırıb. Və Ilham Əliyev Türkiyənin indiki siyasi rəhbərliyi ilə konfliktdə olan Süleyman Dəmirələ “Şərəf” ordeni verməklə bir növ Ərdoğan hakimiyyətindən acıq çıxıb.
Xatırladaq ki, Süleyman Dəmirəl 2 il öncə Haqq və Bərabərlik Partiyasını dəstəkləyərək keçmiş hərbçi və siyasətçiləri bu təşkilata toplayıb Ərdoğana qarşı radikal müxalifət formalaşdırmaq istəyirdi. Bundan başqa o, Türkiyədə keçirilən ötən parlament seçkilərində Mehmet Haberal kimi tanınmış ictimai-siyasi xadimin CHP-nin siyahısından namizədliyini irəli sürməsinə nail olaraq AKP-ni zəiflətməyə xidmət etmişdi.


