«Sərdar Həmidov o vaxtlar mənə «böyük qardaş» deyirdi»
Sabiq müdafiə naziri Rəhim Qazıyevin Baş Qərargah rəisi Nəcməddin Sadıqov və yeni müdafiə naziri Zakir Həsənovun yeni təyinatları haqqında söylədiklərinə Tərtər rayon sabiq icra başçısı və Ərazi Müdafiə Batalyonunun komandiri Sərdar Həmidovdan cavab gəlib. Sərdar Həmidov “etatist.com” saytına açıqlamasında bildirib ki, Beydullayev Rəhim Qazıyevin məsləhəti ilə işləyib və onun işdən azad olunması Rəhim Qazıyevi yandırır:
“Nəcməddin Sadıqov Rəhimin haqsız tələblərinə yox dediyi üçün bugün bu qərəz ortaya çıxır. Yox dediyinə görə də Rəhim Qazıyev Nəcməddin Sadıqovun qanını içməyə hazır idi. Rəhim Qazıyevin kadr məsələlərinə Beydullayev baxırdı. Bu yaxınlarda yeni nazir Beydullayevi işdən çıxarmaqla Rəhim Qazıyevin yaralı yerinə toxunub. Beydullayevin işdən getməsi, Müdafiə Nazirliyinin Rəhim Qazıyevdən canının qurtarması deməkdir. Bu günə qədər olan nazirlərin hamısının vaxtında Rəhim Qazıyevin barmağı nazirlikdə olub. Rəhim Qazıyevin hər bir sözü, orda keçib. Biz Rəhim Qazıyev kimi adamlarla müharibəni uda bilməzdik. Rəhim Qazıyev prezident olmaq istəyirdi” – deyə Sərdar Həmidov bildirib.
Rəhim Qazıyev haqqında deyilənlərə münasibətində bildirdi ki, Sərdar Həmidovun dedikləri cəfəngiyyatdır və qocaldıqca ağlı azalmağa başlayır: “Əvvəla onu deyim ki, Nəcməddin Sadıqovun korpus komandiri olduğu dövrdə bir neçə rayon işğal olunub və bu onun qeyri-peşəkarlığının nəticəsi idi. Ikinci tərəfdən isə, bu illər ərzində orduda olan korrupsiyaya, əsgər ölümlərinə, cinayətlərə Səfər Əbiyevlə yanaşı Nəcməddin Sadıqov da şərikdir və bu neqativ hallar onun məsuliyyətindədir”.
Sərdar Həmidova gəlincə deyə bilərəm ki, bu adam bir vaxtlar mənə “böyük qardaş” deyirdi. Indi mənim haqqımda belə danışmasının da səbəbi var. Bir dəfə Sərdar Həmidov 2 vedrə bal götürüb nazirliyə gəlmişdi. Istəyirdi ki, ona milli qəhrəman adı və Müdafiə Nazirliyinin hesabına 3 otaqlı ev verilsin. Mən də bundan imtina etdim. Sərdar Həmidov deyir ki, mən Nəcməddin Sadıqovdan qanunsuz tələblər etmişəm. Görünür icra başçısı nazirliyin işini məndən yaxşı bilirmiş. Əgər Sərdar yaxşı kişidirsə, mənim qanunsuz tələblərimin nədən ibarət olduğunu faktla sübut etsin. Beydullayevə gəlincə, mənim bu adamla şəxsi tanışlığım yoxdur. Tanımadığım adam necə mənim tapşırıqlarımı yerinə yetirə bilər? Ümumiyyətlə Sərdar Həmidovun bu müsahibədə dedikləri normal adamın fikirləri deyil. Atalar yaxşı deyib ki, Allah adamın ağlını alınca, canın alsın.


