İlham Əliyev Türkiyəyə gedəcəkmi?

İki ölkə arasında viza rejiminin aradan qaldırılması hələ də problem olaraq qalır

 

Elxan Şahinoğlu: «Bütün hallarda Ilham Əliyev bu ilin sonuna qədər Türkiyəyə səfər etmək məcburiyyətindədir»

Prezident seçkisindən sonra Ilham Əliyevin ilk rəsmi səfərini Türkiyəyə edəcəyi deyilsə də, bu səfər baş tutmaya, yaxud ləngiyə bilər. Buna səbəb isə Türkiyə ilə Azərbaycan arasında viza rejiminin aradan qaldırılması məsələsidir. Bir neçə gün əvvəl Azərbaycanın Türkiyədəki səfiri bu istiqamətdə prosesin yekunlaşmaq üzrə olduğunu desə də, görünür, rəsmi Bakı bu addımı atmağa tələsmir. 

Bunun da bir neçə səbəbi ola bilər. Əvvəla, hakimiyyət nümayəndələri Irandan çəkindiklərini gizlətmirdilər və Türkiyə ilə viza rejimi ləğv olunacağı təqdirdə Iranın da Azərbaycandan bu addımı atmağı tələb edəcəyini dəfələrlə açıq şəkildə dilə gətiriblər. Digər tərəfdən, Vilnüsdə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Avropa Birliyi(AB) ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanacağı gözlənilir. Bu da Rusiyanın narazılığı ilə qarşılanır. Bu saziş imzalanacağı təqdirdə Moskva Azərbaycana qarşı növbəti təzyiqlərə əl ata bilər. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da Rusiya ilə viza rejiminin tətbiqini mümkün hesab edib. Bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi Türkiyə ilə viza rejimini ləğv etməyin bir günün işi olmadığını desə də, P.Bülbüloğlu Rusiya ilə viza rejiminin tətbiqinin çətin iş olmadığını deyib. Bu da onu deməyə əsas verir ki, viza rejiminin ləğvi, yaxud tətbiqi üçün uzun müddət hazırlığa ehtiyac yoxdur. 

Görünür, AB ilə viza rejiminin sadələşdirilməsi haqqında sazişi imzalamağa hazırlaşan Azərbaycan Rusiya ilə münasibətlərin bir qədər də korlanacağını nəzərə alaraq eyni zamanda Iranla da oxşar məsələyə görə gərginlik yaratmaq istəmir. Ancaq Türkiyə tərəfi viza rejiminin aradan qaldırılmasında israr edir. Məhz bu səbəbdən Əliyevin qardaş ölkəyə səfəri ləngiyə bilər. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu səfərin baş tutmayacağını söyləməyin çətin olduğunu deyir. Bu səfər gələn ay baş tuta bilər. Çünki Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti toplantısı Türkiyədə keçirilməlidir. Deməli, bütün hallarda Ilham Əliyev bu ilin sonuna qədər Türkiyəyə səfər etmək məcburiyyətindədir. Amma viza məsələsinə gəldikdə, məsələ həmin səfər zamanı həll olunmaya bilər. Ancaq istənilən halda Azərbaycan prezidenti bu məsələləri çox uzada da bilməyəcək: “Bir qədər əvvəl Azərbaycanın Türkiyədəki səfiri viza məsələsinin həll olunacağı ilə bağlı açıqlamanı özbaşına verməyib. Görünür, bu məsələnin həlli istiqamətində hansısa proses gedir”.

Ekspertin sözlərinə görə, Türkiyə ilə viza rejimininin aradan qaldırılmasında Iran amili o qədər önəmli rol oynamır. Çünki Iranda hakimiyyət dəyişikliyi baş verib və bu ölkənin xarici siyasətində dəyişikliklər nəzərə çarpmır. Digər tərəfdən, Türkiyə son vaxtlar Azərbaycanı daha çox müdafiə edir. həmçinin Əliyevi ilk təbrik edənlər arasında Türkiyə rəhbərliyi də var idi. Bütün bunlar onu deməyə əsas verir ki, Ilham Əliyev də Türkiyəyə yönəlik jest etməlidir. Əgər Əliyevin növbəti səfəri zamanı viza məsələsi həll olunmasa, növbəti aylarda Azərbaycan hakimiyyəti bu məsələyə qayıtmaq məcburiyyətində qalacaq. 

Fizzə